Məhkəmə qərarları › İş №e-2(5-95)-762/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-762/2026

11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-762/2026 11.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “aliment alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “aliment alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. xx.xx.2025-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmasını və iddiaçıya ödənilməsi; 2. X2 üç yaşı tamam olanadək saxlanılması və ananın ehtiyacaları üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində vəsaitin tutulması və iddiaçıya ödənilməsi; 3. İlkin mediasiya mərhələsində iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə əsasən, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddia ərizəsindən göründüyü kimi mübahisə predmeti ailə (ər-arvad) münasibətlərinə əsaslanan “aiment alınması” tələbi ilə bağlıdır. Yuxarıda qeyd olunan hüquq normalarının tələbinə əsasən, aliment alınması barədə iddia tələbi ilə iddiaçı öz seçiminə görə ya cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə, ya da özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. İddia ərizəsində qeyd olunmuş və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Sabuçu rayonu, Maştağa qəsəbəsidir. Yəni cavabdeh Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə rəsmi qeydiyyatda deyil. Həmçinin iddia ərizəsində qeyd olunmuş və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı da rəsmi olaraq Şuşa rayonu, Turşsu qəsəbəsində qeydiyyatdadır. İddiaçı özünün yaşadığı ünvanı isə iddia ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi olaraq qeyd etmişdir (ancaq yaşayış yerini təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə edilməyib.) Yəni iddiaçının yaşayış yeri də Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmir. Qanunvericiliyə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.1, 45.1, 151.1, 152.1.3-cü maddələri.) Beləliklə, məhkəmə hesab edir ki, nə cavabdehin rəsmi qeydiyyat ünvanı, nə də iddiaçıın yaşayış yeri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyinə görə iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “aliment alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar