Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-105/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs İmanqlu oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:45-də X2 məxsus, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, avtovağzal istiqamətində 45-50 km/saat sürətlə hərəkət etdirərkən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən Hərbi Yol Polisi İdarəsinin qarşısında piyada keçidinə yaxınlaşdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək, yolu soldan sağa keçmək üçün yolun hərəkət hissəsinə nizamlanmayan piyada keçidi ilə daxil olaraq adi yerişlə hərəkət edən piyada Zərərçəkmiş şəxs İmanqlu oğlunun hərəkətinə məhəl qoymayıb nəqliyyat vasitəsilə hərəkətinə davam edib yolu soldan sağa doğru piyada keçidi ilə keçən piyada Zərərçəkmiş şəxs piyada keçidinin üzərində avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs İmanqlu oğluna sağ bazu sümüyünün cərrahi boynunun çoxqəlpəli yerinidəyişən sınığı, körpücük sümüyünün sınığı, sağ tərəfli pnevmotoraksla müşayiət olunan sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların yerdəyişən sınığından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 17:45-də etibarnamə ilə idarə etdiyi “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə saatda 50 km sürətlə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsinə hərəkət etmişdir. Avtovağzal istiqamətindən gedən zaman Natəvan küçəsində Hərbi Yol Polisi İdarəsi istiqamətindən yolu piyada keçidi ilə qarşı tərəfə keçən piyadanı idarə etdiyi “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə piyadanı bədəninin sol nahiyəsindən vurmuş, nəticədə piyada yerə yıxılmışdır. Daha sonra o, əvvəlcə həmin maşın ilə həmin şəxsi təcili tibbi yardıma aparmışdır. Daha sonra isə təcili tibbi yardımdan ambulansı ilə X4 aparılmışdır. O isə oraya öz maşını ilə gəlmişdir. O, həmin şəxsi vurduqdan sonra xəstəxanaya gətirmiş, maddi və mənəvi yardımlar göstərmiş və pul yardımı göstərdiyi üçün İbranqlu İsgəndərov bu barədə DİN “102” xidmətinə məlumat verməmiş, yəni ondan şikayətçi olmamışdır. Bir neçə gün sonra isə o, əmisi ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Orada Zərərçəkmiş şəxs onlara müalicə üçün 1000-8000 manat pul lazım olduğunu bildirmişdir. Onlar isə tapıb verəcəklərini bildirərək çıxıb getmişlər. Lakin bir neçə gün sonra pulu tapa bilmədiyi üçün köməklik edə bilməmişdir. Zərər çəkmiş şəxs ilə barışığa cəhdlər etsə də bu mümkün olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs içkili olmuş, avtomaşını qaçırtmağa çalışdım, lakin sonuncu da avtobusun arxa hissəsindən qaçaraq yola doğru qaçmışdır. Odur ki, deyilənlərin, əməlindən səmimi peşman olmasının və yeni ailə həyatı qurmağının nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs İmanqlu oğlu istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 17:45-də yaşadığı ünvandan çıxıb qardaşıgilə, yəni Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsinə getmişdir. Natəvan küçəsində Hərbi Yol Polisi İdarəsi istiqamətindən yolu piyada keçidi ilə qarşı tərəfə keçən zaman avtovağzal istiqamətindən gələn adını sonradan bildiyi “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs onun sol nahiyəsindən avtomobilin ön tərəfi ilə vurmuş, nəticədə o, yerə yıxılmışdır. Daha sonra avtomobilin sürücüsü onu əvvəlcə həmin avtomobil ilə təcili tibbi yardıma aparmışdır. Daha sonra isə təcili tibbi yardımdan ambulans ilə onu X4 aparmışlar. Təqsirləndirilən şəxs isə oraya öz maşını ilə gəlmişdir. Həmin şəxs onu vurduqdan sonra xəstəxanaya gətirmişdir. Daha sonra artıq bir neçə gün sonra Elmir əmisi ilə birlikdə onun yaşadığı evə gəlmiş, orada o, onlara müalicə üçün 1000-8000 manat pul lazım olduğunu bildirmişdir. Onlar isə tapıb verəcəklərini bildirərək çıxıb getmişlər. Lakin bir neçə gün sonra o, Elmirlə nə qədər əlaqə saxlamaq istəsə də buna nail ola bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə, saat 10:12-də o, DİN-nin 102 zəng mərkəzi xidmətinə hadisə ilə bağlı məlumat vermişdir. O, hadisə zamanı içkili olmamışdır. Ona heç bir maddi yardım edilməmişdir. O, vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayəti və tələbinin olduğunu qeyd edərək, təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) xx.xx.2022-ci il tarixli tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, 13 yanvar 2022-ci il tarixdə saat 17:45 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Zərərçəkmiş şəxs vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsi istiqamətində baş vermişdir. (i.v. 5-10) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 297 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər- sağ bazu sümüyünün cərrahi boynunun çoxqəlpəli yerinidəyişən sınığı, körpücük sümüyünün sınığı, sağ tərəfli pnevmotoraksla müşayiət olunan sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X5” PHŞnə müraciət etdiyi xx.xx.2022-ci il saat 21:15-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. (i.v. 27-28) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində Hərbi Yol Polisi İdarəsinin qarşısında baş verdiyi dəqiqləşdirilmişdir. (i.v. 58-62) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.66) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs İmanqlu oğlu ilə Təqsirləndirilən şəxs arasından üzləşdirmə istintaq hərəkəti keçirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsini bir daha təsdiq etmişdir. (i.v.67-69) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 75) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* mömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 77) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 iyun 2022-ci il tarixli, 8/1195 saylı rəyindən görünür ki, “Honda” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.80-82) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.102-103) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 114-115) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 124-125) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* mömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v. 128-129) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə ********* saylı cinayət işi üzrə ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaq aparılmasında ötrü Binəqədi RPİ-nin İŞ-nə qaytarılmışdır. (i.v. 145-146) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v. 147-148) xx.xx.2022-ci l tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. (i.v. 156-157) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 170-176) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 178-179) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v. 183,184) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilə şəxsi Təqsirləndirilən şəxs səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə təqsirləndirilən şəxsin islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 35 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Honda” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-105/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-105/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver