Məhkəmə qərarları › İş №e-2(5-86)-39/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-86)-39/2026

04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(5-86)-39/2026 04.03.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh inzibati xəta haqqında protokollora görə İddiaçı MMC tərəfindən ödənilmiş 90 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış 29 iyun 2024-cü il tarixli AZL-3338 saylı "Daxili lizinq" müqaviləsinə əsasən X1 ilə "Chevrolet Cobalt LTZ" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil 25850 manat məbləğinə “Azərmaş Lizinq" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq" müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 19% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu "xxxx" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti olan "Chevrolet Cobalt LTZ" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmiş və barəsində EQ30691741 saylı protokol tərtib edilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə 90 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 iyun 2024-cü il tarixli AZL-3338 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2024-cü il buraxışılı, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9RA112917 ban nömrəli, ağ rəngli avtomobil 25850 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. BB seriyalı 595833 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9RA112917 ban nömrəli, ağ rəngli avtomobilin sahibi "xxxx" MMC-dir. İddiaçı MMC tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli, POA00005453 nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZL-3338 saylı “Daxili Lizinq” müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB 595833 seriyalı, 2024 il buraxışılı, XWBJA69V9RA112917 ban nömrəli, mühərrik nömrəsi B15D2 13240862AUZX0118, ağ rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə səlahiyyətli olması barədə Cavabdeh etibarnamə verilmişdir. Elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh AR X7 İdarəsi tərəfindən EQ 30691741 nömrəli protokola görə 90 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Ödəniş qəbzindən görünür ki, ** YD *** nömrəli nəqliyyat vasitəsinə aid EQ30691741 nömrəli protokol üzrə 90 manat məbləğində cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli, 4739 saylı İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə İddiaçı MMC tərəfindən yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış 29 iyun 2024-cü il tarixli AZL-3338 saylı "Daxili lizinq" müqaviləsinə əsasən X1 ilə "Chevrolet Cobalt LTZ" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil 25850 manat məbləğinə “Azərmaş Lizinq" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq obyekti olan "Chevrolet Cobalt LTZ" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmiş və barəsində EQ30691741 saylı protokol tərtib edilmişdir. “Azərmaş Lizinq" MMC tərəfindən həmin cəriməyə görə 90 manat məbləğində ödəniş edilmiş, cavabdehdən həmin pulun ödənilməsi tələb edilmiş, lakin cavabdeh ödəməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o, müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, Cavabdeh AR X7 İdarəsi tərəfindən EQ30691741 nömrəli protokol əsasında 90 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı MMC lizinq obyekti olan avtomobillə bağlı cavabdehin yol verdiyi inzibati hüquq pozuntusuna görə tətbiq edilmiş 90 manat məbləğində cəriməni ödəmək məcburiyyətində qalmışdır. Hansı ki, həmin cərimənin məhz Cavabdeh yol verdiyi inzibati hüquq pozuntusu ilə bağlı yaranması işin mübahisəsiz halıdır. Belə ki, inzibati hüquq pozuntusuna görə cavabdehin məsuliyyəti fərdi xarakter daşıdığına görə həmin pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsinin təmin edilməsi cavabdehi zəruri olan xərclərdən azad etməklə (müvafiq xərclərə qənaət etməklə) sonuncunun öz əmlak mənafeyini iddiaçının əmlakı hesabına təmin etməsi təsdiqini tapır. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də Cavabdeh əsassız olaraq varlanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 90 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 90 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 120 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X2 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar