Məhkəmə qərarları › İş №1(001)-114/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-114/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-114/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 10.15 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1991-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-720/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,203 qram çəkidə narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış, həmin günü saat 19.00 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4ən 5-ci PB-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,203 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il narkotik vasitə heroindən istifadə etmiş, belə ki, bədənində ağrılar olmuş və buna dözə bilməmiş, ağrıların qarşısını almaq üçün də narkotik vasitə əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul etmişdir ki, əhval-ruhiyyəsi yaxşı olsun. Narkotik vasitəni tanımadığı şəxslərdən pulla almışdır. 03 avqust 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan yerə gəlmişdir.Belə ki, bədənində ağrılar başlamış və bilmişdir ki, “Papanin”də narkoman şəxslər vardır. Orada üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə heroin istifadə etməsini bildiyi şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşıb ağrıları olmasını bildirib narkotik vasitə istəmişdir. Həmin şəxs pul istəmiş, sonuncuya 20 manatı olmasını bildirib pulu vermişdir. Bundan sonra həmin şəxs bir ədəd qızılı rəngli kağız büküm vermiş və bildirmişdir ki, içərisində narkotik vasitə heroin vardır. Narkotik vasitəni cibinə qoyub oradan getmişdir.Həmin günü saat 19:00 dəqiqədə ünvan 5 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib Binəqədi RPİnin 5-ci PB-nin əməkdaşları olmasını bildirmişlər.Polis əməkdaşları sorğu-sual etmiş, özünü təqdim etmiş və haqqında məlumat vermişdir.Üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və qorxmuşdur.Polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişdir. Heç bir etiraz etməmiş və Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişlər.Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur.Üzərində şəxsi axtarışın aparılmasında vəkilin iştirak etməməsi barədə ərizə ilə könüllü müraciət etmişdir.Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır.Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur.Bundan sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, bu zaman bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır, narkotik vasitəni həmin günü səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər.Üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir.Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və kimlərəsə satmamışdır.Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Narkotik vasitə aldığı şəxs haqqında heç bir məlumata sahib deyil. Belə ki, həmin şəxsi tanımamışdır.Həmin şəxsi yalnız üzdən tanımış və şifahi olaraq sonuncunun da narkotik vasitə istifadə etməsini bilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, AR DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin Cinayət Axtarış Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir.Belə ki, 03 avqust 2023-cü il tarixdə xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi ev 150-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis bölməsinə məlumat daxil olmuşdur.Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir.Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir.Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Binəqədi rayon prokuroruna və Binəqədi rayon məhkəməsinə məlumatlar verilmişdir.Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin olunmuşdur.Bundan sonra Ağapa Həsənovun ətrafında tədbirlər keçirilməyə başlanılmışdır.Həmin gün qrupun üzvü Şahid2 ilə məlumat əsasən ünvan 5 ünvanın qarşısına gəlmişlər.Saat 19.00 radələrində həmin ünvanın yaxınlığında Ağapa Həsənovu əlamətlərinə görə oxşadıb əlverişli şərait yaranan kimi sonuncuya yaxınlaşmışlar.Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və sonuncuya özünü təqdim etməsini xahiş etmişlər.Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. X9 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir.Bundan sonra onlar Ağapa Həsənovu polis bölməsinə gətirmişlər.Bölmədə raport yazıb rəisə məruzə etmişdir.Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir.Xidməti otaqların birində Ağapa Həsənova hüquq və vəzifələri izah olunmuşdur.Ağapa Həsənov üzərində şəxsi axtarışın aparılmasında vəkilin iştirakının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkiliş etməklə Ağapa Həsənovun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır.Axtarış zamanı Ağapa Həsənova üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur.Bu zaman Ağapa Həsənov əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Həmin bükümün içərisində qəhvəyi rəngli rəngli maddə olmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır, bükümü Nəsimi rayonu “Papanin” deyilən yerdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,38 qram olmuşdur.Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Səhəri günü Ağapa Həsənovun üzərindən aşkar edilmiş maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmişdir.Məlum olmuşdur ki, Ağapa Həsənovun üzərindən aşkar edilmiş maddə 0,203 qram narkotik vasitə heroindir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 şahid qismində ifadə verən Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4157 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №174” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” Sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,203 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 07 avqust 2023-cü il tarixli 5039 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 1986-cı ildə Bakı şəhər Oktyabr RDİŞ məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmişdir.xx.xx.1991-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Beləliklə, məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmçinin, iş materiallarında olan qərara əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-720/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını və şahid ifadələlərini və dövlət ittihatçısının mövqeyini dinləyib, iş materiallarını və ekspertizanın rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və törətdiyi cinayət əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən, saat 19:00 radələrindən 05 avqust 2023-ci il tarixədək, saat 12:00 radələrinədək tutulduğu 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 19.00 tarixdə tutulmuşdur.Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X4 vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X6 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, 05.08.023-cü il tarixdə saat 12.00-da azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin qalığı - 0,153 qram məhv edilməli və iş üzrə maddi sübut- 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 45 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən, saat 19:00 radələrindən 05 avqust 2023-ci il tarixədək, saat 12:00 radələrinədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 0,153 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar