Məhkəmə qərarları › İş №1(001)-112/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-112/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-112/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda barəsində xx.xx.2024-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, 01(bir) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,270 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə əldə edərək əynində olan ağ rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 21 fevral 2024cü il tarixdə saat 19:50-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, “MİDA” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 21:55-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,270 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, o narkotik vasitələrdən istifadə edir. Lakin, polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Belə ki, polis əməkdaşları onu yaşadığı evdə, ayağında elektron nəzarət vasitəsi olarkən saxlamış və bölməyə aparmışlar. Odur ki, onun saxlanıldığı yerin dəqiqləşdirilməsi məqsədilə sorğu verilməsini məhkəmədən xahiş etmidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bğlməsinin kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Əvvəllər xidmət etdiyi Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq tərəfindən 21 fevral 2024-cü il tarixli qərar qəbul edilməklə, 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı Mirbağır Bağırov tərəfindən 21 fevral 2024-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 həmin qrupa daxil edilmişdir. Sahə rəisi Şahid2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, MİDA yaşayış kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə təhqiqatçı Ramil Əliyev tərəfindən hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd aparatı, əynində olan ağ rəngli cins şalvarın sol yan cibindən bir ədəd boz rəngli Samsung J5 markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış aparılan zaman sağ ayağında aparat aşkar olunmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan telefonun ona məxsus olduğunu, 2023-cü ildə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, təqdim etdiyi aparatın nəzarət aparatı olduğunu, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, Papanin adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən tam şəkildə ayrılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,270 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-124/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir və həbsdə saxlama müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-346/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 21 iyul 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-529/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02(iki) ay, yəni 21 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “DVD üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin kütlənin psixotrop maddə metamfetamin olduğu məlum olmuş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02(iki) il 02(iki) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-195/2024 saylı, xx.xx.2024cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 23 may 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli, 2544 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxsdə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 0,220 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1(bir) ədəd DVD disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək onun polis əməkdaşları tərəfindən yaşadığı ünvanda tutularaq bölməyə gətirilməsi hissəsinə münasibətdə qeyd edir ki, Müdafiəçi vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə sorğu ünvanlanmış, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixə qədər olan hərəkət trayektoriyası barədə məlumatın təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20-dək yaşayış yerində və onun yaxınlığında olmuş, saat 19:21-də yaşayış yerini tərk edərək saat 19:37-dən saat 23:16-dək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində, saat 23:24-dən başlayaraq həmin rayon Polis İdarəsində saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-də tutularaq şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə st 19:50-də Binəqədi rayonu, DSK yolu, “MİDA” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına aparılmışdır. Göründüyü kimi, cinayət işinin materiallarına əlavə edilmiş raporta əsasən Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 21 fevral 2024-cü il tarixdə saat 19:50-də Binəqədi rayonunun ərazisində məhdudlaşdırılaraq saxlanıldığı, Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən təqdim edilmiş məlumatda şəxsin saat 19:21-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yaşayış yerini tərk etməsi, saat 19:37-dən Binəqədi RPİ-nin inzibati binasında olduğu göstərilmişdir. Göründüyü kimi, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdə Təqsirləndirilən şəxs saxlanıldığı vaxtla sorğuya cavabda Təqsirləndirilən şəxs saxlanıldığı vaxt arasında 13 dəqiqə fərq vardır. Həm sorğuya verilən cavabda həm də cinayət işinin materiallarına əlavə edilmiş cavabda təqsirləndirilən şəxsin Binəqədi rayonu ərazisində saxlanıldığı göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşlarının onun yaşadığı evdən aparmasına dair ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 Namiq Əfsər oğlunun övladıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, hökmlə ona təyin edilmiş 01 (bir) il 06(altı) ay azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 21 fevral 2024-cü il tarixdə, saat 19:50-də məhdudlaşdırıldırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-124/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir və həbsdə saxlama müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdə saat 19:50-dən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-346/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 21 iyul 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-529/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02(iki) ay, yəni 21 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi Məhkəməsinin 1(001)-195/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2024-cü il tarixli, 2544 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,220 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 56(əlli altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 56 (əlli altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 56 (əlli altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 336 (üç yüz otuz altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-195/2024 saylı hökmü ilə üzərində qəti olaraq saxlanılan 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Məhkəməsinin 1(001)-195/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01(bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,220 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 56 (əlli altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 336 (üç yüz otuz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar