Məhkəmə qərarları › İş №1(001)-122/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-122/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-122/2023 22.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Qədir İsmayılzadə küçəsi, ev 46 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Melisa Park yaşayış kompleksi, H.ünvan 2 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2021-ci ilin oktyabr ayının ortalarında tanışı Zərərçəkmiş şəxs2 Almaniyadan ağ rəngli “Mercedes-Benz Vito” markalı avtomobili gətirəcəyini yalandan vəd verərək sonuncunu etibarından sui-istifadə edib, aldatmaq yolu ilə adına qeydiyyatda olan 4169-7413-6036-2527 saylı kapital bank kartına elektron ödəmə terminalı vasitəsi ilə göndərtməklə xx.xx.2021-ci il tarixdə saat 14:47-də 2550 manat və saat 17:24-də 1450 manat, xx.xx.2021-ci il tarixdə günorta radələrində 480 manat və saat 14:05-də 1220 manat, xx.xx.2021-ci il tarixdə saat 14:32-də 1300 manat, həmçinin xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayonda 1600 manat olmaqla ümumilikdə 8600 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, 17 aprel 2022-ci il tarixdə saat 02:02 radələrində yaşadıqları ünvan 3 ünvanda yerləşən evdə həyat yoldaşı Zərərçəkmiş şəxs1, onun bahalı mobil telefonu kredit yolu ilə almaq istəməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişatında qəsdən Zərərçəkmiş şəxs1 qoluna, bədəninə, üzünə, yumruqla, sol ayağına təpiklə və sağ əlinə əlində olan açarla bir neçə dəfə vurub - döş qəfəsinin ön səthinin sağ-yuxarıyarısında, sağ körpücük sümüyünün döş ucu proyeksiyasının sıyrığı, sağ bazunun yuxarı 1/3-nin bayır, orta aşağı1/3-nin ön bayır və sol bazunun orta yuxarı 1/3-nin iç səthinin qançırları kimi sağlamlığa zərərvurmayan və alt dodağın sol yarısının selikli qişasına qansızması, döş qəfəsinin arxa səthinin sağ-yuxarı yarısında, onurğayanı xətt üzrə kürəküstü nahiyənin sıyrıqları, sol saidin yuxarı və orta 1/3-nin arxa səthinin hematoması, sol bazunun orta 1/3-nin arxa, sol saidi aşağı 1/3-nin ön bayır səthinin qançırları, sağ əl pəncəsinin arxasəthində İİ daraq sümüyünün proksimal ucunun sıyrığı və sol baldırın yuxarı 1/3-nin arxa səthinin qançırları kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 128 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. 2019-cu il tarixdə ailə qurmuşlar. 2022-ci ilin aprel ayında o, adına kredit telefon götürmək üçün vorldtelecom mağazasına müraciət etmişdir. Daha sonra aprel ayının 16-da vorldtelecom mağazadan Vüsaləyə zəng olunduğu üçün Vüsalə yanlış anlayıb onun xəyanət etdiyini düşünmüşdür və həmin gün bu səbəbdən aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında onlar mübahisələrinə yenidən başladı. Mübahisə zamanı o, əsəblərini gözləyə bilməmiş və Vüsalənin qoluna əli ilə vurmuşdur. Hadisə zamanı Vüsalə onun üzərinə gəldiyi üçün o, Vüsaləni itələmişdir. Bundan sonra aralarında olan mübahisə sona çatmışdır. xx.xx.2022-ci il tarixdə o, maşının açarını vermək üçün Vüsalənin işlədiyi bağçanın qarşısına getmişdir. Saat 09:30 radələri olardı Vüsalə oraya gəlmiş və ilkin açarı Vüsaləyə vermək istəsədə sonradan ona demişdir ki, açarı vermir, maşın onda qalsın axşam özü Vüsaləni işdən götürməyə gələcəkdir. Onun məqsədi Vüsalə ilə barışmaq idi. Bu zaman Vüsalə açarı ondan almaq üçün onunla mübahisə etmişdir. O, həmin vaxt orada Vüsaləni vurmamışdır. Maşına oturub oradan uzaqlaşmışdır. Daha sonra bildirmişdir ki, 2021-ci ilin sentyabr ayının sonunda Rauf həyat yoldaşı Vüsalənin işlədiyi uşaq baxçasında divarlara dekorativ şəkil çəkilməsi üçün gəlmişdir. Həmin ərəfədə Raufla aralarında tanışlıq olmuşdur. Sonradan o, Raufa bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur, əgər lazım olarsa onun üçün də maşın gətirə bilər. 2021-ci ilin oktyabr ayının əvvəlində o, Raufun ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və demişdir ki, hazırda Mercedes VİTO markalı avtomobil vardır. Sahibinə təcili pul lazım olduğu üçün satmaq istəyir. Sonradan o, avtomobilin şəkillərini Raufa göstərmişdir. Sonra həyat yoldaşınnın işlədiyi uşaq baxçasının yanında görüşüb Raufa maşının şəkillərini göstərmişdir. Rauf maşının şəkillərinə baxıb maşını bəyənmiş və onlar alqı-satqı barədə danışmışdılar. Rauf ona demişdir ki, özünün Opel Zafira markalı maşınını götürərsə onun pulundan nə qədər çıxılacaqdır. O, X9 maşını üçün barter olunarsa 7000 manat Vito markalı maşının pulundan çıxılacağını bildirmişdir. Bundan əlavə Raufa 10000 manat əlavə pul verəcəyini bildirmişdir və Raufa demişdir ki, maşının sahibinə təcili pul lazım olduğundan 4000 manat beh versin, digər hissəsini isə sonradan verər. Həmin gün saat 17:00 radələrində Rauf onunla əlaqə saxlamış və İlkin Raufa demişdir ki, maşını Almaniyadan gətirilməsini sənin adına etmək lazımdır. X8 rayonu, Maştağa qəsəbəsində olan notariusun qarşısında görüşmüşlər. Orada lazımı sənədləşmə işlərini gördükdən sonra Rauf birinci dəfə xx.xx.2021-ci il tarixdə ödəmə terminalı vasitəsi ilə onun adına olan 4169 7413 6036 2527 saylı Kapital bank hesab kartına 2550 manat pul göndərmişdir. Sonra Rauf bildirmişdir ki, üzərində pul çatmır, axşamçağına qədər pulun qalan hissəsini göndərəcək. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 17:24 radələrində Rauf onun həmin kart hesabına 1450 manat pul əlavə olaraq göndərmişdir. Bundan bir neçə gün sonra xx.xx.2021-ci il tarixdə Rauf onunla telefonla əlaqə saxlamış və maşının nə zaman gələcəyini soruşmuşdur. O, Raufu Gənclikdə yerləşən 045 adlı çay evinə dəvət etmiş və onlar orada görüşüb söhbət etmişlər. O, Raufa bildirmişdir ki, maşın artıq gəlibdir, Gürcüstanın Poti şəhərindədir və maşının oradan Bakı şəhərinə gətirilməsi üçün 1700 manat pul lazımdır. Rauf isə hazırda üzərində olan kart hesabında 480 manat pulunun olduğunu və həmin məbləği onun kart hesabına köçürəcəyini, qalan hissəsini isə həmin gün axşama qədər köçürəcəyini demişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 14:05 radələrində onun kart hesabına pulun digər hissəsi olaraq 1220 manat pulu göndərildi. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə İlkin Raufa zəng edib mənə Gömrükdə olan problemimlə bağlı 1300 manat pulun göndərə biləcəyini soruşmuşdur. Rauf ona həmin məbləği verə biləcəyini bildirmiş və sonradan onun kart hesabına 1300 manat pul göndərmişdir. O, Raufa bildirmişdir ki, həmin pulu VİTO-nun pulundan haqq hesab edərik. Təxminən 3-4 gün sonra Rauf onunla yenidən əlaqə saxlayıb maşın barəsində sual verdikdə o, ona maşının artıq Bakıda Qaradağ rayonunda Meyvəli adlanan yerdə olduğunu bildirmişdir. Raufa demişdir ki, maşının oradan götürülməsi üçün 1600 manat pul lazımdır. Həmin gün onlar Raufla Binəqədi rayonu 6-cı mkr-da xatırlamadığı binanın həyətində görüşüb Raufdan 1600 manat pulu almışdır. Raufa demişdir ki, narahat olmasın sabah yox növbəti gün Qaradağda yerləşən meyvəlidə VİTO markalı maşını ona təhvil verəcək. Lakin sonradan o bir sıra maddi ehtiyacları ilə bağlı həmçinin borcları olduğundan avtomobili Raufa təhvil verə bilməmişdir. Lakin Raufa vurduğu ziyanı ödəmiş, onunla barışmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən CM-nin 128-ci maddəsi ilə ona bəraət verilməsini, CM-nin 178.2.4-cü maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2019-cu ildə ailə qurmuşlar. Evlilikdən bir il keçdikdən sonra İlkinlə aralarında olan münasibətlər pisləşməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə o, evdə olan zaman onun mobil nömrəsinə Vorldtelecom adlı mağazadan bir nəfər xanım zəng etmişdir və ona yoldaşı İlkinin 3000 manatlıq mobil telefon kreditlə götürmək istədiyini bildirmişdilər. O, bu barədə İlkinə zəng edib soruşduqda İlkin onunla bəhanələr gətirərək danışmış, daha sonra telefona cavab verməmişdir. Bu səbəddən aralarında mübahisə yaranmışdır. O həmin mağazanın olduğu yerə getmiş və orada İlkini gördükdə onunla mübahisə etmiş və İlkin onu maşına əyləşdirib evə gətirmişdir. Evdə olan zaman onlar mübahisələrinə davam etdikdə o, azyaşlı uşaqlarını götürüb yaşadıqları evdən çıxıb evin yaxınlarında gözləmişdir və həmin vaxt İlkinin anası ilə bacısına məlumat verib onları evlərinə çağırmışdır ki, İlkini sakitləşdirsinlər. İlkini anası ilə bacısı gəldikdən sonra o, uşaqlarla birlikdə evə qalxmış. Saat təxmin 22 radələri idi. Həmin vaxt İlkin evdə deyildi. İlkinin anası Nailə İlkinə zəng edib ona bildirmişdir ki, evə gəlsin. Saat təxminən 23 radələrində İlkin yenidən evə qayıtmışdır. İlkin evə gəldikdə anası ona bir qədər əsəbləşdi və nə üçün belə etdiyini soruşdu. Daha sonra artıq gecə yarısı yəni xx.xx.2022-ci il saat 02:02 radələrində İlkin onunla olan mübahisəsini yenidən davam etdirdi. Həmin vaxt İlkin onun üzərinə getmiş və yumruq zərbələri ilə onun hər iki qoluna, baş nahiyəsinə, kürəyinə bir neçə dəfə yumruq zərbələri ilə vurmuşdur. Sol ayağına təpiklə zərbə vurmuşdur, həmçinin dodaq nahiyəsinə əli ilə vurub, əlində olan açarla onun sağ əlinin üzərinə vurub xəsarətlər yetirmişdir. Mübahisə təxminən bir neçə saat davam etmişdir. Səhərə yaxın İlkinin anası ilə bacısı evdən çıxıb getdilər. Artıq İlkin də sakitləşmişdi. O, İlkinin paltarlarını çantaya yığmış və o evdən çıxıb getmişdi. xx.xx.2022-ci il tarixdə o, işlədiyi uşaq bağçasına gedərkən yolda İlkin ona zəng etmiş və orada olduğunu onu gözlədyini bildirmişdir. O, oraya çatdıqda İlkinin də iş yerimin qarşısında olduğunu görmüşdür. İlkin maşının açarını ona vermək bəhanəsi ilə gəldiyini bildirsə də onu zorla maşına mindirmək istəmişdir. O onunla razılaşmamışdır. O, ondan maşının açarını tələb edib ondan almaq istədikdə İlkin ona açarı verməyəcəyini demişdir. Sonradan o maşına minmiş və maşını sürüb getmək istədikdə o, maşından tutsa da yıxılacağını düşünüb əlini çəkmişdir və İlkin çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs2 adlı şəxsi tanıyır. 2021-ci ilin sentyabr ayında Rauf adlı şəxsə işlədiyi bağçanın divarlarına dekorativ şəkillər çəkməsi üçün müraciət etmiş və həmin işi Rauf görmüşdür. Həmin müddətdə Raufu baxçaya gəlib getdiyi müddətcə yoldaşı İlkin də tanımışdır. Raufun onlarla tanışlığından və onun üçün gördüyü işdən təxminən bir ay keçdikdən sonra Rauf onunla əlaqə saxlamış və ona yoldaşı İlkinlə onun üçün ölkə xaricindən Mercedes Vito markalı avtomobili gətirməsi üçün razılaşdığını lakin sonradan İlkinin ona verdiyi vədə əməl etmədiyini bildirmişdir. O Raufa bildirmişdir ki, İlkin onu aldadıb özünün bu məsələdən xəbəri olsaydı onu bu razılaşmadan imtina etməyi barədə xəbərdar edəcəyini bildirmişdir. Rauf bir neçə dəfə onunla bu barədə əlaqə saxlamış və İlkinlə əlaqə saxlaya bilmədiyini onun harada olmasını soruşmuşdur. İlkinin ölkə xaricindən maşın gətirməsi barədə Raufa verdiyi vəd inandırıcı deyil, çünki çox zaman İlkinin maddi problemlərini o qarşılamışdır. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində hazırda aralarında barışıq olmadığını və təqsirləndirilən şəxsin törətdiyi əmələ müvafiq barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının sonunda o, Təqsirləndirilən şəxs həyat yoldaşı Vüsalə adlı qadının Binəqədi rayonu ərazisində olan uşaq bağçasında divarlara dekorativ şəkillər çəkilməsi üçün orada işləyirdi. Həmin ərəfələrdə o, Təqsirləndirilən şəxs tanımışdır. İlkin ona demişdir ki, o, avtomobil alqı satqısı ilə məşğul olur və özüdə taksi şirkətin maşın gətirib kirayə verir. 2021-ci ilin oktyabr ayının əvvəllərində İlkin onun işlətdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona demişdir ki, bir nəfər tanışında Mercedes Vito markalı avtomobil vardır və sahibinə təcili pul lazım olduğu üçün dəyərində aşağı qiymətə satmağa razıdır. O, İlkinə demişdir ki, maşının şəkillərini ona baxmaq üçün göndərsin. O, İlkinlə işlədiyi bağçanın qarşısında görüşmüşdür və İlkin ona maşının şəkillərini göstərmişdir. Maşın ağ rəngli Mercedes Benz vito markalı avtomobil idi. O, maşının şəkillərinə baxıb bəyənmiş və İlkinə demişdir ki, onun öz maşınını neçəyə istəyər. İlkin onun Opel Zafira markalı maşınına 7000 manat pul verəcəyini bildirmişdir və onlar yekunda razılığa gəlmişdilər. Maşın ona Almaniydan gələcəkdi. İlkin ona demişdir ki, öz maşının üzərində 10000 manat pulda verəcəksən maşın ümümilikdə sənə 17000 manata veriləcəkdir. İlkin ona demişdir ki, sahibinə pul lazım olduğu üçün təcili beh olaraq 4000 manat pul vermək lazımdır digər hissəsini isə sonradan verərsən. Həmin gün saat 17 radələrində o, İlkinlə telefonda əlaqə saxlamışdır və İlkin ona demişdir ki, maşın Almaniyadan sənin adına gəlməlidir, çünki il ərzində bir adam xaricdən ancaq iki ədəd maşın gətirə bilər mənim adıma mümkün olmur. Bu səbəbdən maşının sənin adına gəlməsi üçün notariusa gedək sənədləri qaydasına salaq. O, İlkinlə Maştağa qəsəbəsində olan notariusda görüşmüş və ilkin orada bildirmişdir ki, avtomobil onun adına gələcək lakin bu işlərlə özü məşğul olacaqdır. O, İlkinə ən birinci dəfə xx.xx.2021-ci il tarixdə 2550 manat pulu ödəmə terminalı vasitəsi ilə maştağa qəsəbəsindən saat 14:47-də İlkinin öz adına olan 4169-7413-6036-2527 saylı bank hesabına göndərmişdir. Daha sonra İlkinə demişdir ki, üzərində pul çatmır biraz gözlə evdən pul götürüb 4000 manat pulu tamamlamaq üçün qalan hissəsini də göndərəcəyəm. Həmin gün yənin xx.xx.2021-ci il tarixdə saat 17:24 radələrində 1450 manat pulu yenidən İlkinin kart hesabına göndərmişdir. Bundan bir neçə gün sonra yəni xx.xx.2021-ci il tarixdə o, ilkinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış və ona bildirmişdir ki, maşın məsələsi nə oldu. İlkin ona demişdir ki, gəl Gənclikdə 5 nömrəli xəstəxananın qarşısında 045 adlı çay evinə gəl otraq çay içək söhbət edək. O, İlkinlə orada görüşmüş və söhbət etmişlər. Orada olan zaman İlkin ona demişdir ki, maşın gəlibdir Potidədir və maşını oradan gətirilməsi üçün 1700 manat pul lazımdır. O, İlkinə demişdir ki, hal-hazırda öz istifadəsində olan Kapitalbank 4169-7413-0330-7068 saylı kartında 480 manat pulu var onu verə bilər. İlkin demişdir ki, sən həmin 480 manat pulu göndər qalanını da axşama kimi göndərərsən. O, elə İlkinin yanında həmin kart hesabımdan onun kart hesabına 480 manat pulu göndərmişdir. Onlar İlkinlə təxminən bir saatlıq orada olduqdan sonra o, pulun qalan hissəsini İlkinə ödəmək üçün yaşadığı evə getmiş və Maştağa qəsəbəsində evinin yanında yerləşən marketdən İlkinin kart hesabına 1220 manat pulu həmin gün yəni xx.xx.2021-ci il tarixdə saat 14:05 radələrində göndərmişdir. Növbəti gün yəni, xx.xx.2021ci il tarixdə İlkin ona zəng edib bildirmişdir ki, onun gömrükdə başqa müştəri üçün gətirdiyi avtomobili qalıbdır orada qaldığı hər gün üçün üzərinə pul ödənişi gəlir. İlkin demişdir ki, sən mənə 1300 manat pul göndər iki gün sonra mən sənə 1600 manat qaytararam. İlkinin ona artıq pul qaytarmaqda səbəbi ona kömək etdiyi üçün təşəkkür olaraq artıq 300 manat vermək fikrində olması idi. O, ilkinə ona kömək edəcəyini demişdir. Bundan sonra o, Daxili işlər Nazirliyinin hospitalında işləyən Samir adlı dostuna zəng edib ona demişdir ki, ilkin adlı şəxsin kart hesabına 1300 manat pul göndərsin sonra o, ona qaytarar. Samir İlkinin kart hesabına 1300 manat pulu göndərdi. Bundan 3-4 gün sonra o, İlkinə zəng edib demişdir ki, maşın necə oldu. İlkin ona demişdir ki, maşın artıq gəlibdir Qaradağda Meyvəli adlanan yerdə gömrükdədir, maşını oradan özü götürəcəkdir, lakin bunun üçün 1600 manat pul lazımdır. İlkin ona bildirmişdir ki, deyəcəyi ünvana gəlsin və orada pulu ona təqdim etsin. O, ilkinin ona göndərdiyi ünvana, yəni Binəqədi rayonu, 6-cı mikrorayonda binaların arasında avtomobildə 1600 manat pulu İlkinə vermişdir. İlkin ona demişdir ki, narahat olma sabah yox növbəti gün Qaradağda meyvəlidə görüşək maşını çıxarım sənə təhvil verim. O, onunla razılaşmış və oradan getmişdir. Təyin etdiyikləri vaxta 1 saat qalmış ilkin ona zəng edib demişdir ki, gömrükdə problem yaranıb maşını götürmək mümkün olmayacaq iki gün sonra onunla əlaqə saxlayacaq. Bu danışıqdan sonra ilkin onun telefonlarına cavab verməmişdir və ona müxtəlif bəhanələr deməklə onu aldatmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ifadəsində göstərmişdir ki,ona vurulmuş ziyanının tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun 15 ildir ki, tanıdığı şəxsdir. xx.xx.2021-ci il tarixdə işdə olduğu zaman saat təxminən 12 radələrində Rauf ona zəng edib maşın almaq üçün razılaşdığı bir nəfər şəxsin kartına 1300 manat pul göndərməyini daha sonra isə həmin pulu mənə görüşəndə qaytaracağını bildirmişdir. O, Raufa bildirmişdir ki, hazırda üzərində həmin məbləğdə pul yoxdur təxminən bir iki saata kimi həll edə bilər. Rauf ona Whatsapp sosial şəbəkəsində Təqsirləndirilən şəxs adına olan kapital bank kartının şəklini göndərmişdir. Həmin gün saat 14:32 radələrində o, Raufun ona göndərdiyi kapital banka məxsus, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan bank kartına iş yerində olarkən oradakı e-Manat ödəmə terminalı aparatı vasitəsi ilə 1300 manat pul göndərmişdir və həmin çekin şəklini çəkib Raufa göndərmişdir ki, pulu göndərib. Hazırda bildiyinə görə həmin şəxs Raufu aldatmışdır və ona vəd etdiyi avtomobili gətirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040682 №-li cinayət işi, vət. Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış və icraatına götürülərək ibtidai istintaqı aparılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə icraata vət. Zərərçəkmiş şəxs2 İmamverdi oğlunun ərizəsi əsasında Binəqədi RPİ-nin 7-ci PB-də toplanmış xx.xx.2022-ci il tarixli HK/1-853 saylı material daxil olmuşdur. HK/1-853 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 İmamverdi oğluna, X3 markalı avtomoşanın gətirəcəyini vəd edərək sonuncudan hissə hissə olmaqla ümumilikdə 8600 manat pul alaraq onun pulunu ələ keçirib dələduzluq etmişdir. xx.xx.2022-ci il tarixdə HK/1-853 saylı material ********* sayl cinayət işinə birləşdirilmiş və iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128ci maddəsindən həmin məcəllənin 128 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1033/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həmin tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilən, Təqsirləndirilən şəxs ona ölkə xaricindən avtomobil gətirməsi vədi üzrə Təqsirləndirilən şəxs adına qeydiyyatda olan 4169-7413-6036-2527 saylı kapital bank kartına göndərdiyi pulların çeklərinin kserosurətinin çıxarıldığı vərəqə iş üzrə maddi sübut olaraq tanınmış və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 729 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər iki qrupa bölünürlər – “a”döş qəfəsinin ön səthinin sağ-yuxarıyarısında, sağ körpücük sümüyünün döş ucu proyeksiyasının sıyrığı, sağ bazunun yuxarı 1/3-nin bayır, orta aşağı1/3-nin ön bayır və sol bazunun orta yuxarı 1/3-nin iç səthinin qançırları; “b”- alt dodağın sol yarısının selikli qişasına qansızması, döş qəfəsinin arxa səthinin sağ-yuxarı yarısında, onurğayanı xətt üzrə kürəküstü nahiyənin sıyrıqları, sol saidin yuxarı və orta 1/3-nin arxa səthinin hematoması, sol bazunun orta 1/3-nin arxa, sol saidi aşağı 1/3-nin ön bayır səthinin qançırları, sağ əl pəncəsinin arxasəthində İİ daraq sümüyünün proksimal ucunun sıyrığı və sol baldırın yuxarı 1/3-nin arxa səthinin qançırları; 2.”a”- bəndində göstərilmiş bədən xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 16 aprel 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. . “b”- bəndində göstərilmiş bədən xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvir hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 17 aprel 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruq vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Hətəmov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunmuş Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 21-1-3-5719-11 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona Yasamal Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 01 il müddətinə islah işləri cəzasını çəkməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Binəqədi RPİ-nin X5 təhvil verilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və o özünü təqsirli bilməməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən CM-nin 178.2..4-cü maddəsi üzrə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini, ilk dəfə az ağır ciinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yaamal Rayon Məhkəməsinin 1(004)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 il müddətinə islah işləri cəzası hazırki hökmlə ona CM-nin 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş azadlığn məhdudlaşdırılması cəzası CM-nin 68.3-cü maddəsinə əsasən 2 gün islah işləri cəzası 1 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla qismən toplanılmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 128-ci maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu cəmi 21 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli və Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış X1 tərəfindən Təqsirləndirilən şəxs kartına məxaric əməliyyatlarına dair 05 ədəd qəbzin surəti, 830661 nömrəli “Arayış-Hesab” adlı sənədin surəti, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək” haqqında qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclasından dərhal azad edilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə islah işləri cəzası hazırki hökmlə ona CM-nin 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətinə azadlığn məhdudlaşdırılması cəzası ilə CM-nin 68.3-cü maddəsinə əsasən 2 gün islah işləri cəzası 1 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla qismən toplanılsın və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 128-ci maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu cəmi 21 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək” haqqında qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, Melisa yaşayış kompleksi, H.ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış X1 tərəfindən Təqsirləndirilən şəxs kartına məxaric əməliyyatlarına dair 05 (beş) ədəd qəbzin surəti, 830661 nömrəli “Arayış-Hesab” adlı sənədin surəti, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar