Məhkəmə qərarları › İş №e-2(5-98)-123/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-123/2026

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-123/2026 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı həbsdə saxlanıldığı 1 il 1 ay 8 gün müddətə mütənasib olaraq, maddi zərərə görə 16900 manat pulun, mənəvi zərərə görə 35000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-6169/2025 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı əsas götürülərək mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlar əsasında İddiaçı yaşayış yerinin Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mkr. Yataqxana 2 olduğu müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunsuz olaraq həbsdə saxlanılmasına istinad edib ona maddi və mənəvi zərər vuruluğunu iddia edir və zərərin əvəzinin Maliyyə Nazirliyindən alınaraq xeyrinə tutulmasını xahiş edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolundan da görünür ki, işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair iddiaçının nümayəndəsi Nümayəndə fikri soruşulduqda, nümayəndə buna etiraz etmiş və MPM-in 36.7-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə iddia ərizəsinin düzgün verildiyini bildirmişdir. İddiaçının mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona verilmiş hüquqdan istifadə edərək, iddiasını yaşayış yeri üzrə Gəncə Şəhər Məhkəməsində qaldırmasına və məhkəmə iclasında aidiyyət məsələsi müzakirə olunarkən iddiaçı tərəfin etiraz etməsinə baxmayaraq, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi anlaşılan deyildir. Halbuki Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd edilməlidir ki, Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar mübahisə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 45.4-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar