Məhkəmə qərarları › İş №1(001)-116/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-116/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-116/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla idarə etdiyi “Toyota Prius” markalı, 41BD475 qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən M.Rəsulzadə qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkət edərkən M.Rəsulzadə qəsəbəsindəki yolayırıcında yerləşən svetofora çatmamış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azalmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolu soldan sağa keçən piyada X7 avtomobilin qabaq sol hissəsi ilə vurub ağır dərəcəli travmatik və posthemorragik şokla müşayiət olunan bədənin küt travması sol İİ-İİİ-İV-V qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları, qaraciyərin geniş ölçülü cırılmaları, bağırsaq müsaqirəsinin, nazik bağırsaq müsaqirəsi kökünün, “S-vari” bağırsaq müsaqirəsinin cırılmaları, qalça bağırsağın cırılması, kəskin daxili qanitirmə (qarın boşluğunda 2 litrədək qan), sağ böyrəkətrafı yumşaq toxumalara geniş ölçüdə qansızma, sol bazu oynağının aynaqdaxili, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqları, başın, sifətin, gövdənin və ətrafların çoxsaylı əzilmiş-didilmiş yaraları, sıyrıq və qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərin yetirilməsi nəticəsində ehtiyatsızlıqdan sonuncunun aldığı travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli hemotravmatik şokdan 03 iyul 2023-cü il tarixdə, saat 06:40-da “X19” PHŞ-nin cərrahiyyə reanimasiya şöbəsində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə baş verən zaman o mərhumu görməmişdir. Himayəsində 2 az yaşlı övladı var və aliment öhdəliyi vardır. Hadisə yerindən də yayınmamış, təcili yardım xidmətinə və polisə özü məlumat vermişdir. Hadisə zamanı idarə etdiyi nəqliyyat vəsitəsinin sürəti təxminən 55-60 km/saat olmuşdur. Qarşıdan gələn avtomobilin də uzaq işıqları yanlı olduğundan və mərhum avtomobilin önündən qaçdığlndan o zərər çəkmiş şəxsi görməmişdir. Mərhum onun sol tərəfindən qaçaraq gəlmiş, o yalnız zərər çəkmiş şəxsi toqquşma anında görmüş, həmin ana qədər isə görməmişdir. Hadisə baş verdikdən sonra avtomobildən düşərək təcili yardım xidmətinə və polisə məlumat vermiş, daha sonra isə analiz verməyə getmiş, oradan polis idarəsinə gəlmiş, sonda isə xəstəxanaya getmişdir. Həmin yerdən təxminən 50 metr irəlidə piyada keçidi mövcud olmuş, lakin zərər çəkmiş şəxs oradan keçməmiş anidən soldan onun qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs son sözündə hadisənin ehtiyyatsızlıqdan baş verdiyini, bu cür hadisənin yaşanmasını istəmədiyini, hadisə yerindən yayınmadığını, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağını bildirərək qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımır və aralarında düşmənçilik və heç bir ədavət yoxdur. Hadisə xx.xx.2023-cü il tarixdə Binəqədi şossesində baş vermişdir. X2 həmin günü toyda iştirak etmişdir. O, toy sahibləri ilə əlaqə saxlamış, saat 22 radələrində atasının toydan çıxdığı daha sonra görünmədiyi bildirilmişdir. O, atasına zəng getmiş, lakin atasına ona cavab verməmişdir. Daha sonra polisə məlumat vermiş, ona həmin ərazidə yol nəqliyyat hadisəsi baş verdiyi bildirilmiş, yarım saatdan sonra isə onunla əlaqə saxlayaraq atasının dünyasını dəyişdini bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən onlara 5000 manat ödəniş edilmişdir. Yas mərasiminə təxminən 12000-14000 manat xərcləri çıxmışdır. Daha sonrakı məhkəmə iclasında təqsilrəndilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, hazırda ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək bu barədə notarial qaydada təsdiq ediılmiş əizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə çıxışı mərhələsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər və aralarında barışıq əldə edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsini istəmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, “O, Gürcüstan Respublikası vətəndaşıdır, Toyota Prius markalı 41BD475 qeydiyyat nişanlı avtomobil X5 məxsus olsa da, baş etibarnamə ilə ona verilmişdir. Belə ki, həmin avtomobili qohumu X3 adına olsa da, onun pulu ilə alınıb, avtomobil ona məxsusdur. Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün həmin avtomobili alanda bəzi problemlərlə üzləşdiyi üçün həmin avtomobili X3 adına keçirmişdir. Toyota Prius markalı 41BD475 qeydiyyat nişanlı avtomobili etibarnamə ilə yalnız idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Belə ki, həmin etibarnamə Təqsirləndirilən şəxs 2023-cü ilin 24 iyun tarixində verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin avtomobili taksi kimi idarə edirdi və qazancından bir qismini də ona verirdi. Konkret olaraq ona aylıq pul verməsi barədə danışmamışdılar. 2023-cü ilin iyul ayılın 2-də Təqsirləndirilən şəxs həmin avtomobillə Binəqədi rayonu ərazisində Yol-Nəqliyyat hadisəsi törətmiş və nəticədə piyada ölmüşdür. Toyota Prius markalı həmin avtomobilin alın şüşəsi sınmışdır. Bundan başqa avtomobilin qabaq hissəsinə də cüzi ziyan dəymişdir. Avtomobilin zədələnməsi ilə bağlı heç bir şikayəti yoxdur. Belə ki, Zaur özü həmin cüzi xərcləri ödəmişdir.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) xx.xx.2023-cü il tarixli “Baş vermiş yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı yol nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi ünvanında baş verməsi müəyyən edilmişdir. (i.v 8-13) xx.xx.2023-cü il tarixli, 2/16806 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v 19) xx.xx.2023-cü il tarixli avtomaşına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin qabaq alın şüşəsi sınıq vəziyyətdədir. Avtomobilin ön kapot hissəsində batıq izləri vardır. Avtomobilin arxa qeydiyyat nişanı yerindədir. Avtomobilin üzərində qana bənzər ləkələr aşkar olunmamışdır. (i.v 24-27) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” qərardan görünür ki, X11 ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. X12 X1 hüquqi varisi qismində tanınmışdır. (38-39) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X17 xx.xx.2023-cü il tarixli, 2331/K nömrəli ekspert rəyindən görünür ki, X4 götürülmüş qan nümunəsinin tərkibində 1,15% qatılığında etil spirti aşkar edilmişdir. (i.v 49-50) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X17 xx.xx.2023-cü il tarixli, 143 nömrəli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir - ağır dərəcəli travmatik və posthemorragik şokla müşayiət olunan bədənin küt travması - sol İİ-İİİ-İV-V qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları, qaraciyərin geniş ölçülü cırılmaları, bağırsaq müsaqirəsinin, nazik bağırsaq müsaqirəsi kökünün, “S-vari” bağırsaq müsaqirəsinin cırılmaları, qalça bağırsağın cırılması, kəskin daxili qanitirmə (qarın boşluğunda 2 litrədək qan), sağ böyrəkətrafı yumşaq toxumalara geniş ölçüdə qansızma, sol bazu oynağının oynaqdaxili, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqları, başın, sifətin, gövdənin və ətrafların çoxsaylı əzilmiş-didilmiş yaraları, sıyrıq və qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02 iyul 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın nəticəsində hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. 2.X1 ölümünə səbəb yuxarıda göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli hemotravmatik şok olmuşdur.

3. X1 meyitindən götürülüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qruppu), fenoitaizin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v 53-61) xx.xx.2023-cü il tarixli, AZ-İİ 375141 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ölüm səbəbi travmatik şok olmuşdur. (i.v 64) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 84) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, AR DİN NHİX-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş, TŞX-nin TŞ 8-003 saylı video müşahidə kamerasının diskinə baxış zamanı müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 23:26-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətindən qaranlıq vaxtı fara işıqlarını yandıran minik avtomobilləri hərəkət edir. Həmin anda Biləcəri qəsəbəsi ilə M.Rəsulzadə qəsəbəsinin kəsişməsindəki yol ayırıcında olan svetofora təxminən 50 metr qalmış Biləcəri qəsəbəsi istiqamətindən gələn minik avtomobilinin qəflətən avtomobili saxlaması müşahidə olunur. Bu zaman digər avtomobillərin də dayandığı və hadisə yerinə gəldikləri müşahidə olunur. Digər istintaq üçün maraq kəsb edən hər hansı görüntü aşkar olunmamışdır. (i.v 88) “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 8/3106 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. (i.v 90) xx.xx.2023-cü il tarixli, 8/3106 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, “Toyota Prius” markalı, 41BD475 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v 91-92) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Toyota Prius” markalı, 41BD475 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobilin sahibinə qaytarılmışdır. AR DİN NHİX TŞX-dən daxil olmuş disk maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə şahid ifadələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X17 xx.xx.2023-cü il tarixli, 143 nömrəli ekspert rəyi, xx.xx.2023-cü il tarixli, 8/3106 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi və digər əhəmiyyət kəsb edən sənədlər sübut növü hesab edilmişdir. (i.v 93-96) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v 106-107) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 122-124) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək etibarlı olan BB 231626 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi vardır və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v 132) X10 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və şahidin iş materiallarında olan ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, hadisədən dərhal sonra təcili tibbi yardım xidmətinə və polisə məlumat verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, onun azadlıqdan məhrum edilməsini istəməməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.12-ci maddəsində isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi göstərilmişdir. Hazırkı halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığından, onun əməlində ağırlaşdırıcı hallar olmadığından ona cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının aşağı həddi iki il, yuxarı həddi isə dörd il altı aydan artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərəçəkmiş şəxsin hüquqi varisinin onun həbs olunmamasını istəməsini, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 1 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 il azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, 41BD475 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökümlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, 41BD475 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X8 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar