Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-324/2026 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək Şirvan 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci ildə Cavabdeh ilə İddiaçı Xalid qızı arasında bağlanmış barışıq sazişini 1.4cü maddəsində övladlarının anasının himayəsində qaldıqları müddətdə, yetkinlik yaşına çatanadək ataları Cavabdeh uşaqların saxlanılması üçün aliment tələbindən imtina edilməsi hissəsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il təvəllüdlü Tunarın və xx.xx.2017-ci il təvəllüdlü Nurun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat, cəmi 600 altı yüz manat alimentin alınıb İddiaçı Xalid qızına verilməsi və nümayəndə (vəkil) olaraq ödəndiyi 100 (bir yüz) manat rüsumun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə, iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə ilk növbədəv qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində Şirvan 1 saylı Mediasiya Təşkilatı və Cavabdeh göstrərilsə də, “Elektron məhkəmə” informasiya sistemində cavabdeh qismində yalnız Cavabdeh qeyd edilmişdir. MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 1.0.7-ci barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Göründüyü kimi barışıq sazişi ikitərəfli (çoxtərəfli) müqavilə olduğundan məhkəmə qeyd edir ki, həmin müqavilənin şərtlərinin etibarsızlığı tələbi üzrə tərəf qismində müqavilə tərəfləri çıxış edə bilər. Bu baxımdan hazırkı tələbi üzrə cavabdeh qismində Şirvan 1 saylı Mediasiya Təşkilatı qeyd olunsa da, məhkəmə hesab edir ki, sözügedən tələb üzrə cavabdeh qismində yalnız müqavilə üzrə tərəf olan Cavabdeh çıxış edə bilər. İddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı və cavabdeh Əliyev X1 rayonu Yenikənd kəndində qeydiyyatdadır. Qeyd edilməlidir ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Sözügedən mübahisə üzrə müstəsna və ya müqavilə aidiyyatı müəyyən edilməmişdir. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Odur ki, hazırki halda iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına görə Şirvan şəhər Məhkəməsində baxılmalı olması müəyyən edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment ” tələbinə dair iddia ərizəsi MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədiyindən, həmçinin sözügedən mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi qanundan irəli gələn və davamlı xarakter daşıyan öhdəlikdir. Bu səbəbədən aliment tələbi müddətlə məhdudlaşmır və iddiaçı istənilən vaxt məhkəməyə müraciət edə bilər. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat 60 (altmış) qəpik məbləğdə pul vəsaiti İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 152, 263-264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. xx.xx.2026-cı il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(5-160)-324/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-324/2026
04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver