Məhkəmə qərarları › İş №1(001)-101/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-101/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-101/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi, DSK adlanan ərazidə yerləşən yaşayış evlərinin arasındakı küçədə Zərərçəkmiş şəxs arxasından yaxınlaşıb sonuncunun əlindəki içərisində bir ədəd plastik bank kartı, 550 manat milli pul əskinazları olan pul kisəsini əlindən dartmaqla açıq yolla talayıb hadisə yerindən qaçmış və nəticədə Zərərçəkmiş şəxs 550 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edir. xx.xx.2022-ci il tarixdə iş axtarmaq üçün Binəqədi qəsəbəsinə gəlmişdir və bu an pula ehtiyacı olmuşdur. Pulu olmadığı üçün ərazini bir qədər gəzdikdə saat 18 radələrində Binəqədi qəsəbəsi Mərkəz adlanan ərazidə yerləşən “Kapital Bank” bankomatından bir qadının pul çıxartdığını və həmin pulu əlindəki pul kisəsinə qoyduğunu görmüşdür. O qadını izləmiş və ona münasib bir vaxtda heç kəsin olmadığı ara küçədə qadına arxa tərəfindən yaxınlaşıb əlindəki pul kisəsini əlindən dartıb qaçmışdır. Həmin qadın qışqırmağa başlamışdır. O bacardığı qədər həmin yerdən cəld qaçmış və gözdən itmişdir. Təxminən beş dəqiqə sonra tanımadığı motosiklet sürücüsü ona çatmış və onu saxlamışdır. Hadisə yerinə polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. O pul kisəsini və içindəki 550 manat pulu qadının özünə qaytarmışdır. Etdiyi əməldən peşmandır. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti olmamasını nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Binəqədi qəsəbəsi Mərkəz adlanan ərazidə yerləşən “Kapital Bank”- a məxsus bankomatdan 550 manat əmək haqqını çəkib pul kisəsinin içinə qoyub DSK istiqamətində piyada hərəkət etmişdir. Yaşayış evlərinin arasında küçədə piyada hərəkətdə olduğu zaman arxasınca bir nəfərin ona doğru iti addımlarla gəlməsini hiss etmişdir. Dönüb arxaya baxmaq istədikdə həmin şəxs cəld ona yaxınlaşıb əlindəki pul kisəsini əlindən dartıb almış və qaçaraq gözdən itmişdir. O qışqıraraq kömək istəmiş ətrafına bir çox adam yığışmışdır. Sonradan motosikleti ilə keçən kuryer həmin şəxsi yaxalamaq üçün onun qaçıb getdiyi istiqamətə doğru sürmüşdür. Təxminən 10 dəqiqə müddət ərzində polis əməkdaşları həmin şəxsi saxlamışlar və ona məxsus olan pul kisəsini içindəki pulla birlikdə ona qaytarmışlar. Məhkəməyə təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əməliyyat qrupunda olarkən PB-nin sahə inspektoru Şahid2 ilə polis bölməsinin növbətçi hissəsinin xidməti avtomobili ilə daxil olmuş 102 məlumat üzrə hadisə yerindən qayıdan zaman saat təxminən 18 radələrində Binəqədi rayonu 2-ci mədən ilə avtomobillə hərəkətdə olmuşlar. Bu zaman yolun kənarında əlində qadın üçün olan pul kisəsi saxlamış bir nəfər şəxsin motosiklet sürücüsü ilə sözlə mübahisə etdiyini görmüşlər. Onlara yaxınlaşan zaman motosiklet sürücüsü əli ilə işarə edib dayanmaqlarını bildirmişdir. Onların yanında dayanıb İlkinlə birlikdə xidməti avtomobildən düşüb özlərini təqdim edib nə baş verdiyini həmin şəxslərdən soruşmuşlar. Motosiklet sürücüsü onlara əlində qadın pul kisəsi olan şəxsin bir neçə kilometr kənarda məhəllə arası yolda qadının əlindən pul kisəsini alıb qaçdığını, özünün də qadına kömək məqsədi ilə motosikleti sürüb həmin şəxsi yol kənarı ilə qaçdığını görüb onu saxlatdırmağa çalışdığını bildirmişdir. Onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirib əlində olan qadın pul kisəsini ondan təhvil alıb hadisənin baş verdiyi ünvanı dəqiqləşdirərək, o əraziyə getmişlər. Onlar hadisə yerinə çatdıqda pul kisəsinin sahibi olan qadın orada olmuşdur. Həmin qadını avtomobilə əyləşdirib Binəqədi rayonu, Ramazanov küçəsində yerləşən 43-cü polis bölməsinə gətirmişlər. O, Zərərçəkmiş şəxs məxsus içərisində 550 manat milli azərbaycan pulu və 01 ədəd bank kartı olan pul kisəsini açıq şəkildə talayaraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı üzürlü səbəbdən məhkəmə iclasında işştirak edə bilməyən digər şahid Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru Şahid2 ifadəsi elan edilmişdir. Elan edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əməliyyat qrupunda olarkən PB-nin əməliyyat müvəkkili Şahid1 ilə polis bölməsinin növbətçi hissəsinin xidməti avtomobili ilə daxil olmuş 102 məlumat üzrə hadisə yerindən qayıdan zaman saat təxminən 18 radələrində Binəqədi rayonu 2-ci mədən ilə avtomobillə hərəkətdə olmuşlar. Bu zaman yolun kənarında əlində qadın üçün olan pul kisəsi saxlamış bir nəfər şəxsin motosiklet sürücüsü ilə sözlə mübahisə etdiyini görmüşlər. Onlara yaxınlaşan zaman motosiklet sürücüsü əli ilə işarə edib dayanmaqlarını bildirmişdir. Onların yanında dayanıb İlkinlə birlikdə xidməti avtomobildən düşüb özlərini təqdim edib nə baş verdiyini həmin şəxslərdən soruşmuşlar. Motosiklet sürücüsü onlara əlində qadın pul kisəsi olan şəxsin bir neçə kilometr kənarda məhəllə arası yolda qadının əlindən pul kisəsini alıb qaçdığını, özünün də qadına kömək məqsədi ilə motosikleti sürüb həmin şəxsi yol kənarı ilə qaçdığını görüb onu saxlatdırmağa çalışdığını bildirmişdir. Onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirib əlində olan qadın pul kisəsini ondan təhvil alıb hadisənin baş verdiyi ünvanı dəqiqləşdirərək, o əraziyə getmişlər. Onlar hadisə yerinə çatdıqda pul kisəsinin sahibi olan qadın orada olmuşdur. Həmin qadını avtomobilə əyləşdirib Binəqədi rayonu, Ramazanov küçəsində yerləşən 43-cü polis bölməsinə gətirmişlər. Bölmədə olan zaman təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə aparılmış və onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Zərərçəkmiş şəxs məxsus içərisində 550 manat milli azərbaycan pulu və 01 ədəd bank kartı olan pul kisəsini açıq şəkildə talayaraq soyğunçuluq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi, Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham xx.xx.2022-ci il saat 10:10-da elan edilmişdir. xx.xx.2022-ci il tarixdə 12:55-də Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1088/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi içərisində bir ədəd bank kartı və 550 AZN milli pul əskinazları olan 01 ədəd pul kisəsi sonuncudan götürülmüş, zərərçəkmiş Zərərçəkmiş şəxs içərisində bir ədəd bank kartı və 550 manat milli pul əskinazları olan 01 ədəd pul kisəsini tanıyaraq ona məxsus olan oğurlanmış pul kisəsi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd plastik bank kartı, 550 manat milli pul və bir ədəd qadın pul kisəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-nin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılması xx.xx.2022-ci il saat 12:55 dəqiqəyə təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 10:00-dan xx.xx.2022-ci il saat 12:55 dəqiqəyədək 02 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu müddət azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qadın pul kisəsinin və 550 manat pulun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərdə tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qadın pul kisəsinin və 550 manat pulun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar