Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-109/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bərdə rayonunda doğulmuş, işləməyən, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Bərdə rayonu, Təbriz küçəsi ev 2-də qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 2022-ci ilin iyun ayının axırlarında, saat 23.00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evinə plastik pəncərədən qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 1180 manat təşkil edən “HP” markalı 01 ədəd “notebook” aparatını, dəyəri 300 manat təşkil edən 01 ədəd samovarı, hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat təşkil edən 02 ədəd ətiri, hər birinin dəyəri 28 manat olmaqla ümumi dəyəri 56 manat təşkil edən 02 ədəd yataq dəstini, dəyəri 36 manat təşkil edən 2 kq çəkidə “Golden Crown” markalı kərə yağını, dəyəri 12 manat təşkil edən 1 kq çəkidə “Sab” markalı kolbasanı, dəyəri 15 manat təşkil edən 5 kq çəkidə ağ gilas meyvəsini, dəyəri 12 manat təşkil edən 1 kq çəkidə qarışıq şokolad məmulatlarını, dəyəri 15 manat təşkil edən 01 ədəd qutuda müxtəlif markalı konfetləri, dəyəri 180 manat təşkil edən “Nokia” markalı 01 ədəd mobil telefonu və 200 manat nağd pul vəsaitini, yəni ümumilikdə 2086 manat dəyərində əmlak və pul vəsaitini tamah niyyəti ilə gizli talayıb Zərərçəkmiş şəxs1 2086 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, özgənin əmlakını təkrar talamaq məqsədi ilə 01 iyul 2022-ci il tarixdə, saat 02.00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik (DOS) ev 3, 1A nömrəli fərdi yaşayış evinin əvvəlcə həyət darvazasının aşmaqla həyətə, daha sonra evə bitişik sanuzel otağının nəfəsliyindən evə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 2250 manat təşkil edən 30 qram çəkidə 01 ədəd qızıl boyunbağını, dəyəri 675 manat təşkil edən 9 qram çəkidə 01 ədəd boyunbağını, ümumi dəyəri 600 manat təşkil edən 4 qram çəkidə 02 ədəd qızıl boyunbağını, dəyəri 1000 manat təşkil edən 20 qram çəkidə brillyant qaşlı 01 ədəd qızıl üzüyü, ümumi dəyəri 900 manat təşkil edən təxminən 30 qram çəkidə 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğadan ibarət qızıl komplekti, dəyəri 300 manat təşkil edən 5 qram çəkidə 01 ədəd qızıl üzüyü, dəyəri 450 manat təşkil edən 6 qram çəkidə 02 cüt qızıl sırğanı və dəyəri 400 manat təşkil edən üzərində 999 yazısı olan təxminən 4 qram çəkidə 01 ədəd qızıl külçəni, yəni ümumilikdə 6575 manat dəyərində əmlakını tamah niyyəti ilə təkrar gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddət fərdi işlə məşğul olsa da, bu iş davamlı olmamışdır. X1, atası X6 vəfat etdiklərindən o, acınacaqlı və tüfeyli həyat tərzi keçirmişdir. 2022-ci ilin iyun ayının sonuna yaxın, saat təxminən 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsində kirayə ev axtarmaq məqsədi ilə piyada gəzişərkən həyət evlərinin birinin qarşısından keçmiş və evin işıqlarının sönülü olduğunu görmüşdür. Evin işıqlarının sönülü olması onda ev sahibinin evdə olmaması qənaəti yaratmış və məhz həmin vaxt evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə kənara çəkilib ətrafa baxmış, təxminən 1 saata yaxın evi kənardan gözətləmiş və ətrafda kənar şəxslərin, eləcə də ev sahibinin evdə olmadığına əmin olduqdan sonra evin həyətinin hasarından aşaraq həyətə daxil olmuş, evin pəncərəsi açıq olduğundan həmin pəncərədən evin mətbəxinə daxil olmuş, sonra evdə qiymətli əşyalar axtarmağa başlamış, təxminən 1 saat evdə axtarışlar aparmışdır. «HP» markalı 01 ədəd notebook və 01 ədəd samovarı götürüb evi gəldiyi yerdən tərk etmiş, səhəri gün həmin notebooku metronun İnşaatçılar stansiyası yaxınlığında tanımadığı şəxsə 80 manata satmış, samovarı isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranı yaxınlığında miss-latun əşyalar toplayan tanımadığı şəxsə 35 manata satmış, əldə etdiyi vəsaiti ehtiyaclarına xərcləmişdir. Bu hadisədən təxminən 4-5 gün sonra, yəni 2022-ci ilin iyun ayının 30-dan iyul ayının 1-nə keçən gecə bir daha oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə saat təxminən 01.00-02.00 radələrində Bakı şəhərinin 20 yanvar dairəsindən Fövqəladə Hallar Nazirliyinin şəhərciyi istiqamətində dalanlarla piyada hərəkətdə olduğu zaman çöl tərəfdən divarının rəngi qırmızıya boyanmış, ağ rəngli dəmir qapısı olan həyət evinin işıqlarının sönülü olduğunu görüb, kənardan həmin evi izləməyə başlamışdır. Evin həyətinin və mənzilinin işıqlarının sönülü olması səbəbindən o, ev sakinlərinin evdə olmadığı qənaətinə gəlmişdir. O, ətrafda heç kəsin olmadığına, onun hərəkətlərini heç kəsin görə bilməyəcəyini, onu kənardan heç kəsin izləmədiyinə əmin olduqdan sonra həmin evin həyətinin dəmirdən olan ağ rəngli qapısına yaxınlaşaraq qapının üstündən tullanıb həyətə daxil olmuşdur. O, mənzilə girməyin planını qurduğu vaxt gözünə evin altındakı nərdivan dəymişdir. O, mənzilə damdan daxil olmaq istəmiş, lakin mənzilə daxil olmağın yolunu tapa bilməmişdir. Həmin vaxt mənzilin giriş qapısı ilə yanakı olan sanitar qovşağı otağının qapısının açıq olmasını görərək, həmin otağa daxil olmuşdur. Həmin otaqdan kiçik ölçülü nəfəsliyin mənzilin içinə açıldığını görüb həmin nəfəsliyi açıb mənzilin içərisinə girmişdir. Mənzilin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağına daxil olaraq otaqdakı paltar dolabından iki ədəd qadın çantasını götürüb yatağın üstünə qoymuşdur. Çantaların hər ikisinin içərisini axtarmağa başlamış və birinin içərisindən xeyli sayda qadın qızıl-zinyət əşyaların olduğunu görmüşdür. Həmin qızıl əşyalarını orada tapdığı qırmızı rəngli futlyarın içərisinə yığmışdır. Daha sonra həmin otaqda güzgülü masanın siyirmələrini axtarmış və orada az sayda qadın qızıl zinyət əşyaları, mənzilin və həyət darvazasının giriş qapılarının ehtiyat açarlarını tapıb götürmüşdür. Həmin açarlardan istifadə edərək evi tərk etdiyi zaman mənzilin giriş qapısını, daha sonra isə həyətin giriş qapısını çöldən bağlamışdır. Açarları həyətin giriş darvazasının üst hisəssinə qoymuşdur. Ələ keçirdiyi qadın qızılzinyət əşyaları arasında bir neçə sayda qızıl boyunbağı, bir neçə ədəd qızıl üzük, bir neçə cüt qızıl sırğa, 01 ədəd qızıl qolbaq və kiçik ölçülü, üzərində 999 yazıları olan qızıl külçə olmuşdur. Oradan uzaqlaşıb yaxınlıqdakı parkda əyləşərək səhərin açılmasını gözləmişdir. 01 iyul 2022-ci il tarixdə, səhər saatlarında metronun 20 Yanvar stansiyası yaxınlığında «Veletrok» adlanan, lakin hazırda ticarət mərkəzi kimi fəaliyyət göstərən yerin bayır tərəfindəki qızıl alışı və satışını həyata keçirən mağazalardan birinə yaxınlaşmışdır. O, üzərində olan şəxsiyyət vəsiqəsini, qızıl külçə istisna olmaqla oğurladığı bütün qızıl əşyalarını həmin mağazada çalışan bir şəxsə təqdim edib qiymətləndirməsini xahiş etmişdir. Həmin şəxs qızıl əşyalarının ayrı-ayrılıqda qiymətini bildirərək, həmin əşyaları 3710 manata ala bilcəyini söyləmişdir. Həmin şəxs ondan qızıl əşyalarının kimə məxsus olduğunu soruşduqda o, əşyaların nənəsinə aid olduğunu demişdir. Bundan sonra həmin şəxs alqı-satqı qəbzi çıxararaq həmin qəbzin müvafiq xanalarını doldurub və şəxsiyyət vəsiqəsinin surətinə tələb etməklə qızıl-zinyət əşyalarını alaraq ona 3710 manat pul vermişdir. Əldə etdiyi həmin məbləği polis əməkdaşları tərəfindən tutulduğu günədək müxtəlif restoranlarda, əyləncə məkanlarında, bəzi hallarda rayonlara istirahətə getməklə, özünə geyim əşyaları almaqla xərcləmişdir. Oğurladığı əşyaların real dəyəri haqqında heç bir fikri olmamışdır. Bundan əlavə o, Zərərçəkmiş şəxs1 mənzilindən ağ gilas, ətir, nağd pul, konfet və şokolad, kolbasa, kərə yağı, mobil telefon və yataq dəsti oğurlamamışdır. O, verilən suala cavab olaraq bildirmişdir ki, cinayətləri tək törətmiş, heç kəs ona kömək etməmişdir. O, maddi imkanı olmadığından, valideynləri olmadığından zərər çəkmiş şəxslərə vurduğu ziyanı ödəmək imkanı yoxdur. Ona görə də, deyilənlərin və əməlindən peşman olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə valideyninin halı pisləşdiyi üçün o, Qusar rayonuna getmiş və sonradan valideyni vəfat etmişdir. O, bir müddət Qusar rayonunda qaldıqdan sonra 02 iyul 2022-ci il tarixdə, saat 18 radələrində rayondan evinə geri qayıtmış və evinə girərkən evin dəhlizindəki plastik pəncərənin açıq olduğunu, ev əşyalarının dağınıq olduğunu aşkar etmiş və evində oğurluq baş verdiyinə əmin olub DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Mənzildən 1180 manat təşkil edən “HP” markalı 01 ədəd “notebook” aparatı, dəyəri 300 manat təşkil edən 01 ədəd samovar, hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat təşkil edən 02 ədəd ətir, hər birinin dəyəri 28 manat olmaqla ümumi dəyəri 56 manat təşkil edən 02 ədəd yataq dəsti, dəyəri 36 manat təşkil edən 2 kq çəkidə “Golden Crown” markalı kərə yağı, dəyəri 12 manat təşkil edən 1 kq çəkidə “Sab” markalı kolbasa, dəyəri 15 manat təşkil edən 5 kq çəkidə ağ gilas meyvəsi, dəyəri 12 manat təşkil edən 1 kq çəkidə qarışıq şokolad məmulatları, dəyəri 15 manat təşkil edən 01 ədə qutuda müxtəlif markalı konfetlər, dəyəri 180 manat təşkil edən “Nokia” markalı 01 ədəd mobil telefon və 200 manat nağd pul vəsaiti, yəni ümumilikdə 2086 manat dəyərində əmlak və pul vəsaiti oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs ziyanı ödəmədiyindən sonuncu ilə barışmamış, ondan şikayətçidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə, saat 07.00 radələrində ailəsi ilə birlikdə Bakı şəhərində yaşayan anası X5 ziyarət etmək məqsədi ilə evi tərk etmişdir. Gecəni anasının mənzilində ailəsi ilə birlikdə keçirib, səhəri gün, yəni 01 iyul 2022-ci il tarixdə, saat 21.00 radələrində yaşadığı ünvan 1 ünvanına gəlmişdir. O, evə gəldikdə mənzilin giriş qapısı bağlı vəziyyətdə olmuş, mənzilin açarı ilə qapının kilidini sərbəst açıb evə daxil olmuşdur. Evə daxil olduqdan sonra isə mənzildə dağınıq izlərinə rast gəlmişdir. İlk baxışdan mənzilə kənar şəxs və ya şəxslərin daxil olduğu və mənzildən oğurluq edildiyini yəqin etmişdir. Mənzildən hansı və nə qədər dəyərdə əşyaların oğurlandığını müəyyən edərkən ona aydın olmuşdur ki, mənzildən dəyəri 2250 manat təşkil edən 30 qram çəkidə 01 ədəd qızıl boyunbağı, dəyəri 675 manat təşkil edən 9 qram çəkidə 01 ədəd qızıl boyunbağı, ümumi dəyəri 600 manat təşkil edən 4 qram çəkidə 02 ədəd qızıl boyunbağı, dəyəri 1000 manat təşkil edən 20 qram çəkidə brilyant qaşlı 01 ədəd qızıl üzük, ümumi dəyəri 900 manat təşkil edən təxminən 30 qram çəkidə 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğadan ibarət qızıl komplekt, dəyəri 300 manat təşkil edən 5 qram çəkidə 01 ədəd qızıl üzük, dəyəri 450 manat təşkil edən 6 qram çəkidə 02 cüt qızıl sırğa və dəyəri 400 manat təşkil edən üzərində 999 yazısı olan təxminən 4 qram çəkidə 01 ədəd qızıl külçə oğurlanmışdır. Onun ümumilikdə 6575 manat dəyərində qızıl-zinyət əşyaları oğurlanmış və həmin dəyərdə ona maddi ziyan vurulmuşdur. Hadisə ilə əlaqədar aparılmış ilkin təhqiqat araşdırmasından narazı qalmışdır. O, hesab etmişdir ki, hadisə yeri, yəni mənzil istisna olmaqla oğurluq olan mənzilə yaxın ərazilər bir incələnməli, ətraflı baxış keçirilməli, yaxında yaşayan qonşular, ictimai iaşə obyektlərinin sahibləri və orada çalışanlar istintaqa cəlb edilməli, oğurluq hadisəsi üzrə ifadələri alınmalı, oğurluq olan mənzilin yaxınlığındakı təhlükəsiz şəhər kamerasının oğurluq olan tarixə və vaxta uyğun görüntüləri götürülməli və istintaq materiallarına əlavə edilməli idi. Onun fikrincə, mənzildə oğurluq edən şəxs əvvəlcədən mənzil və orada yaşayan şəxslər barədə məlumatlı olmuş, həmin mənzili ona əvvəlcədən naməlum şəxs və ya şəxslərə işarə vermiş, yəni oğurluq cinayəti əvvəlcədən bir neçə şəxs tərəfindən planlaşdırılaraq icra edilmişdir. O, hesab edir ki, ilkin təhqiqat araşdırması obyektiv və təxirəsalınmadan həyata keçirilmiş olsaydı, mənzilindən oğurlanmış qızıl əşyalarını qəbul edən şəxsdən həmin əşyaları maddi sübut olaraq götürmək mümkün olardı, yəni araşdırmanın hazırki dövrünədək ona vurulmuş əşyanın qaytarılması istiqamətində heç bir əməli tədbir görülməmişdir. Bir sözlə hazırki vaxtadək aparılmış araşdırmadan və qızıl əşyalarının qaytarılmamasından narazı qalmışdır. Hazırda Təqsirləndirilən şəxs ziyanı ödəmədiyindən sonuncu ilə barışmamış, ondan şikayətçidir. Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, metronun 20 Yanvar stansiyası yaxınlığında «Park 20 Shopping» ticarət mərkəzinin nəzdində, qızıl zinyət əşyalarının alışı ilə bağlı fəaliyyət növü ilə məşğul olmuşdur. Əvvəllər onun fəaliyəti lisenziyalaşdırılmış, lakin sonralar ölkə başçısının müvafiq sərəncamından sonra bu fəaliyyət növünə verilmiş lisenziyalar ləğv edilmiş və bu fəaliyyət növü ilə müstəqil və sərbəst məşğul olmağa icazə verilmişdir. 01 iyul 2022-ci il tarixdə, saat 11.00-12.00 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs onun iş yerinə gəlib nənəsinə məxsus qızıl-zinyət əşyalarını yaxın qohumunun xəstəliyi ilə əlaqədar satdığını söyləmişdir. Həmin şəxs şəffaf sellofan torbadan özü ilə gətirdiyi qızılzinyət əşyalarını piştaxtanın üzərinə qoymuşdur. Bundan sonra o, qızıl əşyalarını bir-bir dəqiqləşdirərək, qızıl əşyalarının onların çəkisinə, əyar göstəricilərinə və hazırki bazar qiymətinə uyğun dəyərləndirib bu barədə həmin şəxsə məlumat vermişdir. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb edərək alacağı qızıl əşyalarının foto şəklini çəkmişdir. Əvvəlcədən tərtib etdiyi «alqı-satqı» qəbzində hər bir qızıl əşyasının əyyarını, çəkisini, sayını və ümumi dəyərini qeyd etmişdir. Ona qızıl əşyalarını təqdim edən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olduğunu bilmiş və onun adını, soyadını, ata adını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, əlaqə telefonunu «alqı-satqı» qəbzində qeyd etmişdir. Onun Təqsirləndirilən şəxs aldığı qızıl əşyaları qadın cinsinə mənsub əşyalar olmuş, hazırda həmin əşyaları tam olaraq xatırlamır. Aldığı həmin qızıl əşyalarına görə Təqsirləndirilən şəxs ümumilikdə 3710 manat pul vermişdir. Təqsirləndirilən şəxs qızıl əşyalarını qanunsuz yollarla əldə etdiyi barədə ona heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 1) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 2022-ci ilin iyun ayının axırlarında, saat təxminən 23.00 radələrində olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evində baş vermişdir. Mənzildən əl-barmaq izləri götürülmüşdür. (i.v. 11-24) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 iyul 2022-ci il tarixli, 011-8703-122 saylı məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində 01 ədəd əl-barmaq izi xx xxxx 1991-ci ildə Bərdə rayonunda doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. (i.v. 44) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 46) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, dayandırılmış cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilərək iş üzrə ibtidai istintaq davam etdirilmişdir. (i.v. 48) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 66-67) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 78) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 79-80) Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-853/2022 saylı qərarı ilə təqsirləndirilən şəxs X3 barəsində 25 iyul 2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün istintaq aidiyyatı üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. ( i.v. 84-85) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, iş üzrə ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir. ( i.v. 91-93) xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 iyul 2022-ci il tarixdə saat 02.00 radələrində olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik (DOS) ev 3, 1A nömrəli fərdi yaşayış evinin baş vermişdir. (i.v. 103-107) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13.20-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 13.15-dən tutulmuş hesab edilmişdir. (i.v 139-140) xx.xx.2022-ci il tarixli «Sənədlərə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, cinayət işinin 114 və 115-ci vərəqələrini təşkil edən, bir ədəd vərəqədə «Alqı-satqı qəbzi» adlı sənədə və bir ədəd vərəqə üzərinə əks edilmiş 02 ədəd foto təsvirə baxış keçirilmişdir. Baxış zamanı Şahid, hər iki sənədi Bakı şəhəri, 6-cı Polis bölməsinin baş təhqiqatçısı Rövşən Məmmədova təqdim etdiyini bildirmişdir. Baxışda iştirak edən Şahid qeyd etmişdir ki, «Alqı-satqı qəbzi» adlı sənəddəki əl-yazmalar onun tərəfindən diyircəkli qələmlə 01 iyul 2022-ci il tarixdə icra edilmiş, buna səbəb məhz həmin tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onun çalışdığı Bakı şəhəri, Nəsimi rayonu, metronun 20 Yanvar stansiyası yaxınlığında «Park 20 Shopping» ticarət mərkəzinin nəzdində təxminən 2 kvadrat metr ərazidəki qızıl əşyalarının alqı-satqısını həyata keçirdiyi köşkə gələrək ona nənəsinə məxsus 583 əyyarlı 03 ədəd qızıl boyunbağı, 583 əyyarlı 01 ədəd qızıl qolbaq, 583 əyyarlı 04 ədəd qızıl üzük, 583 əyyarlı 04 cüt qızıl sırğa, 583 əyyarlı 03 ədəd qızıl klounu satması olmuşdur. Şahid onu da qeyd etmişdir ki, 02 ədəd foto təsvirdəki qızıl əşyaları ona Təqsirləndirilən şəxs tərəfindən 01 iyul 2022-ci il tarixdə satılmış əşyalardır və həmin şəkilləri o, alqı-satqı zamanı mobil telefonu ilə çəkmişdir. Cinayət işinə əlavə edilmiş və iş materiallarının 114 və 115-ci vərəqələrini təşkil edən «Alqı-satqı qəbzi» adlı sənədə və bir ədəd vərəqə üzərinə əks edilmiş 02 ədəd foto təsvirə keçirilmiş baxış zamanı «Alqısatqı qəbzi» adlı sənədin üzərində «1.07.2022, İlkin, Süleymanov Qərib, AA 38554505, 3 ədəd sep 583, 32.3, 3, 1 ədəd qolbaq 583 1.9, 1, 4 ədəd üzük 583, 18.1, 4, 4 cüt sırğa 583, 10.7, 4, 3 ədəd klon 583, 8.3, 3710, imza…., ***-***-**-**, S.Ə…imza» yazı əlavəsinin olduğu, 01 ədəd vərəqə üzərində əks edilmiş 02 ədəd foto təsvirdə 03 ədəd qızılı rəngli boyunbağı, 01 ədəd qızılı rəngli qolbaq, 04 ədəd qızılı rəngli üzük, 04 cüt qızılı rəngli sırğa, 03 ədəd qızılı rəngli klounun vəTəqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin hər iki üzünün təsvirinin olduğu müəyyən edilmişdir. (i.v. 152) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 177-179) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid ilə üzləşdirilmiş və hər iki tərəflər ifadələrini bir daha təsdiq etməklə bir-birilərinin üzünə qarşı bildirmişlər. (i.v. 186-189) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və müvafiq hökm, qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmiş və cəzası 06 ay azaldılmış, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qərarı ilə cəzası 01 il 06 ay azaldılmış və 18 dekabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v 203-204,207-218) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-1207/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. (i.v 230-233) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 3/1373 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş 1 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri 2,3,4,5,6 saylı daktilolentlərin səthlərindəki papiylar naxış izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sol əlinin orta barmağından qalmışdır. (i.v 243-244) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evində və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik (DOS) ev 3, 1A nömrəli fərdi yaşayış evində törədilmiş hadisələrin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 260-262) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 1 və 3 saylı daktilolentlərə köçürülmüş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının və sol əlinin orta barmağının izi, bir ədəd vərəqədə «Alqı-satqı qəbzi» adlı sənəd və bir ədəd vərəqə üzərinə əks edilmiş 02 ədəd foto təsvirin sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 264-277) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. ( i.v. 279-280) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ziyanı ödəmədiyindən barışmamış, ondan şikayətçi olmaqla sonuncu barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ziyanı ödəmədiyindən barışmamış, ondan şikayətçi olmaqla sonuncu barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evindən “HP” markalı 01 ədəd notebook və 01 ədəd samovarı götürməsi, həmin mənzildən ağ gilas, ətir, nağd pul, konfet və şokolad, kolbasa, kərə yağı, mobil telefon və yataq dəsti oğurlamaması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, ziyanların ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13.20-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 13.15dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-853/2022 saylı qərarı ilə təqsirləndirilən şəxs X3 barəsində 25 iyul 2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 4/(001)-1207/2022 saylı qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 13.15-dən hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 1 və 3 saylı daktilolentlərə köçürülmüş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının və sol əlinin orta barmağının izi, bir ədəd vərəqədə «Alqı-satqı qəbzi» adlı sənəd və bir ədəd vərəqə üzərinə əks edilmiş 02 ədəd foto təsvir cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, ekspertizasının keçirilməsinə xərclənmiş 61,29 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən, saat 13.15-dən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qəsəbəsi, Qərb sahili küçəsində yerləşən 120 saylı fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 1 və 3 saylı daktilolentlərə köçürülmüş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının və sol əlinin orta barmağının izi, bir ədəd vərəqədə «Alqı-satqı qəbzi» adlı sənəd və bir ədəd vərəqə üzərinə əks edilmiş 02 ədəd foto təsvir cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-109/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-109/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver