Məhkəmə qərarları › İş №e-2(5-94)-299/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-299/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-299/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İrish pub” restoranında sifariş etdiyi yemək və digər qida məhsullarına görə ödəməli olduğu hesabın, yəni 470,80 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəməyə dövlət rüsümu olaraq ödədiyi 30 manat məbləğində pul vəsaitinin, cəmi 500,80 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi əsasında baş direktor X1 (işəgötürən) müavini vəzifəsində çalışır. Əliyar Qasımova məxsus restoranlarından birində müştəri tərəfindən hesab ödənilməmiş və nəticədə restorana maddi zərər dəymişdir. Belə ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə “İrish pub” restoranına müştəri qismində gəlmiş və orada yemək və digər qidalardan sifariş verərək bir neçə saat əyləşmişdir. Yekun hesab servis haqqı daxil olmaqla 470,80 manat təşkil etmişdir. Lakin ona sifariş № 19751 qəbz təqdim edilsə də, hesabın ödənilməsindən yayınmış və pulunun olmadığını, qısa müddətdə hesabı ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, bugünədək cavabdeh 470,80 manat məbləğində olan hesabı restorana ödəməkdən boyun qaçırmışdır. Həmçinin artıq telefonlara da cavab vermir. xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubu cavabdehin ünvanına göndərilsə də, onun tərəfindən hər hansı formada cavab verilməmiş, öhdəliyin icrasından təkrarən yayınmışdır. Odur ki, hazırda Cavabdeh 470,80 manat məbləğində pul vəsaitinin tutularaq ona (iddiaçıya) ödənilməsinə zərurət vardır. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Qonaq qəbzindən görünür ki, qəbzə əsasən “Hollywood” restoranında 3 saylı masa üzrə xx.xx.2025-ci il tarixli, 19751 saylı sifarişin yekun ödəniş məbləği 470,80 manat təşkil etmişdir. xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 470,80 manatın ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: ...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. ... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş qəbzdən görünür ki, cavabdehdən ödənilməsi tələb edilən 470,8 manat vəsait cavabdehin restoranda yemək sifarişindən sonra yaranmış borcu ödəməməsi ilə bağlıdır. Pul tələbi məhz həmin sifarişin (xidmətin) qiymətinin cavabdeh tərəfindən ödənilməməsi nəticəsində restorana maddi ziyan vurulması ilə əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, xidmət göstərilməsi ilə bağlı müqavilə münasibətləri müştəri ilə restoran arasında yaranmışdır və vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna da ziyana məruz qalan şəxs özü, yəni, restoran xidməti göstərən fərdi sahibkar və ya hüquqi şəxs malikdir. İddiaçı isə iddia tələbini fərdi sahibkar və ya hüquqi şəxsin adından deyil, restoranda işləyən şəxs kimi öz adından qaldırmışdır. Belə olan halda, iddiaçının restorana vurulmuş ziyanı tələb etməyə subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar