Məhkəmə qərarları › İş №e-2(5-98)-109/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-109/2026

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-109/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər X1 Mərkəzinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 Mərkəzinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərinin, X1 Mərkəzində cərrahi əməliyyat zamanı Mərkəzin həkimi Niyazi Qaraquliyev tərəfindən dozadan artıq narkoz verilməsi səbəbindən ölməsinə görə ona mənəvi zərər vurulduğunu iddia edir və bu zərərin əvəzinin X1 Mərkəzi ilə yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən də tutulmalı olduğunu bildirir. Məhkəmə, iddia ərizəsinin sıravi vətəndaş olaraq iddiaçının özü tərəfindən deyil, vətəndaşa peşəkar hüquqi yardım göstərən 8 illik vəkillik fəaliyyəti ilə məşğul olan vəkil tərəfindən tərtib edilərək, onun işin mahiyyətinə və əsl cavabdehin kim olmasına bələd olduğunu (məhkəmə təcrübəsinə əsasən iddianın əsaslılığının əsl cavabdeh kimi məhz xəstəxanalara münasibətdə araşdırıldığını və onlara münasibətdə müvafiq qərarların qəbul edildiyini bildiyi (həyata keçirdiyi peşə fəaliyyətinə əsasən bilməli olduğu) halda), Səhiyyə Nazirliyini müştərək cavabdehliyə cəlb etməklə işin aidiyyətinin süni surətdə dəyişdirilərək işə Bakı məhkəməsində (vəkilin fəaliyyət göstərdiyi Büronun Bakı şəhərində yerləşməsi baxımından) baxılmasına nail olmaq niyyətinin olduğunu nəzərə alıb, iddia ərizəsinin geri qaytarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə bu qənaətə gələrkən analoji işlər üzrə də Respublikanın müxtəlif rayonlarında yerləşən xəstəxanaların iddiaya cavab verməli şəxs olmalarına baxmayaraq, vəkillər tərəfindən bu cür hallara kütləvi şəkildə yol verildiyini, analoji işlərdə iştirak edən Səhiyyə Nazirliyinin nümayəndəsinin də onların cavabdehliyinin nədən ibarət olmasının məlum olmadığını bildirərək, vəkillərin ərazi aidiyyətini bu qaydada dəyişdirməsi ilə bağlı mövqeyini açıq-aşkar bəyan etməsini nəzərə alır. Məhkəmə xüsusilə qeyd edir ki, bu hallara yol verilməsi aidiyyət qaydalarının pozulması ilə müşayiət olunmaqla, Bakı şəhərinin, hazırkı halda Nəsimi Rayon Məhkəməsinin icraatındakı iş yükünün süni surətdə artırılmasına gətirib çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə aidiyyəti üzrə Qazax Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2 Mərkəzinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hal aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar