Məhkəmə qərarları › İş №e-2(5-138)-110/2026

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-138)-110/2026

11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(5-138)-110/2026 11.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehdən nağd pulla aldığı **-DQ-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3 SX minik” markalı avtomobil üçün alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun iddia ərizəsi alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və mülkiyyət hüququnun tanınmasına yönəlməklə qiymətləndirilməyən iddia növünə aid olduğundan, həmin ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir (ödənişin tarixi: 10 mart 2026-cı il; qəbz nömrəsi: **********). MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar