Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Geriyə məlumatlandırma

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Geriyə məlumatlandırma – bu Qanunla müəyyən edilmiş qaydada təqdim edilmiş məlumat və sənədlər üzrə görülən tədbirlərin nəticəsinin izlənilməsi, keyfiyyətə nəzarət edilməsi və statistik məlumatların toplanması məqsədilə məlumat və sənədləri alan orqanın (qurumun) müvafiq məlumatları bu Qanunun 19.3–19.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərən tərəfə təqdim etməsidir.

19.2. Aşağıdakı məlumat və sənədlər geriyə məlumatlandırma çərçivəsində təqdim edilir:

19.2.1. təqdim edilmiş məlumat və sənədlərin qəbul edildiyi və araşdırıldığı barədə məlumat;

19.2.2. məlumat və sənədlərin araşdırılması nəticəsində sonrakı addımların xülasəsi;

19.2.3. məlumat və sənədlərin keyfiyyətinə və istifadəyə yararlılığına dair məlumat;

19.2.4. təqdim edilən əməliyyatlar üzrə dövri statistik məlumat.

19.3. Maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyatlara dair ona təqdim edilmiş məlumat və sənədlər üzrə öhdəlik daşıyan şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə bu Qanunun 19.2.1-ci və 19.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumatları təqdim edir. Öhdəlik daşıyan şəxslərin, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin geriyə məlumatlandırma proseduru maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir.

19.4. Maliyyə monitorinqi orqanı bu Qanunun 16-cı və 18-ci maddələrinə uyğun olaraq ona təqdim edilmiş məlumat və sənədlər üzrə nəzarət orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri təqdim edir.

19.5. Bu Qanunun 14.10-cu maddəsinə uyğun olaraq məlumat və sənədlərin təqdim edildiyi cinayət təqibi orqanı ona təqdim edilmiş məlumat və sənədlər üzrə maliyyə monitorinqi orqanına bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri təqdim edir.

19.6. Maliyyə monitorinqi orqanı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə istintaq aidiyyəti üzrə cinayət təqibi orqanları bu Qanunun 22-ci maddəsinə uyğun olaraq təqdim edilmiş məlumat və sənədlər üzrə xarici tərəfdaşların geriyə məlumatlandırılmasını həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver