Məhkəmə qərarları › İş №1(001)-102/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-102/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-102/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi “0,476” qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib saxlamaqla üzərində daşımış, 22 yanvar 2024-cü il tarixdə saat 23:45- də Binəqədi rayon polis idarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “DSK” yolu adlanan ərazidə yerləşən avtoparkın yaxınlığında xidmətdə olarkən sonuncunun özünü narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli aparması səbəbindən aidiyyəti üzrə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin inzibati binasına gətirilərək raportla təqdim olunmuş və 23 yanvar 2024-cü il tarixdə saat 01:00-da polis bölməsində üzərində axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi “0,476” qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 07 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə tanışı X2 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 3 ədəd dərman tabletlərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən narkotik vasitə hesab olunan bozumtul-qəhvəyi, dairəvi formalı metadon dərman həblərini əldə edərək əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 19:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibindən 3 ədəd dərman tabletlərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən narkotik vasitə hesab olunan bozumtulqəhvəyi, dairəvi formalı metadon dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamda göstərilmiş hər iki epizod üzrə özünü təqsirli bilir. Birinci epizod üzrə xx.xx.2024cü il tarixdə, saat 23:45-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “DSK” yolu adlanan ərazidə yerləşən avtoparkın yaxınlığında olarkən saxlanılaraq 43-cü polis bölməsinə gətirilmişdir. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı özü şəxsən üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə saxlanılmışdır. Həmin vaxt da 43-cü polis bölməsinə gətirilmiş və bölmədə üzərindəki metadon dərman həblərini təqdim etmişdir. Etdiyi əməldən peşmandır, düzgün iş tutmamışdır, metadon həblərini də asılılıqdan qurtulmaq üçün almışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, bir daha bu cür hərəkətə yol verməyəcəyini, evin tək övladı olduğunu, himayəsində yaşlı anası və atasının olduğunu, ailədə yeganə qazanc gətirən ş.xsin özü olduğunu qeyd edərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:45 radələrində iş yoldaşı ilə birlikdə xidmət aparan zaman Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “DSK” yolu adlanan ərazidə yerləşən avtoparkın yaxınlığında bir nəfər şəxsin şübhəli davranışlarını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunun şəxsiyyətini müəyyənləşdirmək istəmişlər. Lakin həmin zaman mümkün olmadığı üçün Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirmək üçün bölməyə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman üstünə baxış keçirməmişlər, şəxsin üzərinə baxış bölmədə keçirilmişdir. Baxış zamanı video-çəkiliş aparılmış, həmin istintaq hərəkətində o da iştirak etmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 43-cü Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə, saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs və X1 Bakı şəhəri Binəqədi RPİ-in 43-cü Polis Bölməsinə gətirmişlər. Əməliyyat tədbirində onunla birlikdə Şahid3, Şahid4 və Şahid6 da iştirak etmişdir. Bölmədə video-çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs üzərində olan metadon həblərini təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs istifadəçi olmasını və həbləri dostu Rəşaddan 15 manat müqabilində almasını söyləmişdir. Təqsirləndirilən şəxs heç bir halda təzyiq yaxud təsir olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə bölməyə daxil olmuş əməliyyat məlumatı əsasında ondan, Şahid3, Şahid4 və Şahid5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə Təqsirləndirilən şəxs və X1 Bakı şəhəri Binəqədi RPİ-in 43-cü Polis Bölməsinə gətirmişlər. Daxil olmuş əməliyyat tədbiri Təqsirləndirilən şəxs istifadəsi ilə bağlı olmuşdur, sonuncunun narkotik vasitələrin yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı bir formada təzyiq və ya hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyi zaman sonuncu üzərində olan 3 ədəd metadon həbini özü təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Şahid3, Şahid6, Şahid5 və o daxil idi. Əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə Təqsirləndirilən şəxs və X1 Bakı şəhəri Binəqədi RPİ-in 43-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində olan 3 ədəd metadon həbini özü çıxarıb təqdim etmişdir. Həmin həbləri istifadəsi üçün əldə etdiyini və satış məqsədi olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı bir formada təzyiq və ya hədə-qorxu olmamışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində şahidlər Şahid4, Şahid6, Şahid5 ifadələrinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunması faktı əsasında ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 23:45-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş, həmin bükümdə “patı” olduğunu və həmin “patını” dünən axşam saatlarında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd diskdə məhkəmə istintaqı zamanı baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan görüntlərdə əks olunan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır, video-görüntü və protokol arasında hər hansı bir uyğunsuzluq mövcud deyildir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/453 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksləri, “1. Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,476 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,426 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o saxlanıldığı MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 449 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətində tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qutardığı üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrəsi ilə istintaq davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 3 ədəd metadon dərman həbi aşkar edilib götürülməsi faktına dair AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:50-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 19:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qablaşdırmanın içində olan 3 ədəd həbi masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin həblərin metadon olduğunu bildirmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd diskdə məhkəmə istintaqı zamanı baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan görüntlərdə əks olunan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır, video-görüntü və protokol arasında hər hansı bir uyğunsuzluq mövcud deyildir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1920 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs (imza) ...) yazıları və imzalar olan zərfin içərisində üzərində “..Methadone 40..” göstəricisi olan bir ədəd blister kəsiyində ümumilikdə 3 (üç) ədəd bozumtul-qəhvəyi, dairəvi formalı dərman tabletləri narkotik vasitə - metadondur, 3 (üç) ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 3 tablet həb qəbul edilmiş, 1 tablet nümunə götürülmüş, 2 tablet geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və sonuncu MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd dərman tabletləri olan narkotik vasitə metadon, həmçinin 0,426 qram psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bundan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd disk maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-577/2024 saylı qərarından görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-1573/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Firuddin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi «8 Noyabr– Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1126/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 5 ay 7 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “narkotik vasitələr” adlı İ siyahıya əsasən 0,02 qram olan narkotik vasitə metadon xeyli miqdar, 1,6 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. “Psixotrop maddələr” adlı İİ siyahıya əsasən isə 0,15 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qutardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin tələblərinə görə AR CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azad edildikdən altı il müddət keçmədən qəsdən hazırki cinayət əməlini törətmişdir və bu onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmçinin Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müvafiq olaraq 22 yanvar 2024-cü il və 07 aprel 2024-cü il tarixlərində AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin əməllərin heç birinə görə məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın (cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi) olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Bundan başqa məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 (iki) gün müddət, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 (iki) gün müddət olmaqla ümumilikdə 4 (dörd) gün müddət şübhəli və təqsirləndirilən şəxs statusunda tutulmuş, həmçinin 03 dekabr 2024-cü il tarixdə məkhəmə iclasında barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən hazırki tarixədək həbsdə saxlanılmaqdadır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (törətdiyi cinayət əməlllərini səmimi etiraf etməsi) və ağırlaşdıran halın (cinayətin residivi və təkrar törədilməsi) olması ilə yanaşı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona sadə residivə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə bir tabletdə 0,04 qram olmaqla, ümumilikdə 0,08 qram olan 2 ədəd metadon həbi, həmçinin tədqiqatdan sonra qalıq qalmış 0,426 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ümumilikdə 160 (yüz altmış) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 6 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd metadon həbi və təmiz çəkisi 0,426 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar