Məhkəmə qərarları › İş №1(001)-114/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-114/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-114/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Masallı rayonu Molloba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2020-ci il tarixdə günorta saat 14 radələrində qanunsuz olaraq Lənkəran rayonu, Liman şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən atəş açmaq üçün yararlı olan, yivli-odlu silah hesab edilən 01 ( bir) ədəd nömrəsi silinmiş silah 7, 62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş «Naqan» sistemli revolver və istifadəyə, atəşə yararlı olan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Naqan» sistemli revolverdən istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, 02 (iki) ədəd zavod üsulu ilə hazırlanmış patronlar əldə edərək yaşadığı Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi 12 saylı evindəki çarpayısının döşəyinin altında gizlədərək saxlamış, xx.xx.2020-ci il gecə saat 00:30 radələrində həmin atəş açma gücü yararlı olan, yivli odu silah hesab edilən 01 (bir) ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş «Naqan» sistemli revolveri və istifadəyə, atəşə yararlı olan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Naqan» sistemli revolverdən istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, 02 (iki) ədəd zavod üsulu ilə hazırlanmış patronları üzərində daşımaqla satmaq üçün Lənkəran rayonundan Bakı şəhərinə gətirmiş və xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 24 saylı ünvanın qarşısında Bakı şəhəri, Binəqədi RPİnin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli şalvarının qara rəngli kəmərinin arxa tərəfinə keçirib gəzdirərək saxladığı həmin atəş açmaq üçün yararlı olan, yivli-odlu silah hesab edilən 01 (bir) ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş «Naqan» sistemli revolver və istifadəyə, atəşə yararlı olan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Naqan» sistemli revolverdən istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, 02 (iki) ədəd zavod üsulu ilə hazırlanmış patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 12 ünvanında yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Lənkəran rayonu, Liman şəhərində yerləşən qəbiristanlığın arxa tərəfi ilə piyada tək gəzişərkən daş hasarın dibində bir ədəd sellofan torba görmüş və həmin sellofan torba onun diqqətini cəlb etdiyinə görə yerdən götürüb baxdıqda sellofan torbanın içərisində bir ədəd «Naqan» markalı tapança və salfetə bükülü vəziyyətdə iki ədəd patron olmasını görmüşdür. O, tapdığı həmin tapança ilə patronları götürüb yaşadığı Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi 12 saylı evinə gətirərək çarpayısının döşəyinin altında gizlətmiş və bu barədə ailə üzvlərinə heç bir məlumat verməmişdir. O, həmin tapança və patronları Bakı şəhərinə aparıb təxminən 400- 500 manata satmaq qərarına gəlmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində o, «Naqan» markalı tapança ilə iki ədəd patronu gizlətdiyi yerdən sellofan qarışıq götürüb evdən çıxmış və Liman şəhərinin mərkəzindən tanımadığı taksi sürücüsü ilə Bakı şəhərinə yola düşmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə səhərə yaxın saat 04 radələrində Bakı şəhərinə çatıb «20 yanvar» dairəsi tərəfdə düşmüş, Bakı şəhəri, Binəqədi qəsəbəsi tərəfdə xatırlamadığı evlərdən birində bir gecəlik qalmışdır. Həmin gün o, tapança ilə patronları satmaq üçün bir-iki nəfər tanımadığı təsadüfü şəxslərə göstərmiş, lakin həmin tapança və patronları alan olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə gedərkən ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərinin polis əməkdaşları kimi təqdim edib onu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ona üzərində silah olması ilə bağlı məlumatlarının olmasını bildirdiyi üçün o, etiraz etmədən sonuncularla birlikdə polis şöbəsinə getmişdir. O, Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış və şəxsi axtarış zamanı üzərində olan «Naqan» markalı tapançanı və iki ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş «Naqan» markalı tapança və patronlar polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ona ucadan oxunmuş və o, da öz imzası ilə protokolun həqiqiliyini təsdiq etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə etimad doğuran və qərəzsiz mənbədən Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış Binəqədi RPİ-nin 4-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 həmin qrupa daxil edilmişdir. O, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 24 saylı ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində odlu silah daşımasında şübhəli olduğunu deyərək onu 4-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman sonuncuya üzərindəki qeyri qanuni əşyanı könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın qara rəngli kəmərinin arxasının alt hissəsindən odlu silaha bənzər predmeti, əynində olan pencəyin iç sol cibindən ağ rəngli salfetə bükülü vəziyyətdə iki ədəd patrona bənzər predmeti təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin əşyaları Lənkəran rayonu, Liman şəhərində tapdığını və satmaq məqsədi ilə üzərində Bakı şəhərinə gətirdiyini bildirmişdir. Bundan sonra həmin odlu silaha bənzər predmet və 02 ədəd patron zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfimdən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd 7,62 mm kalibrli «Naqan» sistemli revolverin və 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Naqan» sistemli revolverdən istifadə edilmək üçün nəzərdə tutulmuş 2 (iki) ədəd patronların aşkar edilməsi faktına görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silahı gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş və şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli pencək şalvarın qara rəngli kəmərinin arxasının alt hissəsində bir ədəd odlu silaha bənzər predmet və pencəyin iç sol cibindən ağ rəngli salfetə bükülü vəziyyətdə iki ədəd patronlar aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 1/1181 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş “Naqan” sistemli revolverdir, yivli-odlu silahdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zavod üsulu ilə hazırlanmış patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Qeyd: ekspertiza tədqiqatı zamanı 1 ədəd patrondan təqdim edilmiş silahdan eksperimental atəş açanda istifadə edilmiş, ekspertiza tədqiqatından sonra 1 ədəd 7,62 mm kalibrli patron və 1 ədəd giliz qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(001)-934/2020 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-800/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 67.1 və 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və hazırda məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-də üzərində aparılan şəxsi axtarış zamanı sonuncu əynində olan tünd göy rəngli pencək şalvarın qara rəngli kəmərinin arxasının alt hissəsində bir ədəd odlu silaha bənzər predmet və pencəyin iç sol cibindən ağ rəngli salfetə bükülü vəziyyətdə iki ədəd patronları polis əməkdaşlarına təqdim etmiş və o, həmin əşyaları bir necə gün bundan qabaq Lənkəran rayonu, Liman şəhərində tapdığını və xx.xx.2020-ci il tarixdə satmaq məqsədi ilə üzərində gəzdirərək Bakı şəhərinə gətirdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd 7,62 mm kalibrli «Naqan» sistemli revolver, 2 ədəd 7,62 mm kalibrli patron iş üzrə maddi sübut kimi tanınaraq, 1 ədəd 7,62 mm kalibrli «Naqan» sistemli revolver və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd 7,62 mm kalibrli patron və 1 ədəd giliz saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-1020/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma 20 gün müddətə uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 1 il müddətə islah işləri cəzasına, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına və sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 01 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, qeyd edilən cəzalar onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən hallı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30-da məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 4(001)-800/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-1020/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma 20 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 7,62 mm kalibrli «Naqan» sistemli revolver və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd 7,62 mm kalibrli patron xüsusi müsadirə edilməli, ekspertiza tədqiqatı zamanı eksperimental atəş zamanı istifadə edilmiş 1 (bir) ədəd 7,62 mm kalibrli patronun gilizi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd 7,62 mm kalibrli «Naqan» sistemli revolver və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd 7,62 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatı zamanı eksperimental atəş zamanı istifadə edilmiş 1 (bir) ədəd 7,62 mm kalibrli patronun gilizi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar