Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-107/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1A ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Binəqədi rayonu, Binəqədi şosesi 50 saylı ünvanın qarşısında, Zərərçəkmiş şəxs mobil telefonu görüb yaxınlaşaraq, sonuncunun əlindən üzərində 10 manat dəyərində qara rəngli kabura və 10 manat dəyərində ***-***-**-** saylı sim kart olan 80 manat dəyərində Çin istehsalı olan “Nokia” markalı “TA-1029” modelli mobil telefonu dartıb ələ keçirərək açıq talamış və hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 100 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1A ünvanında qeydiyyatda olmaqla yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesindən yaşadığı ev istiqamətində piyada şəkildə hərəkət edən zaman bir nəfər şəxsin əlində mobil telefon olduğunu görmüşdür. O, maddi vəziyyəti pis olduğu, işləməyə yer tapa bilmədiyi və anasına dərman almaq üçün pula ehtiyacı olduğundan həmin şəxsə yaxınlaşmazdan əvvəl sonuncunun mobil telefonu götürməyə qərar vermişdir. Bundan sonra o, ətrafa göz gəzdirib heç kimin olmadığına əmin olduqdan sonra həmin şəxsə yaxınlaşıb əlində olan mobil telefonu əlindən alaraq cibinə qoyub cəld şəkildə əks istiqamətə qaçmağa başlamışdır. Həmin şəxs onun arxasıyca qışqıraraq dayanmasını tələb etsə də, o, buna məhəl qoymayıb qaçmağa davam etmişdir. O, artıq həmin şəxsin arxası ilə gəlmədiyinə əmin olduqdan sonra yaşadığı evə getməyə qərar vermişdir. Evin yaxınlığına çatan zaman yolda təsadüfən qohumu Şahid görərək sonuncu ilə görüşüb yaxınlıqda bir yerdə əyləşmişdir. Fəridlə söhbət edən zaman cibindən ələ keçirdiyi mobil telefonu çıxararaq sonuncuya göstərib özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Fərid mobil telefona baxdıqdan sonra həmin mobil telefonu almaq istədiyini bildirmiş və telefonun qiyməti ilə maraqlanmışdır. O, Fəridə mobil telefonun işlək vəziyyətdə olduğunu və buna görə 50 manata satdığını bildirmişdir. Fərid üzərində yetərincə pulunun olmadığını, səhər görüşəndə pulu verib mobil telefonu alacağını ona bildirmiş və o da bununla razılaşmışdır. O, xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Banuçiçək” restoranının yaxınlığında Fəridlə görüşmüş və görüş zamanı sonuncu ona 50 manat pulu vermiş və o, bunun qarşılığında hadisə zamanı ələ keçirdiyi “Nokia” markalı mobil telefonu Fəridə vermişdir. Həmin vaxtı o, Fəridlə söhbət edən zaman polis əməkdaşları yaxınlaşıb onları şübhəli şəxs qismində Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı ünvandan çıxıb dincəlmək məqsədilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Humay” şadlıq evinin yaxınlığında yerləşən parka getmişdir. Parkda dincəldikdən sonra həmin gün axşam saat 20 radələrində parkdan çıxıb yaşadığı ev istiqamətində piyada şəkildə getmişdir. Həmin vaxtı yolunun üstündə yerləşən adını xatırlamadığı kafelərin birinə daxil olub bir qədər spirtli içki içmək qərarına gəlmişdir. Kafedə olan zaman 01 “bakal” pivə və 100 qram spirtli içki olan “araq” sifariş edib içmişdir. Təxminən yarım saat kafedə spirtli içki qəbul etdikdən sonra etdiyi sifarişin hesabını ödəyib kafedən çıxaraq evə tərəf piyada şəkildə getməyə başlamışdır. Kafedən bir qədər uzaqlaşmışdır ki, tanımadığı şəxs ona yaxınlaşıb əlində tutduğu qara rəngli kaburada olan içərisində ***-***-**-** saylı sim kartlı “Nokia” markalı “TA-1029” modelli mobil telefonu anidən əlindən dartaraq alıb qaçaraq ondan uzaqlaşmağa başlamışdır. O, həmin şəxsin arxası ilə qışqıraraq dayanmasını tələb etməyə çalışsa da, sərxoş vəziyyətdə olduğundan çox irəliləyə bilməyib yerə yıxılmışdır. Daha sonra bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və o, baş vermiş hadisəni sonuncuya danışıb həmin şəxsin mobil telefonu ilə Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək məlumat verərmişdir. Bundan sonra o, Binəqədi RPİ-nin 4-cü PŞ-nə gedərək orada ərizə yazmışdır. O, ələ keçirilmiş telefonu təxminən bir il hadisədən qabaq 350 manata almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumu olmaqla onunla qonşuluqda yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evə tərəf gedən zaman yolda təsadüfən qohumu Təqsirləndirilən şəxs görmüş və sonuncu ilə görüşüb yaxınlıqda bir yerdə əyləşmişdir. Əlipaşa ilə söhbət edən zaman sonuncu cibindən mobil telefonu çıxararaq ona göstərib mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxdıqdan sonra həmin mobil telefonu almaq istədiyini deyib Əlipaşadan telefonun qiyməti ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs telefonu 50 manata satdığını ona demiş və o, sonuncu ilə razılaşıb səhəri günü pulu verəcəyini demişdir. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Banuçiçək” restoranının yaxınlığında Əlipaşa ilə görüşmüş və görüş zamanı o, sonuncuya 50 manat pulu verib qarşılığında “Nokia” markalı mobil telefonu almışdır. Həmin vaxtı onlara polis əməkdaşları yaxınalşaraq onun ilə Əlipaşanı Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Şöbədə olan zaman o, Təqsirləndirilən şəxs aldığı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş və həmin zaman ona məlum olmuşdur ki, sözü gedən telefonu Əlipaşa cinayət yolu ilə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus mobil telefonun açıq talanması fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid üzərində olan və Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Nokia” markalı, “TA-1029” modelli mobil telefonu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Şahid təqdim etdiyi 1 ədəd “Nokia” markalı, “TA-1029” modelli mobil telefon Zərərçəkmiş şəxs tanınma üçün təqdim edilmiş və sonuncu tanınmaya təqdim olunmuş mobil telefonu markasından, formasından və üzərində cızıq olmasından tanımışdır. xx.xx.2020-ci il tarixli, 1571 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi” X2 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - təpə nahiyəsinin, sağ əlin İV, V barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilə tarixə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nayihələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-788/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından dərhal azad edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 9/3825 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı olan “Nokia” markalı, “TA-1029” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 80,00 manata müəyyən olunur. xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Nokia” markalı, “TA-1029” modelli mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş və məhkəmə baxışı zamanı təqdim edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-788/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək məhkəmə iclas zalından azad edilmişdir. Həmin tarixdə isə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Nokia” markalı, “TA-1029” modelli mobil telefonun saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 42 (qırx iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Nokia” markalı, “TA-1029” modelli mobil telefonun saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-107/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-107/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver