Məhkəmə qərarları › İş №e-2(5-99)-137/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-99)-137/2026

04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-137/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,70 misli həddində sabit pul məbləğində alimentin, X2 3 (üç) yaşına çatanadək baxılması ilə əlaqədar olaraq 100 (yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 fevral 2024-cü il tarixdə ailə həyatı qurublar. Nikahlarını 18 aprel 2024-cü il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzində 1035 nömrəli akt qeydi ilə rəsmləşdiriblər. Birgə nikahlarından 30 iyun 2025-ci il təvəllüdlü X5 adlı bir uşaqları doğulub. Cavabdehlə evləndikləri ilk vaxtlar mehriban yaşayıblar, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulub. Cavabdehlə 28 oktyabr 2024-cü il tarixdən bir yerdə yaşamırları, ər-arvad münasibətləri yoxdur və birgə təsərrüfat aparmırlar. Cavabdeh uşaq doğulandan hal-hazıradək yəni 7 aydır ki, uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət edib, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən ona 29 dekabr 2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2025-02789 nömrəli arayış verilib. Cavabdeh 30 iyun 2025-ci il təvəllüdlü X1 üçün aliment ödəmədiyinə görə o da aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməli olub. Qeyd edir ki, cavabdehlə birgə nikahlarından doğulmuş 30 iyun 2025-ci il təvəllüdlü X5 doğulduğu vaxtdan hal-hazıradək cavabdeh bir valideyn kimi uşağı ilə maraqlanmayıb, onun qayğısına qalmayıb, maddi və mənəvi ehtiyaclarının olub-olmamasını ağlından belə keçirməyib. Qanunvericiliyə əsasən azyaşlı 30 iyun 2025-ci il təvəllüdlü X5 7 (yeddi) aylıq olduğuna görə o da işləyə bilmir.

İş materialları:

3. AZ-T seriyalı 077543 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 18 aprel 2024-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1035 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir;

4. AZ-V seriyalı 098619 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 iyun 2025-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;

5. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02789 nömrəli “İlkin mediasiya sessiyası (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat poçtkargüzarlıq xərci ödənilmişdir;

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı işləmir.

7. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

11. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

İşin faktiki halı:

14. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki İddiaçı ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2025-ci il təvəllüdlü X5 adlı övladları anadan olub.

15. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Birgə nikahdan anadan olmuş xx.xx.2025-ci il təvəllüdlü X5 İddiaçı himayəsindədir. Elektron məhkəmə informasiya sistemində yoxlama aparılan zaman tərəflərin əmək müqaviləsi məlumatları aşkar edilməmişdir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayənədəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

20. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

21. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

22. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

23. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşaqların yaşı, onların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu, iddiaçının cavabdehin hər ay uşağa görə tələbdə göstərilən məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alınaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilərək, xx.xx.2025-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

24. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 19 yanvar 2026-cı il tarixdən hesablanmalıdır.

25. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Məhkəmə iddianın “xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşınadək ananın saxlanılması üçün 100 manat alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır.

27. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək 100 manat aliment tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməli və xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

29. Məhkəmə “xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşınadək ananın saxlanılması üçün alimentin tutulması” hissəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 19 yanvar 2026-cı il tarixdən hesablanmalıdır.

30. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.

Nəticə:

31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilməli, Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 3 yaşına qədər sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə əsəsən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

38. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

39. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

40. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğunu, onun tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsini, hazırkı iddiaya münasibətdə 57,44 manat dövlət rüsumunun ödənilməli olmasını (bir il üzrə 3744 manat) nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul cavabdeh tutulub, iddiaçıya ödənilməli, cavabdehdən 7,44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilsin. Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 3 yaşına qədər sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, Cavabdeh 7,44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar