Məhkəmə qərarları › İş №e-2(5-150)-164/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-164/2026

16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-164/2026 16.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı Məhəmmədin müalicəsinə çəkilən xərclərə cəlb edilərək Cavabdeh hər ay 200 (iki yüz) manat pulun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 16 mart 2017-ci ildə rəsmi nikah münasibətinə girərək evlənmişlər. Cavabdeh ilə birgə nikahlarından 15 may 2017-ci ildə Kənan adlı övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə aramızda bağlanmış nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş Kənan adlı oğlunun onun yanında qalması müəyyən edilmiş və övladı Kənanın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 120 manat aliment tutululub onun xeyrinə verilməsi qət edilmişdir. Əvvəllər alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Son olaraq, Saatlı Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(055)-145/2025 nömrəli qərardadı ilə, Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(055)-1178/2022 saylı qətnaməsinə əsasən bir uşaq üçün müəyyən olunmuş 150 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunmuşdur. Qeyd edir ki, övladı Kənanın adını dəyişdirib, Məhəmməd qoymuşdur. Bu barədə Saatlı rayonu İcra Hakimiyyəti Başçısının 24 may 2023-cü il tarixli, 66 nömrəli Sərəncamının surətini iddia ərizəsinə əlavə etmişdir. Övladı Məhəmməd “Tubulopatiya”, “Fosfor mübadiləsinin pozğunluğu”, “Psixoloji inkişafın ümumi pozğunluğu”, “Aktiv raxit”, “D vitamininə rezistent raxit”, “Kifoz və lordozinkişaf mərhələlərinin ləngiməsi”, “Daban-valqus əyripəncəlik” və “Daban-valqus əyripəncəlik” xəstəliklərindən əziyyət çəkir. Övladı Məhəmməd, sağlamlıq funksiyasını 70% (yetmiş faiz) itirib və o, ikinci dərəcəli əlildir. Övladı Məhəmmədin qəbul etdiyi tək bir dərmanın, bir gün üçün qiyməti 30 manatdır. Hər ay üçün övladı Məhəmmədin mülicə və müayinəsi üçün 2000 manatdan çox vəsait xərcləyir. Yuxarıda qeyd etdiyi səbəblərdən, Cavabdeh qarşı, övladının müalicəsinə çəkilən xərclərə cəlb edilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyətində qalmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, hər ay iddiaçıya 200 manat aliment ödəyir. O, ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin nikahdan da 2 övladı var. Maddi imkanı çətindir ona görə də iddanın rədd olunmasını xahiş edir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsinin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli 2(055)-1322/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 15 may 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 15 may 2017-ci ildə anadan olmuş X3 müalicəsinə çəkilən xərclərə cəlb olunaraq iki il müddətində hər ay 20 (iyirmi) manat sabit pul məbləği cavabdehdən alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(106)- 461/2023 saylı qətnaməsinin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsini aliment məbləğinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 15 may 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası – cavabdeh X2 hər ay 180 manat sabit pul məbləğində aliment tutulub anası – İddiaçı xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılması, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Saatlı rayonu İcra Hakimiyyəti Başçısının 24 may 2023-cü il tarixli, 66 nömrəli Sərəncamının surətindən görünür ki, 15 may 2017-ci il təvəllüdlü X3 adı dəyişdirilərək Məhəmməd müəyyən olunmuşdur. İşdə olan arayışın surətindən görünür ki, X4 15 may 2017-ci ildə anadan olmuşdur. Həmin uşağın atası X7, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi arayışdan görünür ki, X4 ikinci dərəcəli əlildir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına görə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İş materiallarından görünür ki, X5 “Tubulopatiya. Fosfor mübadiləsinin pozğunluğu. Psixoloji inkişafın ümumi pozğunluğu. Aktiv raxit, D vitamininə rezistent raxit. Kifoz və lordozinkişaf mərhələlərinin ləngiməsi” dianozu qoyulmuş və azyaşlı sağlamlıq imkanları məhdud uşaqdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 15 may 2017-ci ildə anadan olmuş X1 müalicəsinə çəkilən xərclərə cəlb olunaraq iki il müddətində hər ay 40 (qırx) manat sabit pul məbləği cavabdehdən alınıb İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 may 2017-ci ildə anadan olmuş X1 müalicəsinə çəkilən xərclərə cəlb olunaraq iki il müddətində hər ay 40 (qırx) manat sabit pul məbləği cavabdehdən alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 (bir yüz) manat tutulub iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar