Məhkəmə qərarları › İş №1(001)-106/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-106/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-106/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 7(007)-648/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 22 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 68/1, mənzil 11-də qeydiyyatda olan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,877 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,045 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata əldə edib daşıyaraq üzərində saxlamış, 17 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində ünvan 2 ünvanı qarşısında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsi 6-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,877 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,045 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroin və psixotrop maddə metamfetamini istifadə edir. Belə ki, bunlardan qəbul etmədikdə bədənində ağrılar olur.17 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə 20 manat ödəyərək 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab edilən heroin və 10 manat ödəyərək 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq əldə etmiş, daşıyaraq üzərində saxlamışdır ki, münasib vaxtda istifadə etsin.17 sentyabr 2022-ci il tarixdə saat təxminən 13:30 radələrində o, ünvan 6 ünvanı yaxınlığında olanda Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində psixotrop maddə və narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-ci PB-nə dəvət etmişlər.O, öz razılığı ilə Polis Bölməsinə getmişdir.Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Binəqədi RPİ-nin 6-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir.Bu barədə qərar ona elan olunmuş, habelə iştirakçılara hüquq və vəzifələri izah edilmişdir.Daha sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir.O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri və şalvarının sağ yan cibindən 02 ədəd ‘’Samsung J2” markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymuşdur. Bu zaman o, etiraf etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə 20 manat ödəyərək bir büküm narkotik vasitə hesab edilən heroini və 10 manat ödəyərək bir bükümdəki psixotrop maddə metamfetamini tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır.Üzərindən aşkar olunmuş 02 bükümdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.O, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, yalnız bədənindəki ağrılarla bağlı özü onlardan istifadə etmişdir.Bundan başqa, üzərində olan həmin telefonlardan biri ona məxsusdur, xarab olduğundan işləməyən ikinci telefonu tanımadığı şəxsdən ehtiyat hissəsi kimi almışdır ki, onun hissələrindən istifadə edərək öz telefonunu yığdırsın.Bu şəxsin anket məlumatları və telefonu barədə məlumatı yoxdur, görünüşünü xatırlamır. Narkotik vasitə və psixotrop maddəni hər hansı bir şəxsə satmamış və ya verməmişdir.Həmin cinayəti tək törətmiş və heç kim ona köməklik etməmişdir.Başqa hər hansı cinayətlər törətməmişdir.Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Binəqədi RPİ-nin 6cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir.17 sentyabr 2022-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 8 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək şöbə rəhbəliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq əmr təsdiq olunmuş və əməliyyat qrupu təşkil edilmişdir.Həmin məlumat tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmışdır.Bu zaman onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs şübhəli olduğundan Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-na dəvət etmişlər.Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir.Bundan sonra, materialın araşdırılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis kapitanı Rəvan İsrayılova həvalə olunmuşdur.Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir.Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərar elan olunmuş, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir.Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş haldan olan bükümləri və şalvarının sağ yan cibindən 02 ədəd “Samsung J2” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalarnın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, sonuncu 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin birinin içərisində olan vasitənin heroin adlanan narkotik vasitə və digər bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir.Ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə heroini 20 manata və psixotrop maddə olan metamfetamini 10 manata tanımadığı şəxsdən öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan yerdə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında ifadə verən Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,877 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,045 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə isə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5920 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-648/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 06 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, beləliklə də məlum olur ki, məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə - heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən bir neçə dəfə artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin 6cı PB-nin təhqiqatçısı, polis kapitanı Rəvan İsrayılov tərəfindən qəbul edilmiş 17 sentyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1078/2022 saylı qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Buna görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 0,025 qram metamfetamin və 1,827 qram heroin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Belə ki, müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Ramazanov X4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,025 qram və narkotik vasitə olan heroinin 1,827 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,he sab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar