Məhkəmə qərarları › İş №e-2(5-98)-152/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-98)-152/2026

10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-98)-152/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair (açar sözlər: aliment) Giriş hissə: Hakim İsmayılova Səbinə Vüqar qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: a) iddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən yetkinlik yaşına çatmayan X1 üçün 600 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadədək hər ay 200 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2025-ci il tarixdə X4 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşağın təminatını ödəmək çətindir. Cavabdeh bankda işləyir. Onun orta aylıq gəliri 3000-3500 manat təşkil edir.

b) iddiaya etiraz.

3. İddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Lakin hələlik nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Uşağa özü baxdığına görə işləyə bilmir. Cavabdeh isə bankda işləyir. Onun maaşını dəqiq bilmir. Təxminən bildiyinə görə 3-4000 arası ola bilər. Hesab edir ki, cavabdehin tələb etdiyi alimenti ödəmək üçün maddi imkanı var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “məlumat” başlıqlı müraciət ünvanlayaraq, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ondan aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasına dair qətnamə qəbul edildiyini, həmin qətnamdən kassasiya şikayəti verdiyini, qanunvericiliyə görə iki uşaq üçün gəlirin 1/3 hissəsində aliment tutulduğunu, hazırda valideynlərinin də onun himayəsində olduğunu bildirmiş, aliment ilə bağlı qərar verilən zaman qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Əsaslandırıcı hissə:

a) iş materialları.

7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 625428 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X11 arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 607 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mehdizadə soyadı verilmişdir.

8. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, AZ-V seriyalı, 098010 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 1042 nömrə ilə qeyd edilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1835/2025 nömrəli qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(042)-966/2025 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2823/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan 650 manat alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınaraq X6 ödənilməsi, ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, ödənilməli olan 11 manat dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, İR-276 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən "xxxx" ASC-də işləyir və halhazırda vergilər daxil 5340 manat əməkhaqqı ilə Maliyyə menecmenti departamentinin Büdcə şöbəsində qrup rəhbəri vəzifəsində çalışır.

11. “Əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru”ndan çıxarışdan görünür ki, 5340 manat əməkhaqqından vergiyə cəlb olunan məbləğ, gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı, həmkarlar təşkilatına üzvlük haqqı, icbari tibbi sığorta haqqı çıxıldıqdan sonra yekun ödəniləcək məbləğ 3986.3 manatdır.

b) işin faktiki halları.

12. İddiaçı və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə qeydə alınmış nikah bağlanmışdır.

13. Tərəflərin birgə nikahından bir yetkinlik yaşına çatmayan uşaq – xx.xx.2025-ci il təvəllüdlü X4 doğulmuşdur. Uşaq hazırda anası olan iddiaçının yanında qalır.

14. İddiaçı işləmir. Cavabdeh isə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir və əməkhaqqı vergilər daxil 5340 manatdır.

c) tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləriə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyasıməqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

c) məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X4 doğulmuşdur və yetkinlik yaşına çatmayan bu uşaq faktiki olaraq anası (iddiaçı) İddiaçı yanında qalır. Bu isə o deməkdir ki, uşağın saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və iddiaçı yanında qalan uşağın saxlanılması üçün uşağın digər valideyni olan cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

19. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçı işləmir, cavabdeh isə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir və əməkhaqqı 5340 manatdır. Lakin Cavabdeh məhkəməyə ünvanlandığı müraciətində aliment ödədiyi başqa bir uşağının daha olduğunu bildirmiş, bu uşağın saxlanılması üçün aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasına dair Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini, həmçinin bu qətnamədən verdiyi kassasiya şikayətini məhkəməyə təqdim etmiş, qanunvericiliyə görə iki uşaq üçün gəlirin 1/3 hissəsində aliment tutulduğunu, hazırda valideynlərinin də onun himayəsində olduğunu bildirmiş, aliment ilə bağlı qərar verilən zaman qeyd olunanların nəzərə alınmasını xahiş etmiş, həmçinin məhkəməyə aylıq əməkhaqqı kimi görünən məbləğin vergilər daxil hesablanan əməkhaqqı olması, aylıq faktiki əldə etdiyi əməkhaqqı məbləğinin isə 3986.3 manat olması barədə sənədlər təqdim etmişdir.

20. Məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün bir valideyndən digərinin xeyrinə tutulacaq alimentin miqdarı ilə bağlı məsələ həll edilərkən həm tərəflərin maddi və ailə vəziyyəti, həm aliment ödəyəcək valideynin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşağının olması, həm də uşağın əvvəlki təminat səviyyəsi nəzərə alınmalıdır. Yuxarıda istinad edilmiş iş materialları əsasında müəyyən olunur ki, Cavabdeh bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasına dair məhkəmə qətnaməsi qəbul olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilməsi səbəbindən qanuni qüvvəsini almasa da nəzərə alınmalıdır ki, bu qətnamə uşağın saxlanılması üçün ilk dəfə aliment tutulması ilə bağlı deyil, məhkəmə qətnaməsi ilə 650 manat sabit pul məbləğində tutulan alimentin qazancın 1/4 hissəsinə dəyişdirilməsi ilə bağlı qəbul edilmişdir. Bu baxımdan cavabdehin istənilən halda məhkəmə qətnaməsi əsasında aliment tutulan uşağının olması mübahisəsizdir.

21. Digər tərəfdən, “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin əməkhaqqı kimi görünən 5340 manat məbləğində pulun cavabdehin faktiki əldə etdiyi əməkhaqqı (qanunvericiliklə müəyyən edilmiş vergi, sosial sığorta haqları və digər icbari tutulmalar çıxıldıqdan sonra qalan məbləğ – net əməkhaqqı) deyil, vergi və müvafiq tutulmalar çıxılana qədər olan əməkhaqqı (gross əməkhaqqı) olduğu da iş materialları əsasında müəyyən edilir. Bununla belə məhkəməyə cavabdehin net əməkhaqqının məbləği ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə “əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru”ndan çıxarış təqdim edilsə də bu çıxarışın haradan əldə edildiyi məlum deyil. Bu vəziyyətdə həmin çıxarış cavabdehin net əməkhaqqının məbləğini müəyyən edərkən mötəbər sübut kimi nəzərə alına bilməz. Bununla belə əməkhaqqından vergi və digər icbari tutulmaların aparıldığı hamıya bəlli olan fakt olduğundan cavabdehin aylıq net əməkhaqqının 5340 manatdan az olduğu mübahisəsiz qəbul edilməlidir (MPM, maddə 82.1).

22. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 600 manat, uşağın üç yaşına çatanadək saxlanılması üçün isə hər ay 50 manat sabit pul məbləğində aliment tutulması həm tərəflərin ailə və maddi vəziyyətinə, həm uşağın əvvəlki təminat səviyyəsinə, həm də cavabdehin digər uşağının saxlanılması üçün ödəməli olduğu aliment məbləğinə uyğundur. Belə ki, hətta cavabdehin net əməkhaqqı ilə bağlı təqdim etdiyi sənəd əsasında onun faktiki əməkhaqqının 3986.3 manat olduğu qəbul edilsə belə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi baxımından iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulduğundan həmin məbləğin 1/3 hissəsi olan 1328.7 manat məbləğində pulu fərqli nikahlardan doğulmuş iki uşaq arasında bərabər böldükdə bir uşağa görə təxminən 664.3 manat məbləğində pul düşür ki, bu da iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 600 manat sabit məbləğində alimentdən bir qədər çoxdur. Elə cavabdeh özü də digər uşağın saxlanılması üçün aliment tutulmasına dair məhkəmə qətnaməsindən verdiyi kassasiya şikayətində bu hala istinad edərək, aylıq əməkhaqqını bu cür böldükdə hər uşağa görə 664.33 manat aliment düşdüyünü qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 600 manat, uşağın üç yaşına çatanadək saxlanılması üçün isə hər ay 50 manat sabit pul məbləğində tutulması işin yuxarıda qeyd edilmiş bütün hallarına və ən əsası uşağın üstün maraqlarına uyğundur.

23. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

24. Odur ki, məhkəmə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 600 manat, uşağın üç yaşına çatanadək saxlanılması üçün isə 50 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğlərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2026-cı il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 1.5 (600/400) misli və 0.125 (50/400) miqdarında aliment tutulmalıdır.

25. Cavabdehdən alimentin tutulmasına hansı tarixdən başlanmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2026-cı il tarixində daxil olduğundan bu qətnamə ilə aliment tutulmasına həmin tarixdən başlanmalıdır.

ç) məhkəmə xərcləri.

26. İddia tələbi alimentin alınması ilə bağlı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olmaqla hesablandığından məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissədə qiymətinə (650x12=7800) mütənasib olaraq ödənilməmiş 98 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə hissə:

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2026-ci il tarixindən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1.5 misli həddində, eləcə də xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.125 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 98 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.

29. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2026-ci il tarixindən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1.5 misli həddində, eləcə də xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.125 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar