Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-108/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunun Çarhan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonunun Çarhan kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1(006)-30/2024 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək üzərində daşımışdır. Belə ki o, 28 fevral 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – təmiz çəkisi 0,256 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq 7-ci PB-yə gətirilmiş, həmin gün saat 22:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla, üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,256 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi – kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Verilmiş ittihamda göstərilmişdir ki, bundan başqa o, 03 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 03 aprel 2024-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində yerləşən “Körpü” marketin yaxınlığında saxlanılaraq 43-cü PB-yə gətirilmiş və 04 aprel 2024-cü il tarixdə, saat 00:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla, üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək, izahatında göstərdi ki, 28 fevral 2024-cü il tarixdə, günorta saatlarında o, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 30 manata narkotik vasitə olan heroini bir bükümdə əldə etmiş, bir neçə dəqiqə sonra əvvəldən üzdən tanıdığı Kamran və Fərid adlı polis əməkdaşlarını görüb həmin narkotik vasitəni ağzına atmışdır. Polis əməkdaşları yaxınlaşaraq onu 7-ci PB-yə aparmaq üçün qollarından tutarkən, o, qarışıqlıqdan istifadə edərək ağzındakı narkotik maddəni yerə ata bilmişdir. Buna görə də, polis bölməsində üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilməmişdir. 2 gün polis bölməsində saxlandıqdan sonra rayon prokurorluğuna aparılmış, oradan barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. 03 aprel 2024-cü il tarixdə isə, saat 10-11 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığından taksi sifariş verərək, 2 nəfər tanışı Asim və İsmayılla birlikdə narkotik vasitə əldə etmək üçün Novxanı qəsəbəsinə getmiş, orada “Körpü” marketin qarşısında maşından düşdükdən qısa müddət sonra, yəni narkotik vasitəni almamış polis əməkdaşları onlara yaxınlaşaraq, 43-cü PB-yə aparmışlar. Həmin vaxt nə onun, nə də Asimlə İsmayılın üzərindən narkotik vasitə aşkar edilməmişdir. 2 gün Polis Bölməsində saxlanıldıqdan sonra Asimlə İsmayılın barəsində narkotik vasitələrin istifadəçisi kimi inzibati xəta haqqında protokollar tərtib edilmiş, onun barəsində isə hazırki cinayət işi başlanmışdır. Halbuki, saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını Asim və İsmayıl da təsdiq edə bilərlər. Sonda Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, lakin cinayət işində göstərilən epizodlar üzrə 03 aprel 2024cü il tarixdə saxlanılarkən üzərində olan narkotik vasitəni tullaması, digər epizod üzrə isə ümumiyyətlə üzrəində narkotik vasitənin olmaması səbəbindən həmin vaxtlarda üzərində hər hansı qanuna zidd əşya aşkarlanmadığını, istifadəçisi olduğu üçün əməlindən peşman olduğunu, lakin hazırki cinayət işi üzrə barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 28 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu göstərilmiş, dərhal əməliyyat qrupu yaradılmış və 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu 7-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və bölməyə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən onların və ekspert-kriminalistin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü surətdə əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffəf rəngli sellofan bükümü təqdim etmiş, içərisində psixotrop maddə olan “patı” olduğunu, həmin maddəni Papanin adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid4 ifadəsində göstərdi ki, 03 aprel 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu göstərilmiş, əməliyyat qrupu yaradılaraq o və 43cü PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 saat 20 radələrində Novxanı qəsəbəsində “Körpü” marketin qarşısında Təqsirləndirilən şəxs saxlamış, onu 43-cü PB-yə gətirmişlər. Bölmədə üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı Raqib əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli psixotrop maddə olan kristala bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, həmin maddənin “patı” olduğunu, onu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 03 aprel 2024-cü il tarixdə o, Asim Süleymanov və Təqsirləndirilən şəxs metronun “20 Yanvar” stansiyasından taksiyə əyləşərək narkotik vasitə əldə etmək üçün Novxanı qəsəbəsinə gəlmişlər. Orada marketin qarşısında maşından düşdükdən bir neçə dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşaraq 43-cü PB-yə aparmışlar. Saxlanılan zaman hələ narkotik vasitə almağa macal tapmamışlar. Buna görə də, bölmədə üzərilərindən narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, şahid 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 və 43-cü PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Bölmənin rəisinə ünvanlanmış 28 fevral 2024-cü il tarixli raportda göstərilmişdir ki, “...28 fevral 2024-cü il tarixdə, saat 20:00-da...Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmişdir...” - “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, 28 fevral 2024-cü il tarixdə, saat 22:10-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 və Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, prosessual hərəkət videogörüntü ilə qeydə alınmışdır. Həmin protokolda qeyd olunmuşdur ki, “...Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli psixotrop maddə olan kristala bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu... Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kristala bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,32 qram oldu... Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir...” Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçisi iştirak etməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Materialların məhkəmə ekspertizası”na dair 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1216 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edilmiş, qalıq 0,206 qramdır.” Ekspertiza xərci 80 manatdır. - 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən Bölmənin rəisinə ünvanlandırılmış 03 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, “03 aprel 2024-cü il tarixdə...Təqsirləndirilən şəxs müşahidə edib izlədikdən sonra Binəqədi rayonu, Novxanı Bağlar massivi, Körpü marketin yaxınlığında olan vaxtı tədbir iştirakçıları ilə birlikdə saat 20:30-da saxlayaraq 43-cü PB-yə gətirdik...” - Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Mirsiyaf Hüseynov tərəfindən Bölmənin rəisinə ünvanlanmış 03 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, “03 aprel 2024-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan...Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da 43-cü PB-yə gətirmişlər...” - “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, 04 aprel 2024-cü il tarixdə, saat 00:40-da Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, 43-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid4 və Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, prosessual hərəkət videogörüntü ilə qeydə alınmışdır. Həmin protokolda qeyd olunmuşdur ki, “...Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoydu... O, həmin bükülüdə “patı” olduğunu bildirdi... Həmin maddəni bu gün günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirdi...” Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçisi iştirak etməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Materialların məhkəmə ekspertizası”na dair 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1829 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edilmiş, qalıq 0,405 qramdır.” Ekspertiza xərci 81 manatdır. - 05 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1(006)- 30/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 19 aprel 2023-cü il tarixdə 142,75 manat maddi ziyan vurmaqla; bundan başqa, təkrarən 21 aprel 2023-cü il tarixdə 138,65 manat maddi ziyan vurmaqla oğurluq etmiş, nəticədə həmin hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X3 22 avqust 2024-cü il tarixli, 5780 nömrəli rəyində göstərilmişdir ki, “müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(001)- 2395/2024 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmaqla 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Həmin məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X12 izahat verərək bildirmişdir ki, 03 aprel 2024-cü il tarixdə Novxanı Bağlar massivində Binəqədi PPXB-nin polis nəfərləri xidmətdə olan zaman 3 nəfər şəxsin şübhəli davranışlarını müşahidə etmiş, şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə onları 43-cü PB-yə dəvət etmişlər. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(001)- 2396/2024 saylı qərarından görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətə inzibati qaydada həbs edilmişdir. Həmin məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis kapitanı X8 izahat verərək bildirmişdir ki, 03 aprel 2024-cü il tarixdə X11 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində narkotik vasitə qəbul etmişdir... Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirirlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən birinci, yəni 28 fevral 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – təmiz çəkisi 0,256 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfeamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşıması epizodu üzrə cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında təqdiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olan heroin olduğunu, lakin, polis əməkdaşlarının həmin narkotik vasitəni tapa bilmədiklərini, belə ki, qarşılıqlıqdan istifadə edərək ağzında gizlətdiyi həmin narkotik vasitəni yerə atdığını bildirsə də, məhkəmə onun bu məzmunlu izahat verməsinə tənqidi münasibət bəsləyərək, hesab edir ki, onun bu hərəkəti özünümüdafiə xarakterlidir. Belə ki, ibtidai istintaq zamanı istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra verdiyi ifadə və izahatlarında törətmiş olduğu əməli səmimi etiraf etmiş, həmçinin məhkəmə iclasında dindirilmiş və ifadəsi elan olunmuş şahid ifadələri və iş materiallarında olan, şəxsi axtarış və götürmə barədə hərəkətin qeydə alındığı, məhkəmə iclasında nümayiş etdirilən videogörüntü ilə ittiham bu hissədə öz təsdiqini tapmışdır. Lakin, ittihamda göstərilən ikinci, yəni təqsirləndirilən şəxsin 03 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşıması epizoduna münasibətdə isə məhkəmə hesab edir ki, həmin epizod üzrə ittihamın sübuta yetirilməsində şübhələr mövcuddur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasındakı izahatında 03 aprel 2024-cü il tarixdə Novxanı qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən tək olmadığını, yanıda Asim və İsmayıl adlı tanışlarının da olduğunu və hər üçünün eyni maşınla Novxanı qəsəbəsinə narkotik vasitə əldə etmək üçün getdiklərini, lakin, narkotik vasitəni almadan polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmiş, onun vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X11 da bu halı təsdiq etmişlər. Digər tərəfdən, məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43cü PB-nin sahə inspektoru, polis mayoru Şahid4 ifadəsində 03 aprel 2024-cü il tarixdə Novxanı qəsəbəsində Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun tək olduğunu, yanında heç kimin olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(001)-2395/2024 və 3(001)-2396/2024 saylı qərarlarının məzmunundan da görünür ki, məhz Təqsirləndirilən şəxs qeyd etdiyi kimi, X2 və X11 narkotik və psixotrop maddələrin qeyri-qanuni istifadəsi əsası ilə 03 aprel 2024-cü il tarixdə inzibati qaydada tutulmuş, barələrində 05 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin, həmin məhkəmə iclasında Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X12 izahat verərək bildirmişdir ki, 03 aprel 2024-cü il tarixdə Novxanı Bağlar massivində Binəqədi PPXB-nin polis nəfərləri xidmətdə olan zaman 3 nəfər şəxsin şübhəli davranışlarını müşahidə etmiş, şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə onları 43-cü PB-yə dəvət etmişlər. Göründüyü kimi, ittihamın bu hissədə sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduğundan, qanunvericiliyin tələbinə əsasən, bu epizod ittihamdan çıxarılmalıdır. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamın birinci hissəsində göstərilən hərəkətində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Digər tərəfdən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1(006)-30/2024 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2023-cü il tarixdən hesablandığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanmaq yolu ilə, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın azadlıqdan məhrum etmə müddətinə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək və 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək olan 4 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 23 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, CM-in 93.1.2-ci maddəsinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,206 qram və 0,405 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri ittihamın sübut olunmuş hissəsinə müvafiq olaraq 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, ittihamdan çıxarılmış hissəyə münasibətdə isə 81 (səksən bir) manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1(006)-30/2024 saylı hökmü ilə məhkum edildiyi 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək və 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,206 qram və 0,405 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, 81 (səksən bir) manat isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Məhkəmə Ekspertizası Mərkəzinin (X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-108/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-108/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver