Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-106/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 19 avqust 1999-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,435 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan mavi rəngli cins şalvarının sol cibində saxlamaqla üzərində daşımış, 31 yanvar 2024-cü il tarixdə, saat 13:50-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və eyni tarixdə saat 15:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülü, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,435 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ittiham aktında qeyd olunanlarla razı olduğunu və əlavə ifadə vermək istəmədiyini bildirmişdir. Son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və məhkəmədən kömək istədiyini bildirdi. Məhkəmə istintaqında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Məhəmmədlə birgə saxlamışlar. Bölmənin inzibati binasında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək, tədqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, saxlaması və istifadə etməsi barədə kifayət qədər şübhələr olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 13:50-də Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində olan zaman şübhəli şəxs kimi saxlanılaraq üzərində baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir (i.v. 27-28); • “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, qara rəngli gödəkçəsinin sol yan cibindən üzərində ***-***-**-** nömrəsi olan Samsung A14 markalı mobil telefonu və sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan şəffaf sellofan büküm açılan zaman içərisində kristalik formalı ağ rəngli maddə olması aşkar edilmiş, o, həmin bükümün içərisində olan maddənin “patı-şüşə” adlanan psixotrop maddə olmasını, həmin maddəni iran vətəndaşından 10 manata onlayn olaraq aldığını bildirmişdir (i.v. 39-40); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/652 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertiza rəyinə əsasən “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 176” dairəvi möhür əksləri, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edilmiş, qalıq 0,385 qramdır.” Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (i.v. 47-49); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 60-61); • “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 85); • “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” X4 ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 685 nömrəli rəyinə əsasən “Müayinə zamanı, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür” (i.v. 102-103); • “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 104); • Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli çıx-3615 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq həmin RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir (i.v. 110); • “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvəsində saxlanılmış və Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 126); • “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmış, tədqiqata sərf olunduqdan sonra ekspertizadan qaytarılmış qalıq - 0,385 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (i.v. 129-133); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Sarıyev X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, yenə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 90-91); • Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-7/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İ cild); • Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-593/2024 saylı Qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir (İ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamnı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirirlir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında təqdiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafedici ifadəsi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Sarıyev X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən törətdiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Digər tərəfdən, Sarıyev X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)- 7/2025 saylı hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2025-ci il tarixdən hesablandığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanmaq yolu ilə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək, hazırki iş üzrə 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək və 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) gün müddət bir günə bir gün hesabı ilə hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)- 7/2025 saylı hökmü ilə müəyyən edilmiş 04 yanvar 2025-ci ildən hesablanmalı, barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,385 qram psixotrop maddə - metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-cü il tarixli 1(056)-7/2025 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək, hazırki iş üzrə 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək və 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 yanvar 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,385 qram psixotrop maddə - metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 320 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-106/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-106/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver