Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-121/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Görədil kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 15 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi 87 ünvanda yerləşən «Kurabiye» un məmulatları mağazasına müştəri kimi daxil olub həmin marketdə işləyən Zərərçəkmiş şəxs1 digər müştərilərə xidmət göstərdiyindən istifadə edib sonuncuya məxsus kassa aparatının yanına qoyulmuş üzərində 3 manat dəyərində kart nömrəsi olan 1683 manat dəyərində bir ədəd «Samsung Galaxy S21 FE» markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1686 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədilə təkrarən 21 iyul 2022-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanda yerləşən «Sənan market»ə müştəri kimi daxil olub həmin marketdə işləyən X1 digər müştərilərə xidmət göstərdiyindən istifadə edib sonuncuya məxsus kassa aparatının yanına qoyulmuş üzərində 30 manat dəyərində kart nömrəsi olan 1410 manat dəyərində bir ədəd «İphone 11» markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 15 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən «Kurabiyyə» mağazasından mobil telefon oğurlamışdır. Belə ki, mağazaya daxil olmuş və kassa aparatının yanında bir ədəd «Samsunq» markalı mobil telefon görmüşdür. Həmin mobil telefon satıcının olmuşdur. Fikirləşmişdir ki, satıcının başının müştərilərə qarışıq olmasından istifadə edərək mobil telefonu oğurlayar. Həmin vaxt mağazada müştərilər olmuşdur. Müştərilərin və satıcının diqqətini cədb etməmək üçün vitrindəki şirniyyatlara baxmışdır. Həmin vaxt mağazada olan bir nəfər müştəri vitrindəki şirniyyatlara baxmışdır. O kassaya doğru yaxınlaşmış, həmin vaxt satıcının başı müştəri ilə söhbətə qarışmış, müştəri hansısa tortu sifariş etmək istədiyini bildirmişdir. Satıcı müştəri ilə söhbət etdiyi üçün o öz mobil telefonunu görməmişdir. Müştəri də ona baxmayaraq, satıcı ilə söhbətləşmişdir. Bu zaman o heç kimin onu görməməsinə əmin olduqdan sonra, satıcının başının qarışıq olmasından istifadə edib əlini mobil telefona ataraq götürmüş və gizlədərək dərhal mağazanı tərk etmişdir. Cəld və iri addımlarla avtobus dayanacağına gəlib tez 88 saylı marşrut avtobusuna minmişdir. 88 saylı marşrut avtobusundan Azadlıq prospektindəki «Samsunq Elektroniks» mağazasının yanında düşmüşdür. Oradan da 165 saylı marşrut avtobusuna minərək 3-cü mikrorayon bazarının yaxınlığına getmişdir. 3-cü mikrorayon dairəsi adlanan yerin yanında müxtəlif mobil telefon mağazalarının olduğunu bilmişdir. 165 saylı marşrut avtobusunda olarkən oğurladığı mobil telefonun kartını çıxarıb pəncərədən tullamışdır. Mobil telefonun markası Samsunq Galaxu S 21 FE olmuşdur. 3-cü mikrorayon bazarının yaxınlığında «Göyçay» kafesinin yanında avtobusdan düşərək həmin kafenin yanındakı mobil telefon alış-satış mağazasına daxil olmuşdur. Satıcıya yaxınlaşaraq mobil telefonu göstərərək demişdir ki, özünə məxsus telefondur, pula ehtiyacı olduğu üçün satır. Satıcı ondan soruşmuşdur ki, neçəyə satır? Satıcıya demişdir ki, 500 manata satır. Satıcı demişdir ki, 500 manat bahadır, işlənmiş telefondur. Həm də ki, demişdir ki, o qədər pulu yoxdur verməyə. Satıcıya demişdir ki, onda 400 manat versin. Satıcı demişdir ki, 400 yox, 360 manat verə bilər. O da razılaşmışdır. Satıcı şəxsiyyət vəsiqəsinin olduğunu soruşduqda o demişdir ki, varıdır. Belə ki, özünün şəxsiyyət vəsiqəsinin surəti həmişə cibində olmuşdur. Satıcı ona demişdir ki, şəxsiyyət vəsiqəsinin arxasında qol çəkməlidir ki, mobil telefonun oğurluq olmamasına əmin olsun. O razılaşmış, satıcı ona 360 manat pul vermiş və o mobil telefonu ona vermişdir. Sonra isə şəxsiyyət vəsiqəsinin arxasında qol çəkərək mağazanı tərk etmişdir. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 21 iyul 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən «Sənan» marketə spirtli içki almaq üçün daxil olmuşdur. Mağazaya daxil olub spirtli içki olan şöbəyə keçərək çeşidlərə baxmışdır ki, ucuz araq alsın. Həmin vaxt mağazada bir neçə adam olmuşdur, belə ki, mağaza hələ yenicə açılmışdır. Kassaya doğru yaxınlaşıb spirtli içkilərin qiyməti barədə soruşmaq istəyəndə görmüşdür ki, kassada işləyən qızın başı kassadakı pullara qarışıb, özünə məxsus «İphone 11» markalı mobil telefonu isə kassanın yanına qoyub. Kassirin arxası ona tərəf olduğundan o öz mobil telefonunu görməmişdir. Kassanın yanında isə bir neçə müştəri olmuşdur. O kassirdən heç nə soruşmayıb onun başının qarışıq olmasından istifadə etməklə əlini mobil telefona ataraq götürmüş və dərhal mağazanı tərk etmişdir. Cəld və iri addımlarla yaxınlıqdakı avtobus dayanacağına gəlib tez 88 saylı marşrut avtobusuna minmişdir. 88 saylı marşrut avtobusundan Azadlıq prospektindəki «Samsunq Elektroniks» mağazasının yanında düşmüş, oradan da 165 saylı marşrut avtobusuna minərək 3-cü mikrorayon bazarının yaxınlığına getmişdir. Belə ki, 3-cü mikrorayon dairəsi adlanan yerin yanında müxtəlif mobil telefon mağazalarının olduğunu əvvələcədən bilmişdir. Həmdə ki, həmin mağazaların qabağında duran şəxslərin vətəndaşlardan nisbətən ucuz qiymətə mobil telefon aldıqlarını bilmişdir. Buna görə də məqsədi o olmuşdur ki, aparıb telefonu ya mağazaya, ya da mağazanın qarşısında olan telefon alan şəxslərə satsın. 165 saylı marşrut avtobusunda olarkən oğurladığı mobil telefonun kartını çıxarıb pəncərədən tullamışdır. Mobil telefonun markası «İphone 11» olmuşdur. 3-cü mikrorayon bazarının yaxınlığında «Göyçay» kafesinin yanında avtobusdan düşmüşdür. Mobil telefon mağazasının yanında bir nəfərə yaxınlaşaraq mobil telefonu ona göstərmişdir. Həmin şəxs soruşmuşdur ki, mobil telefonu neçəyə satır? Eyni zamanda da demişdir ki, əyər oğurluqdursa almayacaq. O həmin şəxsə demişdir ki, mobil telefon özünündür, təcili pul lazım olduğu üçün 500 manata satar. Həmin şəxs ona bildirmişdir ki, mobil telefon Çin istehsalıdır, 500 manat bu telefona görə çox bahadır, 100 manata alar. O da demişdir ki, 150 manata satar. Həmin şəxs 110 manat verə biləcəyini dedikdə razılaşmışdır. Mobil telefonu həmin şəxsə vermiş və 110 manat pulu almışdır. Bundan sonra oranı tərk edib 110 manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Əməlindən peşmandır.Vurduğu maddi ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 3 ilə yaxındır ki, ünvan 2 ünvanda yerləşən “Kurabiyye” un məmulatları mağazasında həm inzibatçı, həm də satıcı işləyir. Özünə məxsus Samsunq Galaxi S 21 FE markalı mobil telefonu Kontakt Home mağazasından 2022-ci ilin fevral ayında kreditlə 1683 manat almışdır. Mobil telefonun üstündə 077 ***-**-** saylı öz adına olan nömrə olmuşdur. Həmin nömrəni o 3 manata almışdır. 15 iyul 2022-ci il tarixdə “Kurabiye” un məmulatları mağazasında işdə olmuşdur. Özünə məxsus olan həmin telefonu kassa aparatının yanında qoymuşdur. Həmin vaxt “Kurabiyə” un məmulatları mağazasına müştərilər daxil olmuşlar. Həmin müştərilərin arasında bir nəfər kişi onun kassa aparatının yanına qoyduğu mobil telefonunu oğurlamışdır. Belə ki, həmin görüntülər kamera vasitəsilə fıksə olunmuşdur. Belə ki, oğurluq hadisəsi 15 iyul 2022-ci il tarixdə saat 14 radələrində olmuşdur. Həmin gün saat 14.30 radələrində başqa telefondan öz mobil nömrəsinə zəng vuranda artıq nömrəyə zəng çatmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1686 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, 11 ildir ki, ünvan 3 ünvanında yerləşən «Sənan» marketdə kassir işləyir. Özünə məxsus İphone 11 markalı mobil telefonu 2022-ci ilin mart ayında 1410 manata nağd olaraq almışdır. Mobil telefonun üstündə ***-***-**-** saylı öz adına olan nömrə olmuşdur. Mobil telefonun imei kodu **********33485 olmuşdur. Kart nömrəsini 30 manata almışdır. 21 iyul 2022-ci il tarixdə səhər 09 radələrinə işdə olmuşdur. Özünə məxsus olan həmin telefonu kassa aparatının yanına qoymuşdur. Həmin vaxt marketə müştərilər daxil olmuşdur. Həmin müştərilərin arasında bir nəfər kişi onun kassa aparatının yanına qoyduğu mobil telefonunu oğurlamışdır. Belə ki, həmin görüntülər kamera vasitəsilə fiksə olunmuşdur . Belə ki, oğurluq hadisəsi 21 iyul 2022-ci il tarixdə saat 09 radələrində olmuşdur. Həmin gün saat 10 radələrində başqa telefondan öz mobil nömrəsinə zəng vuranda artıq nömrəyə zəng çatmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1440 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və onun ciddi cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən mobil telefon alqısatqı mağazasında satıcı işləyir. Belə ki, vətəndaşlardan işlənmiş vəziyyətdə, eyni zamanda da təzə mobil telefonlar alıb satmaala məşğul olur. 15 iyul 2022-ci il tarixdə saat 15 radələrində mağazaya bir nəfər daxil olaraq Samsung Galaxu S 21 FE markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxs mobil telefonu göstərərək demişdir ki, özünə məxsus telefondur, pula ehtiyacı olduğu üçün satır. İlk öncə ondan mobil telefonun oğurluq olub-olmamasını soruşmuşdur. Həmin şəxs bildirmişdir ki, özünə məxsusdur, ondan mobil telefonun qutusunu istədikdə bildirmişdir ki, qutunu tullayıb. Həmin şəxsə bir daha xəbərdarlıq edərək oğurluq olduğu halda telefonu almayacağımı bildirərək ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin üstündə olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsinin surətini çıxararaq ona təqdim etmişdir. O şəxsiyyət vəsiqəsinin surətinə baxmış, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Mobil telefona baxmış, üstündə kart nömrəsi olmamışdır. Azad demişdir ki, mobil telefonu satdığı üçün kart nömrəsini üstündən çıxarıb. Ondan soruşmuşdur ki, mobil telefonu neçəyə satır? Azad demişdir ki, telefonu 500 manata satır. Azada demişdir ki, 500 manat həmin mobil telefon üçün çox bahadır. Belə ki, işlənmiş telefondur. Azad demişdir ki, onda 400 manata satar. Azada demişdir ki, 360 manata həmin telefonu ala bilər və razılaşmışlar. Azada 360 manat pulu vermiş və Azad ona mobil telefonu satmışdır. Eyni zamanda Azad öz şəxsiyyət vəsiqəsinin surətinin arxasında qol çəkmişdir ki, mobil telefon oğurluq deyil. Azadın şəxsiyyət vəsiqəsinin surəti onda qalmışdır. Bir neçə gün sonra həmin mobil telefonu mağazaya gələn anket məlumatlarını bilmədiyi bir nəfər müştəriyə 390 manata satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 36). Əməlin tövsif edilməsi haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v 94-95). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 98-99). Qətimkan tədbiri seçilməsi haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 115-117). Axtarışda olan şəxsin tutulması barədə 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 1, i.v 151). Qətimkan tədbirinin nəzərə alınması barədə 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış və o Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 170-172). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 noyabr 2022-ci il tarixli 9/7411 saylı rəyindən görünür ki, 01 ədəd Vyetnam Xalq Respublikası istehsalı olan «Samsunq Galaxy S 21FE» markalı mobil telefonun qiyməti 1000 manat, 01 ədəd Çin Xalq Respublikası istehsalı olan «İphone 11» markalı mobil telefonun qiyməti 850 manat təşkil edir (cild 1, i.v 185-187). Sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs «Kurabiyyə» şirniyyat mağazasından və “Sənan” marketdən mobil telefonları gizli olaraq talayarkən kamera görüntülərini özündə əks etdirən iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v 192). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozub məhkəmənin çağırışlarına üzrsüz səbəbdən təkrarən gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v 130). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təkrarən talama cinayəti törətməsini, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün, habelə xx.xx.2022ci ildən xx.xx.2023-cü ilədək həbsdə saxlandığı 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələbinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs «Kurabiyyə» şirniyyat mağazasından və “Sənan” marketdən mobil telefonları gizli olaraq talayarkən kamera görüntülərini özündə əks etdirən iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki iddia verilmədiyindən zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-121/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-121/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver