Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-925/2026 06.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən müştərək qaydada 32 400 manat (əldən cıxmış fayda), 6048 manat (dəbbə) və 205 manat ödənilmiş dövlət rüsumu olmaqla,cəmi 38.653 manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 iyul 2023-cü il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Bakı yolunda hərəkətdə olarkən Hacıqabul ərazisində X1 idarə etdiyi “Toyota Camry” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı avtomobilini vuraraq qəza törətmişdir. Qəzadan sonra hadisə yerinə gələn DYP əməkdaşlarının araşdırmalarına və tərtib etdikləri protokola əsasən Zeynal Məmmədovun “Yol Hərəkət haqqında” Qanunun 34, 36, 38-ci maddələrinin tələbini pozması müəyyən olunmuşdur. Baş vermiş hadisə nəticəsində əlaqədar sığorta şirkətləri "xxxx" ASC və "xxxx" ASC tərəfindən ödənməli olan 11.200 (on bir min iki yüz) manat məbləğində pul iddiaçıya verilməmişdir. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Hətta məhkəmə zamanıda qeyd edilən sığorta şirkətləri tərəfindən əsassız səbəb və bəhanələr gətirilərək məhkəmə prossesi cox uzun müddət davam etmişdir. Mübahisə ilə bağlı məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə yəni qəza (sığorta) hadisəsi baş verdikdən 18 ay sonra qəbul edilmişdir. "xxxx" ASC və "xxxx" ASC tərəfindən ödənişlər isə 2025-ci ilin may ayında iddiaçının hesabına köçürülmüşdür. Qəzaya uğramış “Ford Tranzit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının özü və ailəsinin yeganə gəlir mənbəyi olmuşdur. İddiaçı həmin avtomaşınla Şəmkir rayonunda “Səbət” adlı yerdən Bakı şəhərinə oradan isə geriyə yükdaşıma xidmətləri göstərərək ailəsi üçün qazanc əldə etmişdir. Hər gediş-gəliş nəticəsində iddiaçı 150 manat (təmiz) gəlir əldə etmişdir. Ay ərzində ortalama gediş-gəliş (reys) sayı təxminən 12-13 ədəd olmaqla ortlama 12*150 manat=1800 manat aylıq gəliri olmuşdur. Lakin ona ödənməli sığorta pulunun vaxtında ödənilməməsi səbəbindən avtomaşını təmir etdirə bilməmiş və 1800 manat*18 ay = 32.400 manat qazancdan (əldən cıxmış fayda) məhrum olmuşdur. Bundan başqa qəza nəticəsində 21 ay istifadəsi mümkün olmayan “Ford Tranzit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı maşına görə iddiaçı tərəfindən "xxxx" MMC lizinq şirkətinə 21 ay ərzində hər ay 549 manat olmaqla 11.529 manat pul ödənilmişdir. Həm böyük məbləğdə ödənişlər, həm də ailənin zəruri ehtiyaclarının ödənilməsində maddi çətinliklər yaşayan iddiaçı cox güclü stress və əsəb keçirmiş, böyük mənəvi əzab və sarsıntı yaşamışdır. Həmçinin mülki qanunvericiliyə əsasən sığortaçı sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödəməlidir. Yəni 11.200 manat*0.1% = 11.2 manat*30 gün = 336 manat*18 ay = 6048 manat dəbbə pulu hesablanaraq iddiaçıya ödənməlidir.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə: a) İş materi alları:
4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyətini “taksi fəaliyyəti” təşkil edir (statusu: fəaliyyətini müvəqqəti dayandırmış).
5. Elektron iddia əriəzsinin “Dövlət rüsumunun ödənilməsi barədə məlumat” bölməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə 207 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz № **********42) .
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
6. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.
7. Mübahisənin subyektiv tərkibi ilə bağlı qeyd edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır. İddiaçının VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin isə gəlir əldə etmək məqsədi daşıyan kommersiya hüquqi şəxsləri olmaları mübahisə mövzusu deyil. Deməli, mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdehlər sahibkarlıq fəaliyyəti subyektləridirlər.
8. Mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı fərdi sahibkar kimi taksi fəaliyyəti ilə məşğul olmuşdur və hazırda cavabdehlərdən kommersiya məqsədilə istifadə etdiyi “Ford Tranzit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların təqsiri (öhdəliyin vaxtında icra edilməməsi) ucbatından dəyməsini iddia etdiyi maddi zərəri (əldən çıxmış faydanı) və s. tələb edir. Məhkəmə hesab edir ki, cavabdehlər kommersiya hüquqi şəxsi olmaqla, sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətlərinin olmaması, eyni zamanda, iddiaçının fərdi sahibkar olması, mübahisənin yaranma əsasının fərdi sahibkar və kommersiya hüquqi şəxslər arasında kommersiya məqsədilə bağlanmış müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı olması nəzərə alınmalıdır.
9. Məhkəmə hazırkı mübahisənin subyektiv tərkibini, predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisənin təməlində sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətləri dayandığına görə hazırkı mübahisə kommersiya hüquq münasibətlərinin tənzimlənməsi zamanı yaranan kommersiya mübahisəsidir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahiənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 17-ci bənd. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
12. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
13. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 207 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 207 (iki yüz yeddi) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********42). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova