Məhkəmə qərarları › İş №1(001)-108/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-108/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-108/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan MR Babək rayonu Xətai kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülmüş, Naxçıvan MR ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində “Ulduz” metrostansiyasının yaxınlığında naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,145 qram olan narkotik vasitə hesab edilən heroini 10 manata əldə edib üzərində saxlayaraq daşımış və 09 sentyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ş.Məmmədova küçəsi, Qaçqınlar şəhərciliyinin yaxınlığında Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən üzərində narkotik maddənin saxlanması, daşınması və gəzdirilməsində şübhəli bilinib saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 5-ci PB-in inzibati binasına gətirilərək orada üzərinə baxış keçirilən zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd bükümdə təmiz çəkisi 1,145 qram olan narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə narkotik vasitələrin saxlanması, daşınması və gəzdirilməsində təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etmir. 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ş.Məmmədova küçəsi, Qaçqınlar şəhərciliyinin yaxınlığında olarkən Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən tutulub 5-ci PB-yə gətirilmişdir. Orada qarşısına bir ədəd bükümdə narkotik vasitə olan heroin qoyaraq həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Qorxduğu üçün törətmədiyi həmin cinayəti etiraf etmişdir. Hazırda istintaq zamanı verdiyi ifadələrindən imtina edir. Hec bir cinayət törətmədiyini əsas götürüb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xidmətdə olan zaman “Elnur” adlı şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar olaraq o, PB-in əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonrakı tədqiq zamanı həmin şəxsin xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olmuşdur. 09 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ş.Məmmədova küçəsi, Qaçqınlar şəhərciliyinin yaxınlığında Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üstüstə düşən bir şəxsin yolun kənar hissəsi ilə getməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini müəyyənləşdirmişlər. Həmin şəxs adının və soyadının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Ona narkotik maddələrin istifadəsində, saxlamasında və daşımasında şübhəli olduğunu bildirmiş və onlarla Binəqədi RPİ-in 5-ci PB-yə getməsini təklif etmişlər. Birlikdə Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 6 saylı ünvanda yerləşən Binəqədi RPİ-in 5-ci PB-yə gəlmişlər. PB-də olan zaman Elnura hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, əynində olan paltarlarında hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş əşya, predmet və ya narkotik maddələrinin olub-olmaması soruşulmuş, olduğu təqdirdə həmin əşyanı könüllü təqdim etməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs cibindən çıxarmış bükümü açması təklif olunmuş, o həmin bükümü açmış, bükümün içərisində tünd qəhvəyi rəngdə olan, spesifik iyə malik maddə aşkar olunmuşdur. Ondan həmin maddənin nə olması soruşulmuş, Elnur həmin maddənin narkotik maddə olan heorin olmasını və “Kokos” deyilən adla el arasında adlanmasını bildirmişdir. Həmin maddənin haradan əldə etməsini, üzərində saxlamaqla daşımaq məqəsinin nə olmasını soruşulmuş, cavabında Elnur həmin maddəni istifadə məqsədi ilə üzərində saxlayaraq daşıdığını, heroini 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “Ulduz” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Elnura əynində olan şalvarın digər ciblərini çevirməsi təklif olunmuş, Elnur ciblərini çevirərək digər əşya olmamasını bildirmişdir. Daha sonra ondan aşkar olunmuş maddə qablaşdırılmış və proses iştirakçıları ilə birlikdə imzalanaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ş.Məmmədova küçəsi, Qaçqınlar şəhərciliyinin yaxınlığında Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən üzərində narkotik maddənin saxlanması, daşınması və gəzdirilməsində şübhəli bilinib saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 5-ci PB-in inzibati binasına gətirilərək orada üzərinə baxış keçirilən zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, i.v 33-35). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5016 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş .....” sözlər və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,145 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, i.v 43-46). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 63-64). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 82-86). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 6632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.108-109). DVD diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 5-ci PB-də təhqiqatçının xidməti kabinetində baxış keçirilməzdən əvvəl bütün iştirakçıların şəxsiyyəti müəyyən edilir və onlara hüquq və vəzifələri izah edildikdən sonra ona üstündə qanunsuz əldə edib saxladığı nə varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisində heroin adlanan narkotik vasitə olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, heç nə aşkar edilmir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünü açır, həmin bükülünün içərisində narkotik vasitəyə bənzər maddə olması görünür, o həmin bükülünün içərisində heroin narkotik vasitə olmasını bildirir. Təqsirləndirilən şəxs üstünə baxış başa çatdıqdan sonra ondan götürülmüş bükülü içərisində olan maddə ilə birlikdə zərfə qoyularaq möhürlənir və sonra isə protokol tərtib edilərək ucadan oxunur və iştirakçılar tərəfindən imzalanır, bununla da videogörüntü başa çatır (cild 1, i.v 115). Maddi sübut kimi tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,145 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və heroinin 1,095 qram qalığı saxlanılması üçün Binəqədi RPİnin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdirdir (cild 1, i.v 116). Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məhkəmədəki ifadəsi əsasında prokurorluğa göndərilmiş məlumat üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, qərarın surəti tərəflərə göndərilmiş, qərar mübahisələndirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmiş, onun öz müdafiəsi üçün gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmamışdır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, i.v 93). Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş və Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun çəkilməmiş qalan 5 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməlidir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzadan azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 6632 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,095 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan 1,095 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar