Məhkəmə qərarları › İş №1(001)-124/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-124/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-124/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasında anadan Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, işləyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli, 1(001)-258/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 234.1, 66.2, 69.3-cü maddələri ilə qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.03.2021-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, 22.07.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq olan - 0,218 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 28.05.2021-ci il tarixdə saat 18:30-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən «Koroğlu» parkının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına aparılıb xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,218 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq olan – 1,350 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 17.09.2021-ci il tarixdə saat 13.00 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən «Hollywood» şadlıq sarayının qarşısında saxlanılaraq, Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına aparılıb xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa kağıza bükülmüş içərisində təmiz çəkisi – 1,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 28.05.2021-ci il tarixdə saat 18.00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsində yerləşən 27 saylı evinin yanında piyada gəzərkən, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitə olduğunu bildirib 4-cü PŞ-nə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, lakin həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır.Şöbədə iki nəfər hal şahidinin iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmiş, onun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, lakin o, həmin protokolu imza etməkdən imtina etmiş, çünki onun üzərindən dövriyyəsi qadağan olunmuş, hər hansı bir əşya aşkar edilməmişdir.Odur ki, həmin faktla bağlı özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, 17.09.2021-ci il tarixdə saat 12.00 radələrində isə o, Bakı şəhəri, “Memar Əcəmi" metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində el arasında "kakos” adlanan narkotik vasitəni almışdır.Həmin narkotik vasitəni istifadə etmək niyyəti ilə üzərində gəzdirirmiş.17.09.2021ci il tarixdə saat 13.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində “Hollywood” şadlıq evinin qarşısında olarkən, 2 nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər.Polis əməkdaşları ona narkotik vasitə istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək, Binəqədi RPİ-nin 5-ci PB-nə getməyi təklif etmişlər.O, həmin şəxslərə etiraz etmədən polis bölməsinə gəlmiş, bölmədə inzibati otaqların birində ona dövlət hesabına vəkil ayrılmış, hüquq və vəzifələrim izah edilmişdir.Bundan sonra video çəkiliş ilə üzərinə baxış keçirilmişdir.O, baxış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibinin içərisindən “01" ədəd gümüşü rəngli falqa kağızına bükülmüş içərisində el arasında “kakos” adlanan olan narkotik vasitəni çıxararaq, masanın üzərinə qoymuşdur.Bundan sonra, həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Saxlandığı andan ona qarşı heç bir fiziki, mənəvi zor tətbiq edilməmişdir.Narkotik vasitəni üzərində o, şəxsi istifadəsi üçün saxlamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ikinci epizod üzrə təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 1 azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini və birici epizod üzrə isə onun təqsiri olmadığından həmin hissədə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bildirmişdir ki, 17.09.2021-ci il tarixdə xidmətdə olduğu zaman, ona xx.xx.1975-ci il təvəllüdlü Ermənistan SSR-də anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Mehdiyev küçəsi ev 27-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir.Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə birlikdə 17.09.2021-ci il tarixdə saat 13.00 radələrində Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, «Hollywod» şadlıq sarayının qarşısına gəlmişlər.Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 5-ci PB-nə getməsini təklif etmişlər.Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir.Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüqar Əliyevə həvalə olunmuşdur.Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan qəhvəyi rəngli maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümdə olan heroini 17.09.2021-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür.Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 5-ci PB-nin YYÇ üzrə baş inspektoru, polis mayoru Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 28 may 2021-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Koroğlu” parkının ətrafında piyada gəzən zaman, bir nəfər şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasının şahidi olmuşdur.Polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 4-cü PŞ-nə apardıqdan sonra, üzərinə şəxsi axtarış keçirəcəklərini və onun da şəxsi axtarışda iştirak etməsini xahiş etmişlər. O, həmin şəxslərlə birlikdə 4-cü PŞ-nə getmiş, bölmədə ona polis əməkdaşları tərəfindən “Koroğlu” parkının yaxınlığında saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur.O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 4-cü PŞ-də onun, polis əməkdaşlarının və bir nəfər digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz, dövriyyəsi qadağan olunmuş əşyanı könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 50 qəpik dəmir pullar və həmin şalvarın sol yan cibindən Baku kart avtobus kartı, 58 manat pul əskinaslarmı çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən onun və orada olan bir nəfər şəxsin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 ədəd büküm aşkar olunmuşdur.Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması barədə soruşulduqda, sonuncu bu barədə məlumat verməkdən imtina etmişdir.Polis əməkdaşları tərəfindən həmin bükülü götürülmüş, zərfə qoyulduqdan sonra tərəflərindən zərf imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 4-cü PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 28.05.2021-ci il tarixdə xidmətdə olduğu zaman, ona xx.xx.1975-ci ildə Ermənistan SSRdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir.Bununla bağlı əməliyyat qrupu yaradılmış və Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə ə/m polis baş leytenantı həmin qrupa daxil olunmuşdur.Daxil olmuş mötəbər məlumat əsasında o, Şahid4la birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Koroğlu» parkına 28.05.2021-ci il tarixdə 18:30 radələrində gəlmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifidən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə getmişdir.Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Şəhriyar Hacıyevə həvalə olunmuşdur.Hal şahidlərinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş və təhqiqatçı tərəifndən həmin büküm açılaraq, içərsində olan qəhvəyi rəngli maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür.Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmış, lakin, Təqsirləndirilən şəxs imza etməkdən heç bir əsaslı səbəb olmadan imtina etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə ə/m, polis baş leytenantı Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29.05.2021-ci il tarixli, 6/2143 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Şübhəli şəxs: Təqsirləndirilən şəxs.. » sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 0,218 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı-İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18.09.2021-ci il tarixli, 6/4124 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən götürlmüş» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,350 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı-İ) daxildir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 25.09.2021-ci il tarixli, 3631 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 12.03.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 04 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 22.07.2021ci il tarixdə cəza müddəti başa çatmışdır.Beləliklə də, məlum olur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, həmçinin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, iş materiallarında olan AZ-İ seriyalı, 866169 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 24.04.2006-cı il təvəllüdlü X5 adlı azyaşlı övladı vardır və bu hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini qismən etiraf etməsini və himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə təqsirini etiraf etməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş hər iki epizod üzrə cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri, üzərində axtarış aparılmasına dair video görüntü və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırki cinayəti sınaq müddəti ərzində törətdiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay 11 (on bir) gün vaxtından əvvəl şərti azad olunması ləğv edilməli və həmin cəza hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir.Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmçinin, CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhəkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdən 30 may 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Şəhliyar Hacıyev tərəfindən qəbul olunmuş 28 may 2021-ci il tarixli, 2021-ci il tarixlli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Emin Musayev tərəfindən qəbul olunmuş 30 may 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur.Eyni zamanda, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun 31 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Emin Musayevin 31.05.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir.Bundan sonra, Bakı şəhər Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Emin Musayev tərəfindən qəbul olunmuş 31 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 31 may 2021-ci il tarixdən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğuna görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli, ikinci dəfə tutulduğu tarixdən, yəni 17 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Vüqar Əliyev tərəfindən qəbul olunmuş 17 sentyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 195,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 0, 168 qram və 1,300 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-19 8, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdən 30 may 2021-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ilə 04 (dörd) ay 11 (on bir) gün vaxtından əvvəl şərti azad olunması ləğv edilsin və həmin cəza hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 17 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 0, 168 qram və 1,300 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar