Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-99)-106/2026 12.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi İbadov Sərxan Saleh oğlunun, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı qızının cavabdeh Cavabdeh oğluna qarşı olan “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh 15.06.2015-ci il təvəllüdlü X3 və 03.11.2018-ci il təvəllüdlü X4 üçün hər uşağa ölkə üzrə müəyyən edilmiş minimal əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh 15.06.2015-ci il təvəllüdlü X3 və 03.11.2018-ci il təvəllüdlü X4 üçün 13.01.2023-13.01.2026-cı il tarixləri aralığında hər uşağa 220 manat olmaqla, cəmi 15840 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı və cavabdeh Cavabdeh oğlu arasında 1 saylı ASAN Xidmət Mərkəzində 10.02.2015-ci il tarixdə bağlanmış, 286 reyestr nömrəli nikah 04.08.2021-ci il tarixdə Almaniya Federativ Respublikasının Essen Ərazi Məhkəməsi tərəfindən pozulmuşdur. Həmin Məhkəmə qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21.02.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının ərazisində tanınmışdır. Tərəflərin nikahı dövründə iki övladı anadan olmuşdur: 15.06.2015-ci il doğum tarixli X3 və 03.11.2018-ci il doğum tarixli X4. Cavabdeh tərəfindən uşaqlara heç bir aliment ödənilməmişdir. İddiaçı (hazırda Almaniyada yaşayır) tərəfindən dəfələrlə uşaqların saxlanması üçün aliment istəməsinə baxmayaraq, cavabdeh tərəfindən yalnız bir cavab gəlmişdir - “dövlət uşağlara müavinət verir, o heç nə verməyəcdir”. Bu ifadələri cavabdeh mediasiya və ondan əvvəl ölkədən çıxmaq və geri gəlmək üçün ərizə verərkən də vurğulamışdır. Qeyd edir ki, iddiaçı Almaniyada ailə zorakılığı ilə üzləşmişdir və ona məhkəmə tərəfindən mühafizə orderi verilmişdir. Cavabdeh isə bu səbəblərdən Almaniyanı tərk etmişdir. Uşaqların saxlanması və onların bütün xərclərinin ödənilməsi yalnız iddiaçı tərəfindən həyata keçirilmişdir.
Cavabdehin etirazı
3. Cavabdeh Cavabdeh 27.01.2026-cı il tarixdə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən alimentin yalnız iddia tarixindən etibarən hesablanmasını, keçmiş dövr üçün aliment tələbinin qanunsuz hissədə rədd edilməsini xahiş etmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır, o, uşaqlarından imtina etmir və ata kimi aliment ödəmək öhdəliyini anlayır, lakin alimentin məbləği müəyyən edilərkən real maddi imkanları və qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Onun rəsmi aylıq gəliri 430 manat təşkil edir. Başqa daimi və sabit gəlir mənbəyi yoxdur. Bu barədə maaş arayışını məhkəməyə təqdim edir. Qarşı tərəf iddia edir ki, o bir neçə dəfə alimentdən yayınmışdır, bunu qəbul etmir. 16.03.2025-ci il tarixdə LCG vəkil bürosunun vəkili İbadov Sərxan Saleh oğlu tərəfindən göndərilən bildirişə əsasən görüşə getmiş və uşaqların ölkədən çıxması üçün tələb olunan icazəni təmin etmişdir. Vəkil həmin görüşdə ona aliment istəmədiklərini bildirmiş və Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına, eləcə də onun ümumvətəndaş pasport almasına heç bir etiraz etmədiyi barədə razılıq ərizəsi yazmasını istəmişdir. 16.10.2025-ci il tarixdə mediasiyaya dəvət olunmuş və mediator yanında eyni faktı bildirmişdir. Bu müddət ərzində o alimentdən imtina etməmiş və öhdəliyi davam etdirmək niyyətindədir. Buna görə də keçmiş dövr üçün iddia olunan alimenti qanun çərçivəsində və sübut əsasında hesablanmasını xahiş edir. Uşaqlar hal-hazırda Almaniya Federativ Respublikasında yaşayırlar və Almaniya dövləti tərəfindən sosial yardımla təmin olunurlar. Bu yardım onların minimum yaşayış ehtiyaclarını qarşılayır. Manat-euro məzənnəsi fərqi nəzərə alınmadan təyin edilən aliment məbləği onun üçün həddən artıq maliyyə yükü yarada bilər.
İş materialları :
5. Almaniya Federativ Respublikasının Essen Ərazi məhkəməsi Ailə məhkəməsinin 04.08.2021-ci il tarixli qərarından görünür ki, tərəflərin Bakı/Azərbaycan 1 saylı ASAN Xidmət Mərkəzindəki Qeydiyyat İdarəsində 10.02.2015-ci il tarixində bağlanmış, reyestri nömrəsi 286 olan nikahı pozulmuş, boşanma zamanı nikah dövründə (qocalıqda təminat üçün) məvacibdən asılı olmayaraq tərəflərin paylarının bərabərləşdirilməsi həyata keçirilməmişdir.
6. “Mediasiya Şurası” Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 15.10.2025-ci il tarixli MŞB/16/2025-01293 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi İbaov Sərxan Saleh oğlu mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2024-cü il tarixli, 10(102)-50/2024 saylı qərardadından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmasına dair Almaniya Federativ Respublikasının Essen ərazi Ailə Məhkəməsinin 08.01.2020-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınması qərara alınmışdır.
8. “Essen” vətəndaşlıq vəziyyətinin qeydiyyat aktları şöbəsində, G 247/2019 qeydiyyat nömrəsi ilə qeydə alınmış “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Rəhimova Yasmin (Jasmin) 03.11.2018-ci il tarixdə Essendə anadan olmuşdur. Atası Cavabdeh, anası X5r.
9. AZE seriyalı, 12920762 nömrəli şəxsittəy vəsiqəsinin surətindən görünür ki, Rəhimov Yusif 15.06.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi barədə 26.01.2026-ci il tarixli məlumatından görünür ki, Cavabdeh “MİNiSO CO” MMC-də proqram təminatı işləri üzrə mütəxəssis işləyir və əməkhaqqı məbləği 430 manat təşkil edir.
11. İş materiallarına Cavabdeh məxsus hesabdan çıxarış əlavə edilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi İbadov Sərxan Saleh oğlu iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər nikahları pozulmamışdan əvvəl ayrılmışlar. İddiaçı Almaniyada qalmış, cavabdeh isə Bakı şəhərinə qayıtmışdır. Cavabdeh bəhanə gətirir ki, Almaniya höküməti uşaqların saxlanılması üçün maddi yardım edir. Cavabdehdən dəfələrlə aliment tələb edilmiş, lakin aliment məsələsindən yayınmışdır.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o uşaqlar üçün aliment təyin edilməsinə razıdır, lakin əvvəlki 3 il müddət üçün aliment tutulmasına dair hissədə iddia tələbini qəbul etmir. Ona iddiaçının vəkili bir dəfə 2025-in martında müraciət etmişdir. O, da vəkillə görüşmüşdür. Ondan uşaqların iddiaçının atası anası ilə ölkədən çıxmağına görə razılıq ərizəsi yazmağını istəmişlər. Həmin vaxt vəkil demişdir ki, aliment istəmirik. 2025-ci ilin sonunda təxminən sentyabr, okyabr aylarında mediasiyaya getmişlər, onda bildirmişlər ki, aliment istəyirlər. O 03.10.2025-ci il tarixində mediasiyada aliment tələbi barədə məlumatlı olmuşdur.
İşin faktiki halı :
14. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh 10.02.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahından 15.06.2015-ci il təvəllüdlü X3 və 03.11.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflərin nikahları 04.08.2021-ci il tarixdə Almaniya Federativ Respublikasının Essen Ərazi Ailə Məhkəməsi tərəfindən pozulmuşdur.
15. İddiaçı hazırda birgə nikahdan anadan olmuş uşaqlar ilə birlikdə Almaniyada, cavabdeh Azərbaycanda, Bakı şəhərində yaşayır.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
19. Uşaq Hüquqları haqqında Qanun :
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :
8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
22. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu : 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
24. Məhkəmə ilk növbədə qeyd edir ki, cəmiyyətdə sosial sabitliyin, iqtisadi inkişafın, hüquqi nizam-intizamın cəmiyyətin sosial strukturunun əsasını təşkil edən ailənin (onun üzvlərinin) rifah içində olmasından birbaşa asılılığı nəzərə alınaraq və qeyd edilənlərlə bağlı dövlətin pozitiv öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qanunvericilikdə nikah münasibətlərinin pozulmasından sonra da keçmiş ər-arvadın və uşaqların hüquq və mənafelərinin müdafiəsi üçün xüsusi hüquqi tədbirlər müəyyən edilmişdir. Bu tədbirlər ailə üzvlərinin sosial müdafiəsinə yönəlməklə qarşılıqlı maddi məsuliyyət prinsipini reallaşdırmağa xidmət edir. Belə tədbirlərdən biri də aliment institutudur.
25. Aliment ailə hüququnun ən vacib hüquqi mexanizmlərindən biri olmaqla əsas məqsədi ailə üzvlərinin bir-birinə yardım göstərməsini təmin etməkdir. Bu institut qanunvericiliklə müəyyən edilmiş hallar üzrə bir ailə üzvünün digərinə maddi dəstək göstərməsini hüquqi məcburiyyət halına gətirir.
26. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
27. Nəzərə alınmalıdır ki, Ailə qanunvericiliyinə əsasən hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
28. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
29. Hazırki mülki işin faktiki halı odur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində və əvvəli 3 illik müddət üçün aliment tutulması tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbini uşaqların yetkinlik yaşına çatanadək aliment tutulması hissəsində qəbul etmiş, lakin əvvəlki 3 illik müddət üçün aliment tutulması hissəsində isə qəbul etməmişdir.
30. Cavabden etiraz ərizəsində uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin təyin edilməsi zamanı onun aldığı əmək haqqı miqdarı və uşaqlara Almaniya dövləti tərəfindən sosial yardım təyin edilməsinin nəzərə alınmasını xahiş etmişdir.
31. Məhkəmə alimentin miqdarı ilə bağlı ilk növbədə qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
32. Məhkəmə ilk növbədə cavabdehin diqqətinə çatdırmağı zəruri hesab edir ki, Qanunverici ilk növbədə uşaqların saxlanması, onların zəruri ehtiyaclarını qarşılmaq üçün zəruri olan vəsaiti ödəmək öhdəliyini valideynləroin üzərinə qoymuşdur. Yəni cavabdeh ilk növbədə aldığı əmək haqqının miqdarından, başqa dövlət tərəfindən onun övladları üçün təyin edilmiş sosial yardımdan asılı olmayaraq öz övladlarının zəruri ehtiytaclarını qarşılamaq öhdəliyi daşıyır.
33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında müəyyən etmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
34. Göründüyü kimi hətta heç bir yerdə işləməyən əmək qabiliyyətli valideynin uşaqların minimum dolanacaq xərcini qarşılamaq öhdəliyi müəyyən edilmişdir.
35. Nəzərə alınmalıdır ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
36. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
37. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
38. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
39. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, təyin edilən sabit pul məbləğində alimentin miqdarı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.
40. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq qeyd edir ki, 15.06.2015-ci il təvəllüdlü X3 və 03.11.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
41. Məhkəmə alimentin sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etdiyindən, ailə qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə uşaqların yetikinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
42. Məhkəmə iddia tələbinin əvvəlki 3 illik müddət üçün (13.01.2023-13.01.2026) aliment tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməməlidir.
43. Belə ki, Ailə Məcəlləsinin 100.3.-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun. Lakin hazırkı mülki iş üzrə iddiaçı tələb irəli sürdüyü 13.01.2023-cü il tarixdən cavabdehdən aliment tələb etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
44. Bununla belə məhkəmə icraatı zamanı cavabdehin izahatına əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının aliment tələbi barədə 03.10.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyası zamanı məlumatlı olmuş, lakin həmin tarixdən sonra aliment ödənişi etməmişdir.
45. Odur ki, qeyd edilənlərə əsasən alimentin tutulma müddətinin əvvəli, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, 03.10.2025-ci il tarixindən hesablanmalıdır.
Məhkəmə Xərcləri :
46. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
47. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
49. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, aliment məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində təyin edildiyi üçün bir il ərzində ödəmənin məcmusu manat (496x12=5952) müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən dövlət mədaxilinə 79.52 manat məbləğində dövlət rüsumu alınmalıdır.
50. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
51. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci (60 manat) mülki iş üzrə hesablanmış dövlət rüsumunun məbləğindən (79.52 manat) çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən mülki iş üzrə ödənilməli olan 79.52 manat dövlət rüsumunun kəsiri olan 19.52 manat məbləğində vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə :
52. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, 03.10.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 15.06.2015-ci il təvəllüdlü X3 və 03.11.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. 03.10.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 15.06.2015-ci il təvəllüdlü X3 və 03.11.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 19.52 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva