Məhkəmə qərarları › İş №e-2(5-96)-121/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-121/2026

04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-121/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və uşağın anadan olması ilə bağlı ödənilmiş sosial müavinətin verilməsi” tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment və uşağın anadan olması ilə bağlı ödənilmiş sosial müavinətin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, 60 manat mediasiya xərcinin və uşağın doğulması ilə bağlı 600 manat dövlət tərəfindən verilmiş birdəfəlik müavinətin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından, xx.xx.2025-ci il tarixdə Jasmin adlı övladı dünyaya gəlib, cavabdeh ailəyə lazımi qaydada maddi köməklik göstərmir, biganə yanaşır. Hətta, dövlət tərəfindən uşağın dünyaya gəlməsi ilə bağlı təyin edilmiş 600 manat məbləğində birdəfəlik müavinatı mənimsəyib, vermir. O, uşağı təkbaşına saxlamaq məcburiyyətindədir. Bu isə, onun üçün çox çətindir. Cavabdehin ailəsinə və uşağına bu formada biganəliyi yolverilməzdir. Belə ki, uşağın tələbatları günbəgün artır. Qanunun tələbinə müvafiq olaraq, mediasiya qurumuna müraciət etsə də, mübahisənin məhkəmədən kənar həlli yolu mümkün olmamışdır. Tərəflərin izahatı:

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh uşağın saxlanılması ilə bağlı xərclərdə iştirak etmir, uşağın doğulması ilə bağlı ödənilmiş 600 manat sosial müavinət də onun adına gəlsə də, cavabdeh onu da vermir. Dəfələrlə müvafiq qurumlara müraciət etmiş, həmin 600 manat məbləğin uşağın atasının aktiv əmək müqaviləsi olduğu üçün onun adına göndərildiyi bildirilmişdir. Həmçinin qeyd etdi ki, uşağa üç yaşına kimi qulluqla bağlı iddia tələbi üzrə qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilmiş, qətnamə ilə uşağa üç yaşına kimi qulluqla bağlı aylıq 100 manat məbləğində pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmuşdur. Bildirdi ki, cavabdehin əlavə gəliri də var, “dj” xidməti ilə də məşğuldur. Həmçinin alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulmasını xahiş etdi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh iddia ərizəsi ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, onun aylıq gəliri 1000-1100 manat təkil edir, lakin borcları var, ona görə əmək haqqından tutulmalar olur. Həmçinin uşağın doğulması ilə bağlı ödənilmiş 600 manat sosial müavinətin onun adına gəldiyini, bununla bağlı telefona bildiriş də gəldiyini, lakin həmin bildirişi sildiyini qeyd etdi. Onun uşağın atası olması ilə bağlı şübhələri olduğundan iddiaçıya DNK analizi verməyi xahiş etmişdir, lakin iddiaçı razılaşmır, əgər iddiaçı buna razı olsa, həmin 600 manatı da ona verər.

5. Məhkəmənin hazırlıq iclasında iştirak edən iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Həmçinin vəsatətlə çıxış edərək, cavabdehin uşağın atası olması ilə bağlı şüphələrinin olduğunu və odur ki, hazırkı iş üzrə genetik ekspertiza keçirilməsini xahiş etmiş, həmin ekspertiza ilə bağlı xərci də cavabdehin çəkəcəyini bildirmişdir. Sübutlar:

6. Mülki iş materiallarında olan 660500 nömrəli nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı nikahlarının bağlaması akt qeydləri kitabında xx.xx.2024-cü ildə 2369 nömrəsi ilə qeydə alınmışdır.

7. AZ-İV No 150879 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır.

8. İddiaçı hazırkı ərizə ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmə sorğusunun cavablandırılması haqqında xx.xx.2026-cı il tarixli məlumatında qeyd edilir ki, xx.xx.2025-ci il təvəllüdlü X1 anadan olmasına görə 600,00 manat (altı yüz) manat məbləğində müavinətin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənişi aktiv əmək müqaviləsi olduğundan uşağın atası Cavabdeh adına xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir.

10. “AZEMİS”-dən məlum olur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü, avtokar işləyir, əmək haqqı 984.0 manat təşkil edir.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(5-96)-121/2026 nömrəli, xx.xx.2026cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment və uşağın anadan olması ilə bağlı ödənilmiş sosial müavinətin verilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə genetik ekspertizanın təyin edilməsinə dair vəsatəti təmin olunmamışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6090/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 üç yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

15. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

18. 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;

23. 4.0.2. Birdəfəlik müavinətlər:

24. 4.0.2.2. uşağın anadan olmasına görə müavinət:

25. 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir.

26. 7.0.12. uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi” qaydası.

28. Bənd 4.1. Yeni doğulan (ölü doğulan uşaq istisna olmaqla), eləcə də övladlığa götürülmüş hər bir uşağa görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir.

29. 4.2. Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın qeydiyyatına dair EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur.

30. 4.3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət yeni doğulan uşağın anasına verilir. Ana sığortaolunan olmadıqda və ya müavinətin anaya verilməsi mümkün olmayan digər hallarda müavinət sığortaolunan ataya verilir.

31. 4.4. Uşağın valideynlərindən biri sığortaolunan olduqda bu müavinət məcburi dövlət sosial sığorta vəsaiti hesabına, əks halda isə dövlət büdcəsinin vəsaiti hesabına verilir.

32. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

34. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

35. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

36. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”

37. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.

38. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarı

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: 1.2.2. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

48. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur:

49. 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

50. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmənin mövqeyi:

51. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

52. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər hazırda nikahdadır, cavabdeh uşağın saxlanması ilə bağlı xərclərdə iştirak etmir, məhkəmənin iclasında cavabdeh bu halı uşağın atası olması ilə bağlı şübhələrinin mövcudluğu ilə izah etmiş, genetik ekspertiza keçirilməsi barədə vəsatət vermişdir.

53. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(5-96)-121/2026 nömrəli, xx.xx.2026cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə genetik ekspertizanın təyin edilməsinə dair vəsatəti təmin olunmamışdır.

54. Məhkəmə həmin qərardadda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hər bir iddianın əsası və predmeti onun fərdiləşdirilməsinə imkan verməklə yanaşı, həmin iş üzrə araşdırmanın dairəsini də müəyyən etməyə imkan verir. Hazırkı iddiasında iddiaçı cavabdehin uşağın saxlanmasında iştirak etmədiyini iddia edərək, hər ay 300 manat sabit pul məbləğində aliment, 60 manat mediasiya xərci və 600 manat dövlət tərəfindən verilmiş birdəfəlik müavinətin alınaraq ona ödənilməsini tələb edir. Cavabdehin təqdim etdiyi vəsatətlə həll edilməli məsələ hazırkı iddia tələbinə baxılması ilə bağlı məhkəmə araşdırmasının dairəsinə daxil olmadığından, eləcə də işin mahiyyəti üzrə həll edilməsi üçün əhəmiyyət kəsb etmədiyindən həmin vəsatət təmin edilməməlidir.

55. İddiaçı cavabdehdən uşaq üçün aylıq 300 manat sabit aliment tutulmasını həmçinin uşağın anadan olmasına görə ödənilmiş 600,00 manat (altı yüz) manat məbləğində müavinətin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

56. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

57. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur.

58. Məhkəmə baxış iclasında iddiaçının bildirməsi nəticəsində müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6090/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 üç yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Həmin qətnamə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

59. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu” ilə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

60. Məhkəmə iclasında cavabdeh aylıq 1000-1100 manat gəliri olduğunu, lakin borcu olduğu üçün əmək haqqından tutulmalar olmasını bildirmişdir.

61. Məhkəmə hazırkı işin hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı aliment məbləği ölkə üzrə uşaqların yaşayış minimumu həddində, yəni 260 manat sabit pul məbləğində müəyyən edilməlidir.

62. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

63. Odur ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı 260 manat sabit pul məbləğində tutulmuş aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (260/400=0,65) 0,65 misli həddində müəyyən edilməlidir.

64. İddiaçının digər tələbi uşağın anadan olması ilə bağlı dövlət tərəfindən 600 manat məbləğində təyin edilmiş müavinətin cavabdehdən onun xeyrinə tutulmasıdır.

65. Məhkəmə iclasında həmin məbləğin cavabdehin adına ödənilməsi müəyyən edilmişdir. Cavabdeh özü də məhkəmə iclasında bu faktı təsdiq edərək, ona bu barədə gələn SMS bildirişi telefondan sildiyini bildirmişdir. Həmin məbləği verməməsinin səbəbini də uşağın əsl atası olması barədə şübhələrinin mövcudluğu ilə izah etmişdir.

66. Məhkəmənin sorğusuna da cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2026-cı il tarixli məlumatında qeyd edilir ki, xx.xx.2025-ci il təvəllüdlü X1 anadan olmasına görə 600,00 manat (altı yüz) manat məbləğində müavinətin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənişi aktiv əmək müqaviləsi olduğundan uşağın atası Cavabdeh adına xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir.

67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi” qaydasının 4.3-cü bəndinə görə də uşağın anadan olmasına görə birdəfəlik müavinət yeni doğulan uşağın anasına verilir. Ana sığortaolunan olmadıqda və ya müavinətin anaya verilməsi mümkün olmayan digər hallarda müavinət sığortaolunan ataya verilir.

68. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, uşağın anadan olmasına görə 600,00 manat (altı yüz) manat məbləğində müavinətin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənişi aktiv əmək müqaviləsi olduğundan uşağın atası Cavabdeh adına xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir.

69. Hazırda cavabdeh uşağın saxlanmasında iştirak etmədiyindən, uşağa anası baxdığından yeni doğulmuş uşağın ehtiyacları üçün dövlət tərəfindən təyin edilən həmin müavinət cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

70. MPM-in 234.2.1-ci maddəsinə görə, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

71. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

72. Məhkəmə uşaqların mənafelərinin üstün tutulması baxımından hesab edir ki, uşağın anadan olmasına görə 600,00 (altı yüz) manat məbləğində müavinət yeni doğulmuş uşağın ehtiyacları üçün dövlət tərəfindən təyin edildiyindən və həmin məbləğin ödənişi uşağın atası, yəni cavabdehin adına xx.xx.2025-ci il tarixində həyata keçirilsə də, hələ də uşağın ehtiyaclarına sərf edilməsi üçün uşağa baxan anaya verilməməsi müəyyən edildiyindən, hazırkı qətnamə həmin müavinət hissədə də dərhal icra edilməlidir.

73. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

74. İddiaçı özü də alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulmasını bildirmişdir.

75. Məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi xx.xx.2026-cı il tarixdən başlayaraq hesablanmalıdır. Nəticə:

76. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2026-cı il tarixindən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalı və xx.xx.2025-ci il təvəllüdlü X1 anadan olmasına görə 600 (altı yüz) manat məbləğində ödənilmiş müavinət cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərci:

77. İddiaçı tərəfindən mediasiya xərci kimi 60 (50 manat rüsum, 10 manat kargüzarlıq xərci) manat ödənilmişdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə əsasən, hesab edir ki, iddia qismən təmin edildiyindən, mediasiyada ödənilmiş 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı aliment tələbi irəli sürdüyündən və rüsumdan azad olunduğundan, ödənilməli dövlət rüsumu 50 manat cavabdehdən alınaraq dövlət büdcəsinə tutulmalıdır.

78. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2026-cı il tarixindən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2025-ci il təvəllüdlü X1 anadan olmasına görə 600 (altı yüz) manat məbləğində xx.xx.2025-ci il tarixdə ödənilmiş müavinət Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiyaya müraciət zamanı ödənilmiş 60 (altmış) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, ödənilməli dövlət rüsumu 50 (əlli) manat Cavabdeh alınaraq dövlət büdcəsinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması və müavinətin tutulması hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar