Məhkəmə qərarları › İş №1(001)-111/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-111/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-111/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şahsevər oğlunun, Müdafiəçi – 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1984-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxt və şəraitdə naməlum mənbədən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “İJ- 18E” modelli, В 75274 №-li xarici çaxmaqlı, təklüləli, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən atəş üçün yararlı olan ov tüfənginin kəsiyini və zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararlı, 12 kalibrli, “İJ- 18E” modelli, В 75274 №-li ov tüfənginin kəsiyində də istifadə oluna bilən atəşə yararlı 7 ədəd patronları əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Bundan başqa o, 29 avqust 2023-cü ildə saat 13:30-da ictimai yer hesab olunan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu 53A ünvanın qarşısında, Zərərçəkmiş şəxs ilə söhbət zamanı arvadı Şahid5 hansı səbəbə görə öz atasının evinə getməməsini soruşduqda və Zərərçəkmiş şəxs “get öz atandan soruş” cavab verməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yerdə, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs zor tətbiq edib qanunsuz olaraq əldə etdiyi odlu silah hesab olunan ov tüfənginin kəsiyindən silah qismində istifadə edib həmin ov tüfəngin kəsiyindən çiynindən asmış olduğu qara rəngli çantadan çıxarmadan sonuncunun sol ayaq nahiyyəsindən atəş açaraq sol budun aşağı 1/3-in arxa və arxa iç səthinin yaraları dəlib-keçən odlu silah yarasının giriş və çıxış dəlikləri olmaqla patronu mərmi ilə (mərmilərlə) doldurulmuş odlu silahdan atılmış bir atəş nəticəsində əmələ gələn, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirib xuliqanlıq etmiş və hadisə yerindən uzaqlaşdıqdan sonra 30 avqust 2023-cü ildə Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərindən 1 ədəd zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “İJ-18E” modelli, В 75274 №-li xarici çaxmaqlı, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş qanunsuz odlu silah hesab edilən atəş üçün yararlı olan ov tüfəngin kəsiyi və zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararlı 7 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində özünü təqsirli bilərək, CM-in 221.3cü maddəsi ilə ona edilmiş ittihamda isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 5 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin may ayında azadlığa çıxmışdır. Buna qədər, yəni 2016-cı ildə keçmiş arvadı Gülnarla rəsmi boşanmış, məhkəmə qətnaməsi ilə Gülnarla birgə nikahdan olan 9 yaşlı oğlu Akif anası ilə yaşamış, hər ay aliment olaraq Gülnara 125 manat ödəmişdir. Azadlığa çıxdıqdan sonra evinə qayıtdıqda rəsmi boşandığı keçmiş arvadının atasıyla ögey anasının birgə yaşadığı ünvan 4 ünvanda olduğunu görmüş, ailə üzvlərindən keçmiş arvadının nəyə görə onların evində qaldığını soruşduqda bildirmişlər ki,birlikdə yaşamaqlarını istəyir. O, isə buna etiraz etmiş, etiraz etməsinə səbəb arvadı Gülnarın həbsdən qayıtdıqda qızının olduğunu və atasının kim olduğunu bilməməyi və onunla münasibətlərinin alınmadığı olmuşdur.Buna görə də keçmiş arvadı Gülnarın atası Bəndalıya bu barədə məlumat verib evə qayıtmaq işdəyini bildirmiş, azadlığa çıxdıqdan təxminən 2-3 ay sonra arvadı Gülnar atası Bəndalı ilə birlikdə İmişli rayonuna qayıtmışlar, oğlu Akifin anası ilə getməsinə icazə verməmişdir ki, məhkəmə qərar çıxardıqdan sonra uşağın kimdə qalması məsələsi aydınlaşar. Arvadı Gülnar atası Bəndalı ilə birlikdə İmişli rayonuna getdikləri günün səhərisi gün yuxudan ayıldıqda evdə heç kimin olmadığını görmüş, dərhal ögey anası Elmiraya zəng edərək haraya getdiklərini soruşduqda anası oğlu Akifi anası Gülnara təhvil verməyə getdiklərini demiş, o, uşağının nəyə görə anasına təhvil vermək istədiklərini soruşduqda anasıyla atası heç bir tutarlı əsas göstərə bilməmiş, artıq baş vermiş bu hadisələrdən çox əsəbləşmiş, səhərisigün anasıyla atası zəng edərək yaşadığı ünvan 4 ünvanını tərk etməsini istəmişlər. Onlara geri qayıtmaqlarını və qayıtdıqdan sonra bu barədə danışa biləcəklərini bildirmiş, atasıyla anası Bakı şəhərinə qayıtdıqda birgə yaşadıqları evə gəlməmişlər, onun keçmiş arvadı olan Gülnarı da götürüb Müşfiq qəsəbəsində dəqiq ünvanı xatırlamadığı yerdə ölmüş əmisi Rövşənə məxsus evdə yaşamışlar. Həmin evdə heç kim yaşamırmış, artıq həmin ev üstündə mübahisələr yarandığından, eləcə də onlardan uzaqlaşmaq istəməyini nəzərə alıb atası Məzahir, ögey anası Elmira və ögey dayısı İsfəndiyarla bu barədə danışmış, yaşadığı evin yaxınlığında özü tikdiyi “Şamaxı” çay evini və yaşadığı evi satmaq qərarına gəldiyini onlara demiş, ilkin olaraq həm atası, həm anası, həm də dayısı onun fıkriylə razılaşmış, hətta dayısıyla söhbət zamanı ona keçmiş arvadının atası və anasıyla birgə yaşaması ögey anası Elmira və onun yəni dayısı İsfəndiyarın sifarişi olduğunu demiş, buna səbəb atası Məzahirin onlardan çəkindiyini və atasının onun bilmədiyi səhvi olmuş, dayısı da həmin söhbəti deməsə də, söhbətdən istifadə edib məcbur edirmiş ki, keçmiş arvadı onlarla birgə yaşasın. “Şamaxı” çay evini 26000 manata satmış, həmin pulun 10000 manatını atasıyla anasına vermiş, bundan sonra atasıyla anası evi satmağına razı olmamış, onlar evdə qeydiyyatda olduğundan o, həmin evi sata bilməmiş, atasıyla anası Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq qeydiyyatda olduqları evdə yaşamaq istədiyini bildirmiş, o, atası və anasıyla birgə yaşamağa etirazı olmamış, lakin keçmiş arvadının da onlarla birgə yaşamasına qarşı olmuş, bunu da atası, anası və dayısına dəfələrlə demiş, məhkəmə yekunda qətnamə çıxararaq atasıyla anasının onunla birlikdə yaşamağını bildirsə də, keçmiş arvadını da onlar evə gətirmişlər, o, buna etiraz olaraq təxminən 1 həftə bundan öncə evi tərk etmiş, ilkin olaraq ölmüş babası Əbilxandan yadigar olaraq saxladığı təklülə tüfəngi Qobustan rayonu ərazisində Ajdərə kimi adlanan yerdə torpağa basdırdığı hissədən çıxarmış, daha sonra Xaçmaz rayonuna gedib dəqiq ünvanını xatırlamadığı ovçu mağazasından 8 ədəd həmin tüfəng üçün nəzərdə tutulmuş güllələri 1 ədədi 1,5 manat olmaqla ümumilikdə 12 manat ödəyib almış, həmin gün Bakıya qayıtmış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində isə dayısı İsfəndiyarın Binəqədi rayonu Biləcəri qəsəbəsində dəqiq ünvanını bilmədiyi evinə getmiş, dayısını evdən çağırıb onunla söhbət etmək istədiyini bildirmiş, dayısıyla piyada gəzərək söhbət etməyə başlamış, ondan soruşmuş ki, əvvəllər danışıb evin satılması barədə razılaşmışlar, nəyə görə indi onu atasıyla anası yaşadığı evdən çıxarıb əvvəlki arvadıyla birgə yaşayırlar, dayısı İsfəndiyar onunla evin satılmasında əvvəllər razılıq olduğunu demədiyini bildirmiş, bundan başqa dayısı onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, məhz onunla həmin gün saat 13:30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu 53 ünvanın qarşısında söhbət edən zaman İsfəndiyar bildirmişdir ki, gedib atandan keçmiş arvadınla atanın bir evdə nəyə görə yaşadığını soruşum? Bu söz ona çox pis təsir etmiş, həmin vaxt Qobustan rayonundan gətirdiyi tüfəng də içərisində güllə ilə doldurulmuş vəziyyətdə çiynindən asdığı çantanın içərisində olmuş, dayısının ona qarşı dediklərinə tab gətirməmiş və əlini çantanın içərisinə salıb tüfəngi çantadan çıxarmadan 1 dəfə dayısının sol ayaq nahiyyəsindən atəş açmış, güllənin dayısının ayağına girdiyini və ayağından qan gəldiyini görmüş, bundan sonra hadisə yerindən uzaqlaşmış, həmin gün Qobustan rayonu Ərəbşalbaş kəndinə yollanmış, hadisədən bir gün sonra isə polis əməkdaşları kəndə gələrək onu tapmış və birlikdə Binəqədi rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş, həmin vaxt dayısı İsfəndiyarı vurduğu silahı da polis əməkdaşlarına təqdim etmişdir. Dayısı İsfəndiyarı xuliqanlıq etmək üçün yox, evlə bağlı aralarındakı mübahisəyə görə vurmuşdur. Ona görə də həmin əməldə özünü təqsirli hesab etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şahsevər oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 12 radələrində yaşadığı ünvanda tək olarkən bacısı Şahid3 ögey oğlu Təqsirləndirilən şəxs qapını döyüb gəlmiş, o, Ayazı gördükdə Ayaz onunla söhbət etmək istədiyini və dərhal nəyə görə boşandığı arvadı Gülnarın hələ də öz atası Məzahir və ögey anası Elmira ilə birgə yaşadığını ondan soruşmuşdur. O, Ayaza bu barədə hər hansı məlumata malik olmadığını, bunu ata və anasından soruşmasını demişdir. Ayaz onu çöldə söhbət etməyə çağırdığından evdən çıxmış, avtomobil yolun kənarı ilə piyada gedərkən Ayaz heç bir səbəb olmadan qəfildən əlini çiynindən asdığı qara rəngli çantanın içərisinə salmış, sanki çantanın içərisində nə isə axtarmış, qəflətən çantanın içərisindən atəş səsi gəlmiş, odlu silah Ayazın çantasının içərisində olmuş, Ayaz onu çantanın içərisindəki dəqiq görmədiyi odlu silahla 1 dəfə atəş açıb sol ayağının bud hissəsindən vurmuş və oradan qaçmağa başlamışdır. O, axsayaraq yolda hərəkətdə olan nömrəsini bilmədiyi “Toyota Prius” markalı avtomobili saxlatdırmış və onu təcili xəstəxanaya aparmasını xahiş etmişdir. Həmin avtomobilin sürücüsü onu Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Orada ona tibbi yardım göstərmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadələrində guya onlar arasında evlə bağlı mübahisə olduğunu və buna görə onu silahla vurduğunu bildirsə də, bu doğru deyil. Onunla Təqsirləndirilən şəxs arasında nə evə görə, nədə ki, başqa bir səbəbdən heç vaxt mübahisə olmamışdır. Hadisə vaxtı Ayaz ondan boşandığı arvadı Gülnarın hansı səbəbdən hələ də atası Məzahir və ögey anası Elmira ilə birgə yaşadığını soruşmuş, o isə Ayaza bu barədə hər hansı məlumata malik olmadığını, ailə məsələsi olduğu üçün bunu ata və anasından soruşmasını demişdir. Həmin vaxt Ayaz onunla evlə bağlı hər hansı söhbət aparmamışdır. Çünki, evin ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir və onun ciddi cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, X1 ilə 1990-cı ildən birlikdə qeyri-rəsmi yaşayır, birgə yaşadıqları müddətdə Sayad adlı qızları doğulmuşdur. Bundan başqa keçmiş arvadı Tamam Kərimova ilə birgə nikahlarından Gülşən və Ayaz adlı uşaqları doğulmuşdur. Təqsirləndirilən şəxs doğma oğlu olsa da, onunla münasibətləri yaxşı olmamış, Ayaz öz arvadı Gülnarla birlikdə onlarla birgə yaşamışlar. 2021-ci ilin fevral ayında Ayazın arvadı Gülnar, onun uşaqları və qeyri- rəsmi birgə yaşadığı Elmira ilə birlikdə İmişli rayonuna getmək qərarına gəlmişlər, Ayaza da onlarla birlikdə getməsini təklif etmiş, Ayaz getmək istəmədiyini bildirmişdir. Bir neçə gün sonra İmişli rayonundan qayıtmışlar, həmin gün Ayazın arvadı Gülnarın ağladığını görmüş, ondan nə baş verdiyini soruşduqda Gülnar Ayazın onu boşamaq istədiyini bildirmiş, bu səbəbdən Gülnar atasının İmişli rayonundan gəlib onu aparması üçün çağırdığını demişdir.Ayazdan bunun səbəbini soruşduqda Ayaz heç bir əsas deməmiş, həm arvadı, həm də onun ünvanına nalayiq ifadələr işlətmiş, bir neçə saatdan sonra Gülnarın atası yaşadıqları evə gəlmiş, Ayaz da həmin vaxt evdə olmuş, Ayaz Gülnarın atasından nəyə görə gəldiyini soruşduqda o, Gülnarın onu çağırdığını və Gülnarla uşaqlarını İmişli rayonuna aparacağını demiş, bundan sonra Ayaz həmin şəxsin ünvanına da nalayiq ifadələr işlətməyə başlamış, Gülnarın atası isə Gülnarı və 2 yaşlı nəvəsi olan Elmiranı aparmışdır. xx.xx.2021-ci ildə Elmira ilə birlikdə qərara gəlmişlər ki, nəvələri Akifi də anasının yanına İmişli rayonuna aparsınlar. Akifi anası Gülnara təhvil verdikdən sonra yenidən Bakı şəhərinə qayıtmışlar. O, arvadı Elmira ilə Bakıya qayıtsa da, öz evlərinə getməmişlər. Ayazla telefon vasitəsi ilə bir neçə dəfə danışsa da, Ayaz arvadı və uşaqlarının geri qayıtmasını istəmədiyini, onlarla birlikdə yaşamayacağını bildirmiş, bundan sonra o, ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət etmiş, 2023-cü ilin avqust ayında Binəqədi rayon Məhkəməsi qətnamə çıxararaq onunla Elmiranın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y/M, Binəqədi yolu 58 ünvanda yerləşən evlərinə köçürülməsini təmin etmiş, icraçılarla birlikdə yaşadıqları evə qayıtmışlar. Ayaz arvadı Gülnarın və uşaqlarının geri qayıdacağı təqdirdə onlarla yaşamaq istəmədiyini bildirmiş, bundan sonra Ayaz evi tərk etmiş, 29 avqust 2023-cü il tarixdə günorta saatlarında Elmiranın qardaşı İsfəndiyarla Ayazın yaşadıqları evin qarşısında söhbət etdiklərini görmüş, bir neçə dəqiqə sonra arvadı Elmira ona Ayazın İsfəndiyarı tüfənglə vurmasını demiş, bundan sonra evin qarşısına polis əməkdaşlarının gəldiyini görmüşdür. Nəvələrinin hər ikisinin də atası Ayazdır, Ayazın nəyə görə öz uşaqlarını və arvadını istəməməsinin səbəbini bilmir, bu barədə Ayaz onlara heçnə deməmişdir. M.C.Cəbiyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadələrində ögey dayısı İsfəndiyarla aralarında evlə bağlı mübahisə olduğunu və buna görə onu silahla vurduğunu bildirsə də, yalan ifadə verir. Ayazla İsfəndiyar arasında nə evə görə, nədə ki, başqa bir səbəbdən heç vaxt mübahisə olmamışdır. Ayaz İsfəndiyarın evinə gedərək ondan boşandığı arvadı Gülnarın hansı səbəbdən hələ də atası Məzahir və ögey anası Elmira ilə birgə yaşadığını soruşmuş, İsfəndiyar isə Ayaza bu barədə hər hansı məlumata malik olmadığını, ailə məsələsi olduğu üçün bunu ata və anasından soruşmasını demişdir. Həmin vaxt onlar arasında evlə bağlı hər hansı söhbət olmamışdır. Bundan başqa Ayaz ifadəsində odlu silah hesab olunan tüfəngin babasından qaldığını desə də, bu da doğru deyil. Belə ki, babasının gözü kor olmuş, vəfat edənədək 30 ildən çox görməmişdir. Gözü görməyən bir şəxsin tüfəng əldə edib saxlaması da mümkün deyil. Ehtimal edir ki, aralarında gərgin münasibət olduğundan Ayaz odlu silahı onlara qarşı cinayət törətmək məqsədilə əldə etmişdir. Çünki, arvadı Elmiraya bir neçə dəfə demişdir ki, hamınızı qıracağam. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, habelə iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü ildə saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 53 A ünvanın qarşısında vətəndaş Zərərçəkmiş şəxs Şahsevər oğlunun odlu silahdan atəş nəticəsində ayağından xəsarət alması barədə Binəqədi RPİ-in 6-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında hadisəni törətmiş şəxsin və ya şəxslərin kimliyini müəyyən edilməsi məqsədi ilə tədbirlər keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilərək onun Qobustan rayonu ərazisində olması müəyyən edilmiş, 30 avqust 2023-cü ildə Ayaz Qobustan rayonu Ərəbşalbaş kəndində saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin vaxt üzərində 01 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 07 ədəd həmin tüfənglə atəş atmaq üçün nəzərdə tutulmuş patronlar və 01 ədəd bıçaq olmasını, Zərərçəkmiş şəxs Şahsevər oğlunu üzərindəki həmin silahla vurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin silahlarla Binəqədi RPİ-in İstintaq Şöbəsinə təqdim edilmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.25-26). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.45-46). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.70-74). Məhkəmə-ballistik ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 1388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “İJ-18E” modelli, В 75274 №-li xarici çaxmaqlı, təklüləli odlu ov tüfənginin kəsiyidir, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmişdir, üzərindəki zavod nişanlarında pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir, odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 7 ədəd patron - zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, atəşə (istifadəyə) yararlıdırlar və təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmçinin təqdim edilmiş 12 kalibrli, “İJ-18E” modelli, B75274 №-li ov tüfənginin kəsiyində də istifadə oluna bilərlər. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır (cild 1, i.v.103-107). Məhkəmə tibbi ekspertizasının 02 noyabr 2023-cü il tarixli 2102 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol budun aşağı 1/3-in arxa və arxa iç səthinin yaraları dəlib-keçən odlu silah yarasının giriş və çıxış dəlikləri olmaqla patronu mərmi ilə (mərmilərlə) doldurulmuş odlu silahdan atılmış atəş nəticəsində törənmişdir. Yara kanalı boyu budun arxa və arxa iç səthinin yumşaq toxumaları, arxa qrup əzələlər zədələnmiş, bud sümüyü zədələnməmişdir. Qeyd olunan yaralar qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 29 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən odlu silahdan (ola bilsin tüfəngdən) atılmış bir atəş nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 1, i.v.120-122). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.129-130). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.3 və 228.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “İJ-18E” modelli, В 75274 №-li xarici çaxmaqlı, təklüləli odlu ov tüfənginin kəsiyi, habelə zavod üsulu ilə hazırlanmış, 12 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7 ədəd patronlar maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Bakı şəhəri Binəqədi RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmiş, cinayət hadisəsini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v.157). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.160-162). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xuliqanlıq etmək niyyəti ilə deyil, uzun müddətdir davam edən ev mübahisəsinə görə vurduğunu özünü müdafiə kimi qiymətləndirilməklə rədd edir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə evə görə, nədə ki, başqa bir səbəbdən heç vaxt mübahisəsi olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs boşandığı arvadının hansı səbəbdən valideynləri ilə birgə yaşadığını zərər çəkmiş şəxsən soruşmuş, zərər çəkmiş şəxs isə ona bu barədə hər hansı məlumata malik olmadığını, ailə məsələsi olduğu üçün bunu valideynlərindən soruşmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində olan odlu silahla vurmuşdur. İşin qeyd olunan faktiki halları Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai yerdə, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs zor tətbiq etməklə qanunsuz olaraq əldə etdiyi odlu silah hesab olunan ov tüfənginin kəsiyindən silah qismində istifadə edib xuliqanlıq cinayəti törətdiyini təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatları özünü müdafiə etməsi kimi qiymətləndirməklə rədd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. İttiham aktında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qeyd edilsə də, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 Bədalı qızının ümumi uşaqları nikahları pozulduqdan sonra məhkəmə qətnaməsi əsasında Şahid5 Bədalı qızının himayəsində saxlanmışlar. Ona görə də məhkəmə hesab edir ki, mövcud halda CM-in 59.1.4-cü maddəsinə əsaslanmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirkar şəxsin islah olunmasına mümkün təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə qəti cəzanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 74 (yetmiş dörd) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Binəqədi RPİ-in maddi sübutların saxlama kamerasında olan 1 ədəd zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “İJ-18E” modelli, В 75274 №-li xarici çaxmaqlı, odlu ov tüfənginin kəsiyi və patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7 ədəd patronlar xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, cinayət hadisəsini özündə əks etdirən bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – Binəqədi RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “İJ- 18E” modelli, В 75274 №-li xarici çaxmaqlı, odlu ov tüfənginin kəsiyi və patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7 ədəd patronlar xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət hadisəsini özündə əks etdirən bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X5, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar