Məhkəmə qərarları › İş №1(001)-120/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-120/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-120/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1981-ci ildə Bərdə rayonu Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya tikinti materialları hesab edilən taxta və dam örtüklərini ümumilikdə 4300 manat müqabilində satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Dərnəgül bazarı» adlanan yerdə 100 manat məbləğində və həmin tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın qarşısında 3400 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən Bakı şəhəri Nərimanov rayonu «Baksol yolu» deyilən ərazidə yerləşən tikinti materialları bazarında icarəyə yer götürüb tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə 2022-ci ilin may ayından tanıyır, belə ki, sonuncu həmin ərəfələrdə ondan dam örtükləri və taxta materialları alaraq, ümumlikdə ona 3500 manat məbləğində pul vermişdir. Mirismayıl ona pulu verdikdən sonra, aldığı materialları evi tikib qurtardıqdan sonra gəlib aparacağını bildirmişdir. O, Mirismayıl ilə razılaşmışdır. Bundan təxminən bir ay sonra, müəyyən səbəblərə görə bazarda icarəyə götürdüyü yerdən çıxası olmuş və Mirismayılın ona verdiyi 3500 manat məbləğində pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün, sonuncunun nə pulunu, nə də dam örtüklərini verə bilməmişdir. Ona həmin ərəfələrdə təcili pul lazım olduğundan, yalandan Mirismayıla bir obyektin söküldüyünü və ucuz qiymətə taxta materiallarının satıldığını bildirmiş, həqiqətdə isə belə bir obyekt olmamışdır. Hal-hazırda Mirismayıla vurduğu 3500 manat ziyanı ödəməyə maddi imkanı yoxdur. Azadlığa çıxdıqdan sonra zərər çəkmiş şəxsin ziyanını hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində kirayə yaşadığı üçün Saatlı rayonunda yerləşən atasına məxsus evi 22000 manata satıb həmin pula Bakı şəhərində özünə ev tikməyə qərar vermişdir. Həmin pulun 4500 manatına Hökməli qəsəbəsində 2 sot torpaq almışdır. Bu məqsədlə ev üçün nəzərdə tutulmuş tikinti materiallarını almaq üçün xx.xx.2022-ci il tarixdə saat 13 radələrində əmisi oğlu Seyidrazi Rzayevlə birlikdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Dərnəgül bazarı» adlanan yerə getmişdir. Həmin bazarda olan «Həyat inşaat» adlanan mağazanı işlədən Təqsirləndirilən şəxsla tanış olmuş, söhbət zamanı mağazadan dam örtükləri sifariş etmiş, həmin vaxt Vüqar ona söküntüdən çıxarılmış yaxşı taxtaların olduğunu, onları da endirimli qiymətlə sata biləcəyini bildirmişdir. Həmin vaxt Vüqarın bu təklifi ona sərf etdiyinə görə sonuncu ilə razılaşmışdır. Həmin gün Təqsirləndirilən şəxs ondan «beh» kimi 100 manat məbləğində pul almışdır. Daha sonra Vüqar ona taxta çıxarılan obyektlə danışdığını və həmin obyektin sahibi taxtanın pulunu nağd istədiyini bildirmişdir.O, Vüqarla taxta və dam örtüklərinin qiymətini ümumilikdə 4300 manata razılaşmışdır. O, üzərində pulu olmadığını və yaşadığı evdə 3400 manat məbləğində pulun olduğunu bildirdikdə Vüqar onları yaşadığı ünvana apararaq, orada 3400 manatı götürmək lazım olduğunu, qalan 800 manat pulu isə materialları təhvil aldığından sonra verəcəyinə dair razılaşmışlar. Həmin gün təxminən saat 14 radələrində Təqsirləndirilən şəxsla, sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşadığı ünvan 1 ünvana getmişlər. Yaşadığı evdən götürdüyü özünə məxsus olan 3400 manat məbləğində pulu əmisi oğlu Seyidrazi Rzayevin yanında sayaraq Vüqara vermişdir. Həmin vaxt Vüqar, bir ay müddətinə dam örtüklərini və taxtaları çatdıracağına söz vermişdir. Lakin, Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmiş, nə materialları, nədə ki, 3500 manat məbləğində pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona hər dəfə söz versə də, onu aldadaraq, pulunu qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, Vüqarın bundan sonrakı heç bir vədinə inanmır, ona vurulmuş 3500 manat maddi ziyanı ödəmədiyi üçün Təqsirləndirilən şəxs ciddi cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək, sonuncunun dediklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 58-59). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 68-70). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, sözügedən cinayət işi üzrə icraat həmin tarixdə Təqsirləndirilən şəxs xəstəliyilə əlaqədar dayandırılmışdır (cild 1, i.v 73). Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, sözügedən cinayət işi üzrə icraat həmin tarixdə təzələnmişdir (cild 1, i.v 79). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 1(001)- 120/2024 nömrəli qərarından görünür ki, məhkəmənin çağırışlarına üzrsüz səbəbdən gəlməyən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, eyni zamanda həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının 16 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə tutulmuş və Binəqədi RPİ-in əməkdaşları tərəfindən 13 mart 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 1(001)- 120/2024 nömrəli qərarından görünür ki, sözügedən cinayət işi üzrə icraat həmin tarixdə təzələnmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə hal-hazırda baxılmaqdadır (cild 1, i.v 75-77, 81-84, 86). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müzakirə edib hesab edir ki, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə ki, o, böyük ictimai təhlükə törətməyən cinayətdə ittiham olunsa da, zərər çəkmiş şəxsə vurduğu ziyanı uzun müddət keçsə də ödəməmişdir, zərər çəkmiş şəxs ondan şikayətçidir, ziyanın məbləği Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün müəyyən edilmiş məbləğin yuxarı həddinə yaxındır. Bundan əlavə onun əvvəllər bir dəfə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, hal-hazırda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi olması etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətləri törətməyə meyilli olduğunu göstərir. Belə olan halda məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar