Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-113/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Penitensiar müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə istintaqla şəxsiyyəti araşdırılan şəxslə (şəxslərlə) qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 dekabr 2023-cü il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 950 manat dəyərində üzərində naxışlar olan iki taylı 1 ədəd dəmir darvazanı çərçivəsindən söküb idarə etdiyi “VAZ-2106” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X2 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məxsus darvazanı ona iş üzrə şahid qismində tanınmış Şahid satmışdır. Belə ki, onun öz evi üçün qapı almaq niyyəti olmuş və İlhamın bundan xəbəri olmuşdur. 21 dekabr 2023-cü il tarixdə saat təxminən 07:00 radələrində İlham onun yaşadığı evə gəlmiş və ucuz qapı olduğunu, almaq istəyib-istəmədiyi ilə maraqlanmışdır. O, İlhamla birlikdə həmin qapıya baxmağa getmişdir. Hadisə yerinə çatan zaman, o, iki taylı 1 ədəd dəmir darvazanın çərçivəsindən sökülərək divara söykənildiyini görmüşdür. Həmin yerdə 2 nəfər tanımadığı başqa şəxs də olmuşdur. Həmin şəxslərin köməyi ilə darvazanı maşına yükləmişlər. Bundan sonra həmin şəxslər orada qalmışdır. O və İlham darvazanı onun yaşadığı ünvana gətirmiş və darvazanı düşürdərək yaşadığı evin həyətini qoymuşlar. İlham həmin darvazanı ona 180 (yüz səksən) manata satmışdır. İbtidai istintaq zamanı qapını oğurlaması ilə bağlı verdiyi ifadə onunla bağlı olmuşdur ki, 43-cü PB-də polis əməkdaşları onu döyərək, etirafedici ifadə verməyə məcbur etmişlər. Hətta polis bölməsində döyüldüyündən o, 2 gün ərzində “Semaşko” adlanan xəstəxanada müalicə almışdır. Sonda Təqsirləndirilən şəxs atasının rəhmətə getdiyini, anasının xəstə olmasını, özünün ailəli olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, ona kömək edilməsini xahiş etdi. Məhkəmənin 13 dekabr 2024-cü il tarixli iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 21 dekabr 2023-cü il tarixdə saat 07:00 radələrində yuxudan oyanmış və görmüşdür ki, evdə işıqlar sönüb. O, ətrafa baxdıqda qonşuluqda yerləşən evlərin işıqlarının yandığını görüb həyətə düşmüşdür. Həmin vaxt o, həyət qapısının yerində olmadığını görüb həyətin giriş hissəsinə yaxınlaşmışdır. O, ətrafa baxdıqda qapının hər iki tayı ilə birlikdə yerindən çıxarılıb aparılmasını bilmişdir. O, küçəyə çıxıb evin işığının olduğu sayğaca yaxınlaşdıqda, kənar şəxs tərəfindən evin və həyətin işığının sayğacdan söndürülməsini görmüşdür. Bundan sonra o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, yaşadığı evin həyət qapısının oğurlanması barədə məlumat vermişdir. Hazırda oğurlanmış darvaza ona qaytarılmışdır, təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı şikayəti və ya tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid xx.xx.2024-cü il tarixdə öldüyündən, onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. İbtidai istintaq zamanı veridiyi ifadəsində Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu olmuş, sonuncu onun yaşadığı evin yaxınlığındakı küçədə yaşamışdır. 21 dekabr 2023-cü il tarixdə saat 07 radələrində, Fərid onun yaşadığı evin qarşısında onu səsləmiş, o, qapının qarşısına çıxmışdır. Fərid ona xalasının yaşadığı evin həyətində dəmir qapıların olduğunu, həmin qapıları avtomobilin yük yerinə yükləməyinə, sonra yaşadığı evə gətirdikdən sonra qapıları endirməyə köməklik etməyini xahiş etmişdir. O, razılaşmışdır. Bundan sonra o, Fəridin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Fatmayı qəsəbəsində yerləşən həyət evlərinin birinin qarşısına gəlmişlər. O, həyətin giriş hissəsinin divarlarına iki ədəd qapının söykənmiş vəziyyətdə olduğunu görmüşdür. Fərid həmin qapıları qaldırıb avtomobilin yük yerinə qoymalarını demişdir. Onlar birlikdə həmin iki ədəd qapını bir-bir qaldırıb avtomobilin yük yerinə qoymuşlar. Sonra Fərid avtomobili idarə edərək sonuncunun yaşadığı evin həyətinə gəlmişlər. Onlar qapıları avtomobildən düşürüb evin həyətinə qoymuşlar. Bundan sonra o, çıxıb yaşadığı evə getmişdir. Şahid həmçinin, ifadəsində göstərmişdir ki, Fərid ona həmin qapıları xalasının yaşadığı evin həyətindən götürüb Fəridin yaşadığı evin həyətinə gətirməyinə köməklik etməyini xahiş etmişdir. O, həmin qapıların başqa şəxsə məxsus olduğunu və Fəridin qapıları oğurladığını bilməmişdir. Qapının hər iki tayı həyətin giriş hissəsində divara söykənmiş vəziyyətdə olmuşdur. Qapıları Təqsirləndirilən şəxsla birlikdə həmin evin həyətinin giriş hissəsindən götürdükləri zaman yaşayış evində və ya ətrafda heç kim olmamışdır. O, evin həyətinin giriş hissəsinə gəldiyi zaman qapının hər iki tayının həyətin giriş hissəsinin divarına söykənmiş vəziyyətdə olduğunu görmüş, qapının hər iki tayı yerində olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); • Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Binəqədi rayonu Fatmayı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin bir ədəd dəmir darvazanı Təqsirləndirilən şəxs oğurladığı, həmin dəmir darvazanı qohumu Şahid ilə birlikdə idarə etdiyi “VAZ-2106” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib apardığı müəyyən edilmiş, bununla bağlı video müşahidə kamerasından fotoşəkillər əldə edilmişdir (i.v. 26-29); • “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 46); • “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 61); • “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); • “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus üzərində naxışlar olan iki taylı bir ədəd dəmir darvaza maddi sübut hesab edilmiş və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 96-97); • “istintaq eksperimentinin aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə istintaq eksperimenti keçirilmiş və onun darvazanın hər bir tayını ayrılıqda tək olaraq yerindən çıxarıb sökməsinin, tək götürməsinin mümkün olmadığı, Təqsirləndirilən şəxs buna gücü çatmadığı müəyyən edilmişdir (i.v. 103-104); • Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/621 nömrəli rəyinə əsasən “ekspertiza təyini haqqında qərarda və CD diskdə göstərilən 01 ədəd 2 taylı üzərində naxışlar olan dəmir darvazanın istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat müəyyən olunur.” Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır (i.v.131-132); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablanmışdır (i.v. 171-179); • “sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki: - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1-ci və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş; - Zərərçəkmiş şəxs ifadəsinə əsasən oğurlanmış bir ədəd iki taylı üzərində naxışlar olan dəmir darvazanın qiyməti 950 manat götürülmüş; - Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etdiyi istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 184-190); - “X4” PHŞ-in xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, cinayət işi üzrə Şahid xx.xx.2024-cü il tarixdə saat 07:05-də ölmüşdür (cild İİ); - Məhkəməni sorğusuna cavab olaraq “X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-2/2- 6468/2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 37343 nömrəli xəstəlik tarixinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:45-də 43-cü PB-dən həmin Klinin Mərkəzə gətirilmiş və ona kəskin psixotrop maddələrdən zəhərlənmə (amfitamin, metamfetamin) diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-da xəstəxanadan buraxılmışdır (cild İİ); -Binəqədi Rayon Məhkəməsinin məlumatı əsasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb-qalmaması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində 98-C-25 nömrəli material üzrə araşdırma aparılmış və həmin material üzrə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir (cild İİ). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməsə də, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, özgə əmlakını gizli olaraq talama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin məhkəmə istintaqında, şahidin isə ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadələri, dəmir darvazanı idarə etdiyi avtomobilə yükləyib aparmasını əks etdirən video müşahidə kamerasından əldə edilmiş fotoşəkillər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin məlumatı əsasında Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb-qalmaması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş, iş üzrə yeganə şahidin ölməsi ilə bağlı təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olmasından irəli gələn çətinliklərinin kompensasiya edilməsi üçün müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılmasına baxmayaraq, müdafiə tərəfi təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır və məhkəmə iclasında verdiyi ifadəni cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu hissə); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu hissə); yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür (20-ci hissə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi müəyyən edilmişdir. Belə ki, CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədənədək xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini də törətmişdir ki, bu hal cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Digər tərəfdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanmaq yolu ilə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, hazırki iş üzrə 27 dekabr 2023-cü il tarixdən 29 dekabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb bu hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 30 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut qismində tanınmış üzərində naxışlar olan iki taylı bir ədəd dəmir darvaza onun sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 210 manat ödənilməli və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, hazırki iş üzrə 27 dekabr 2023-cü il tarixdən 29 dekabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb bu hökmlə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 aprel 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış üzərində naxışlar olan iki taylı bir ədəd dəmir darvaza onun sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 210 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-113/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-113/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver