Məhkəmə qərarları › İş №e-2(5-94)-405/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-405/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-405/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə, X1 iştiarkı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 1783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi alimentin ödənilməsinə dair hissədə ləğv edilməsi, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla birgə nikahdan dünyaya gəlmiş övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin 0.7 misli həddində indeksasiya edilərək tutulması və iddiaçının əmək haqqından tutulmuş (övladının onun himayəsində olduğu 8 ay üzrə) cəmi 1400 manat məbləğində alimentin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 1783/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikahın pozulması və birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2017-ci il təvəllüdlü X3 cavabdehin himayəsində saxlanılması qət edilmişdir. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladının Cavabdeh himayəsindən alınaraq iddiaçının himayəmə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, Xətai rayon məhkəməsinin 2(011)-7447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə övladı X5 iddiaçının himayəsinə verilmişdir. Övladı 2025-ci ilin may ayından iddiaçının himayəsindədir və bu müddət ərzində hər ay iddiaçıdan hazırki iş üzrə Cavabdeh xeyrinə aliment tutulmaqdadır. Cavabdeh nəinki övladı üçün aliment ödəmir, hətta iddaçının himayəsində saxlanılan övladı üçün ondan aliment almağa davam edir. Bu hal isə öz növbəsində övladını saxlamaq, onun ehtiyaclarını ödəmək üçün ona maddi cəhətdən çətinliklər yaratmaqdadır. Cavabdeh iddia ərizəsi və tələbin artırılmasına dair ərizəyə yazılı etiraz edərək, bildirmişdir ki, İddiaçı aliment tələbi ilə bağlı tələb irəli sürə bilməz. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-7447/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Həmin qətnamənin tamamilə ləğv edilməsi və İddiaçı “uşaq tələbi” ilə bağlı iddialarının rədd edilməsi xahiş etmişdir. Hazırda həmin işə Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə baxılır. Belə olan halda Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə baxılan mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki işə baxıla bilməz. Belə olan halda iddiaçının aliment tələbinin əsassız olması görünür. Belə bir iddianın qaldırlması uşağın maraqları, onun gələcək həyatı nəzərə alınmadan, məhz iddiaçının şəxsi maraqları baxımından irəli sürüldüyü açıq görünür. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Həmçinin qeyd edilmişdir ki, uşağın ananın yanında qalmasını istəyir. Uşağın ananın yanında qalmaq, ünsiyyətdə olmaq hüquqları vardır və bu uşağın psixi inkişafına müsbət təsir edər. Məhkəmə iclasında işirak etmiş iddiaçı, iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanıdırlmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cvabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında pedaqoqun iştirakı ilə dindirilmiş X5 2025-ci ilin yayından atası ilə yaşadığını, öz razılığı və istəyi ilə atasının yanına gəldiyini, bundan sonra da atasının yanında yaşamaq istədiyini və orada özünü yaxşı hiss etdiyini bildirmişdir. İş materiallarında olan: Xətai Rayon Məhkəməsinin 2(011)-1783/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində 541 saylı akt qeydi ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli nikah pozulması, xx.xx.2017-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması, uşağın saxlanılması üçün hər ay İddiaçı 175 manat məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-7447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir və mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması və uşağın saxlanılması üçün hər ay atadan 175 manat məbləğində alimentin tutularaq anaya verilməsi qət edilmişdir. Daha sonra ata uşağın faktiki olaraq onun yanında yaşamasını bildirərək, uşağın ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-7447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir və mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırda İddiaçı uşağın faktiki olaraq uzun müddətdir onunla yaşamasına əsaslanaraq, onun anaya ödəməli olduğu aliment öhdəliyinə xitam verilməsi, anadan aliment alınaraq ona ödənilməsi və uşağın faktiki olaraq onunla yaşadığı 8 ay müddətdə ödədiyi 1400 manat aliment məbləğinin geri qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, anadan atanın xeyrinə aliment tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, uşağın himayəsi və alimentlə bağlı münasibətlərin davam edən xarakter daşıdığı nəzərə alındığında, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İş materialları və məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan X3 bildirdikləri ilə təsdiq olunur ki, uşaq 2025-ci ilin yay aylarından, təxminən yarım ildən artıq müddətdir ki, faktiki olaraq atası ilə yaşayır. Uşaq hazırda da atası ilə yaşayır və bundan sonra da atası ilə yaşamaq istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın hansı valideynin himayəsində saxlanılması hazırki məhkəmə baxışının predmetini təşkil etmir və bu İddiaçı Cavabdeh qaşı qaldırdığı uşaq tələbinə dair qəbul edilmiş yekun məhkəmə qərarı ilə həll olunmalı məsələdir. Lakin, məhkəmə eyni zamanda bildirir ki, bir valideyndən digər valideynin xeyrinə tutulan aliment məhz uşağın mənafeyi üçün təyin edilir, alimentin təyinatı uşağın saxlanılması, onun faktiki xərclərinin və gündəlik tələbatlarının qarşılanmasıdır. Məhkəmə araşdırması zamanı uşağın uzun müddətdir faktiki olaraq atasının yanında yaşaması və uşağın saxlanması xərclərinin atası tərəfidən qarşılandığı təsdiq edilmişdir. Belə olan halda, uşağın yanında yaşadığı valideyndən digər valideynin xeyrinə aliment tutulmasının davam etməsi, alimentin təyinatına uyğun olmadığı kimi, uşağın mənafeyinə də ziddir. Əksinə, uşaq atanın yanında yaşadığından valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə və Ailə Məcəlləsinin tələblərinə uyğun alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün anadan atanın xeyrinə aliment tutulmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1783/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməli, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 260 manat aliment təyin edilməli, aliment məbləği onun indeksiyası məqsədi üçün minimum əmək haqqı məbləğinin 0,65 mislinə uyğun müəyyən edilməli, alimentin tutulması aliment tələbi ilə bağlı ərizənin məhkəməyə (mediasiya təşkilatına) daxil olduğu xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Belə ki, İddiaçı mediasiyaya müraciət edənədək aliment tələb etməsi ilə bağlı tədbirlər gördüyü iş materialları ilə sübut olunmadığından aliment mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. İddia tələbinin 1400 manat aliment məbləğinin geri qaytarılması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 109-cu maddəsində alimentin ödənilmiş məbləğinin hansı hallarda geri tələb oluna bilməsi qanunvericilikdə dəqiq sadalandığından və hazırki iş üzrə həmin hallar mövcud olmadığından, iddia həmin hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1783/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissədində qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar