Məhkəmə qərarları › İş №1(001)-111/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-111/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-111/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə müraciət edərək, X1 CMin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, «Xural tv»-nin rəhbəri X4 (Əvəz Zeynallı) 01 dekabr 2021-ci il tarixdə «Xural tv»də nümayiş etdirilən «Siyasət Meydanı» verilişində «AMEA- nın İnsan Hüquqları İnstitutunda nələr baş verir» mövzulu buraxılışında verlişin-müsahibənin 49:50 dəqiqəsində Esmira Orucova adlı qonaq-müsahibinə suallarla müraciət edir. O, heç bir cinayət əməli törətmədiyi halda, «Xural tv»-nin rəhbəri Əvəz Zeynallı 01 dekabr 2021-ci il tarixində «Xural tv»də apardığı verlişdə qeyd edir ki, onun adı Tərtər rayonunda və ya digər yerlərdə bu və ya digər şəxslərə qarşı törədilmiş cinayət əməllərində hallanır. Yəni «Xural tv»-nin rəhbəri X4 (Əvəz Zeynallı) onu faktiki olaraq, ağır və xüsusilə ağır cinayət əməllərini törətməkdə ittiham edir. Qaranlıq yollarla AMEA Rəyasət heyəti aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmasını iddia edir. Baxmayaraq ki, işə qəbul olunana kimi o, AMEA-nın heç bir əməkdaşı, o cümlədən AMEA prezidenti ilə şəxsi və ya kimlərinsə vasitəsi ilə heç bir tanışlığı və ya əlaqələri olmamışdır. «Xural tv»-nin rəhbəri Əvəz Zeynallı onun üzərinə böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatındateleviziya verlişində qəsdən yaymaqla ona qarşı açıq- açığına böhtan atmış, onun şərəf və ləyaqətini ləkələmiş, az ağır, ağır və xüsusi ağır cinayət əməllərini törətməkdə ittiham etmiş və onu təhqir etmişdir. Bununla da, Əvəz Zeynallı ona şər və böhtan atmaqla, onu az ağır, ağır və xüsusilə ağır cinayət əməllərini, o cümlədən Azərbaycan Respublikasının CM-nin 133.2- ci maddəsində (133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, eyni əməllər 133.2.1. iki və ya daha çox şəxsə qarşı... 133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;... 133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə; 133.2.6. işgəncə verməklə törədildikdə., iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 274-cü maddəsində (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.), 295ci maddəsində (295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—...295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.), 308-ci maddəsində «308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda...308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda ...üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) və 309-cu maddəsində (309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda...309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) nəzərdə tutulmuş az ağır, ağır və xüsusilə ağır cinayət əməllərini törətməkdə heç bir əsası olmadan qəsdən ittiham etmişdir. «Xural tv»nin rəhbəri Əvəz Zeynallı 01 dekabr 2021-ci il tarixində «Xural tv»də onun barəsində sifariş formalı qərəzli məlumatlar yaymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 vəkili Müdafiəçi bildirmişdir ki, şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində müəyyən edilmiş tələblərə cavab vermir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. İş materiallarından, həmçinin şikayət ərizəsinin mətnindən məlum olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,2 148-ci maddələrinin əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 CM-in 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar