Məhkəmə qərarları › İş №1(001)-125/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-125/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-125/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2002-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə ilə 03 noyabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən telefon aksessuarları mağazasının qapısını üzərində olan vintaçanla açıb mağazaya qanunsuz daxil olaraq oradan 145 manat dəyərində müxtəlif danışıq kartları və mağazanın içərisində olan kardon qutusunun içərisindən müxtəlif əskinaslarıdan ibarət 100 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədilə ilə 16 mart 2020ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “X4” mağazasının qapısının kilidini üzərində olan vintaçanla sındırıb açaraq mağazaya qanunsuz daxil olub mağazada yerləşən saxlanc yeri hesab olunan kassa aparatını açıb qanunsuz daxil olaraq oradan 1500 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 mart 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, ünvan 3 ünvanınn qarşısında Zərərçəkmiş şəxs2 məxsus «Chevrolet» markalı «Aveo» model **-CF-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını üzərində olan vinaçanla açıb avtomobilin saxlanc yerində olan 1500 manat nəğd pulu, salonundakı oturacağın üzərində olan 01 ədəd 12 manat dəyərində “HP” markalı yaddaş kartı və 50 manat dəyərində “Zara” markalı kişi ətrini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1562 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, cibində pulu və qalmaq üçün gecələməyə yeri olmadığından qərara gəlmişdir ki, oğurluq etsin. O, 03 noyabr 2019-cu il tarixdə gecə saat 03 radələrində Sulutəpə adlanan əraziyə getmişdir. Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 40-cı PB-nə dönən yolda bölməyə çatmamış bir qədər məsafədə yolun sağ tərəfində telefon mağazası görmüşdür. Həmin vaxt ərazidə heç kim olmamışdı və hava da qaranlıq idi. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra o, üstündə gəzdirdiyi vintaçan burqacdan istifadə edib həmin dükanın plastik qapısının kilidini əyib dükana daxil olmuşdur. Bundan sonra həmin dükana daxil olduqda sol tərəfdə karton qutunun içərisini axtarmış və oradan 10, 20, 50 manatlıqlardan ibarət 100 manat nəğd pul və 135 manat dəyərində 5, 10 manatlıq Sim, Cin konturlarını oğurlayıb oradan uzaqlaşmışdır. Həmin konturları internet klubların qarşısında tanımadığı şəxslərə üzərində yazılan qiymətlərə satmışdır, əldə etdiyi 145 manat və 100 manat nəğd pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, yemək siqaret və su almış, ünvanları tanımadığı müxtəlif internet klublarda vaxt keçirmişdir. Bundan başqa, o, 16 mart 2020-ci il tarixdə saat 05:00 radələrində ünvan 4 ünvanda yerləşən “Laminant” obyektindən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra üzərində gəzdirdiyi vintaçan vasitəsilə obyektin qapısına güc tətbiq etməklə içəriyə tərəf itəliyərək açıb obyektə daxil olmuşdur. Obyektdə olan zaman içəri qaranlıq olduğundan üzərində gəzdirdiyi fənərlə orada yerləşən rəflərin gözlərini bir-bir açaraq oradan müxtəlif sayda olan nəğd pulların olduğunu görüb onları götürmüş, daha sonra isə rəflərin yanında yerləşən kassa aparatının kilidini üzərində gəzdirdiyi vintaçanla açaraq orada olan pullarıda götürüb cibinə qoyub kimsənin gələcəyini düşünüb tez bir zamanda oradan uzaqlaşıb getmişdir. Daha sonra isə cibində olan pulları sayan zaman onların ümumi sayının 1500 manat olduğunu görmüşdür. Əldə etdiyi pulları isə şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, o, 22 mart 2020-ci il tarixdə saat 04 radələrində ünvan 5 ünvanının qarşısında “Chevrolet” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qeyd olunan avtomobildən oğurluq etməyə qərar vermişdir. İlk öncə o, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra üzərində gəzdrdiyi alətlə qabaq sol qapısını açaraq oturacağın üzərində 01 ədəd ətir, 01 ədəd metallik rəngdə olan yaddaş kartını, daha sonra isə avtomobilin saxlanc yerini açıb orada olan ümumilikdə 1500 manat nağd pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. Oğurladığı ətir lazım olmadığından xatırlamadığı yerdə tullamışdır, 1500 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, həmçinin də 01 ədəd yaddaş kartının isə içərisində olan məlumatları silib gələcəkdə satmaq məqsədilə üzərində saxlamışdır. Daha sonra isə polis əməkdaşları tərəfindən saxlanılan zaman oğurlamış olduğu yaddaş kartını təqdim edib etmiş olduğu oğurluq əməlini səmimi şəkildə etiraf etmiş olmuşdur. O, məhkəmə iclasında əməlindən peşman olmadığını, maddi ehtiyacları olduğu üçün oğurluq etdiyini bildrimişdir. O, anasını uşaqkən atasını isə 2018-ci ildə itirdiyini bildrimişdir. Heç bir qohumunun onunla maraqlanmadığını, bu səbəbdən rayondan Bakıya gəldiyini qeyd etmişdir. Onu istəməyən insanlara heç nə demək istəmədiyini son söz kimi deməyə heç nəyi olmadığını ürək sözlərini Allaha dediyini insanlara demək zərurətinin olmadığını bildirmişdir. Barəsində cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində R.Allahverdiyüv küçəsində icarə əsasında telefon aksessuarları ətirlər, cd disklər satlan dükan işlədir. Dükanın bir hissəsində Yəhya Mehdiyev telefon ustası kimi fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə havanın yağışlı və küləkli olması səbəbi ilə işıqlar sönmüşdü. Buna görə də saat 19 radəlkərində dükanı bağlayıb evinə getmişdir. O, xx.xx.2019-cu il tarixdə saat 09 radələrində dükanın qapısını açıb içəri girmişdir. Dükanın içi dağınıq halda idi. Telefon danışıq kartlarını və pulu yığdığı kardon qutu yerdə idi. Lakin qutuda pul və danışıq sim kartları yox idi. Bundan sonra 40-cı PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində dükandan 1 ədəd 50 manatlıq 2 ədəd 20 manatlıq 1 ədəd 10 manatlıq pul əskinasları və 145 manat dəyərində Azercell, Bakcell, Nar mobile danışıq konturlarını oğurlayıblar. Hadisə nəticəsində ona 245 manat ziyan dəymişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı tələb və etirazı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, 23 aprel 20218-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs1 MMC-də direktor vəzifəsində işləyir. Bildirmişdir ki, ünvan 6 ünvanda yerləşən “Laminant və Parket Boutique” adlı dükanı 3 ildir ki, icarə əsasında işlədir və qeyd olunan dükanda isə Şahid işçi kimi çalışır. Həmin dükanda müxtəlif formada və ölçüdə olmaqla laminat və parketlərin satışı həyata keçirilir. Belə ki, 16 mart 2020-ci il tarixdə səhər saatlarında dükanda işçi kimi çalışan Şahid ona zəng vuraraq dükanın giriş-çıxış qapısının açıq vəziyyətdə olduğunu və kassada olan 1500 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş, həmçinin də o, dükanda olan zaman hadisə yerinə polis əməkdaşlarının gələrək hadisə yerinin müayinə aparmasının şahidi olmuşdur. Baş vermiş hadisə ilə bağlı ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Belə ki, dükanda olan videomüşahidə kamerasına baxan zaman orada yetkinlik yaşına çatmayan bir şəxsin dükana daxil olaraq kassanı açıb orada olan pulları götürdüyünün şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş və onun ibtidai istintaq dövründə ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, 21 mart 2020-ci il tarixdə axşam saat 20 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı **- CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini işdən evə gələn zaman yaşadığı evin qarşısında saxlayıb evinə getmişdir. Növbəti gün yəni 22 mart 2020-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı ünvandan çıxıb avtomobilinə yaxınlaşıb sürücü tərəfdən qapını açan zaman avtomobilin salonunun dağınıq vəziyyətdə olduğunu görmüşdür. Belə ki, avtomobilin saxlanc yerindən saxladığı 1500 manat pulun, həmçinin də avtomobilin salonunda olan 01 ədəd “Zara” markalı kişi ətiri, 01 ədəd metallik rəngdə olan “HP” markalı yaddaş kartının yerində olmadığını görüb sadalanan əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə polis qurumuna məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, C.Xəndan küçəsi 23C saylı ünvanda yerləşən “Laminat və Parket Boutique” adlı dükanda işçi olaraq işləyir. Dükanda əsas olaraq müxtəlif növdə və ölçüdə olan laminat və parketlərin satışə həyata keçirilir. Hadisə ilə bağlı bildirmişdir ki, 15 mart 2020-ci il tarixdə axşam saat 19 radələrində işi yekunlaşdığından dükanı bağlayıb evinə yollanmışdır. Növbəti gün yəni səhər saat 09 radələrində yaşadığı evdən çıxıb dükana yollanmışdır. Həmin tarixdə dükanın qarşısında olan zaman dükanın giriş-çıxış qapısı açıq vəziyyətdədir. O, nə baş verdiyini anlamaq məqsədilə dükana daxil olmuşdur. Bu zaman dükanda olan kassa aparatının yerinin dəyişdirildiyini və ətrafın isə dağınıq halda olduğunu görüb dolablarda ayrı-ayrılıqda olan ümumilikdə 1500 manat nəğd pulun yerində olmadığını müəyyən etmişdir. Bu zaman dükanda oğurluq hadisəsinin baş verdiyini anlamış və baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış və icraatıma qəbul edilmişdir. Qeyd olunan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 28 mart 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. 200040282 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 20 noyabr 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə İŞ-nin sabiq baş müstəntiqi, polis kapitanı İbrahim Vəliyev tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus idarə etdiyi “Chevrolet Aveo” markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən götürmüş olduğu 01 ədəd “HP” markalı yaddaş kartını könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2021-ci il tarixli 5427 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “HP” markalı 32GB həcmli USB yaddaş kartının istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti 12,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1328 saylı rəyindən görünür ki: 1.Təqdim edilmiş 1, 2, 3, 4, 5, 6, 19 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 16 saylı daktilentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2.Təqdim edilmiş 1, 3, 4, 5, 6, 18 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 17, 18 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. 3.Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından qalmışdır. 4.Təqdim edilmiş 2, 3, 4, 5, 6, 19 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 16 saylı daktilentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-7/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət törətməkdə təqsirli bilinərək ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası tıyin edilmişdir. Hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, Bakı Apellyasiya məhkəməsinin 1(103)- 268/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində saxlanılmış 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə, qəti olaraq Təqsirləndirilən şəxs üzrərində 05 il müddətinə azadıqdan məhrum etmə cəzası saxlanılmış və cəza çəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin izhatına, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilərkən o yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məclləsinin 4.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə görə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini (CM 59.2), cinayət əməlini yetkinlik yaşına çatmadığı müddətdə törətməsini (CM 59.1.2), iş üzrə iki zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs barəsində şikayətinin olmamasını (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə çıxışında son sözündə əməlindən peşman olmadığını, 12 yaşından küçələrdə yaşadığını, maddi ehtiyaclarını ödəmək üçün oğurluq etdiyini, insanlardan yaxşılıq görmədiyini, ürək sözlərini Allaha dediyini buna görə insanlara heç nə demək istəmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin dediklərinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs valideynlərini erkən yaşda itirdiyi və valideyn himayəsindən, tərbiyəsindən məhrum qaldığı üçün, o cümlədən ola bilsin ki, uşaqlıq və yeniyetməlik dövründə keçirdiyi ağır həyat şəraitində cəmiyyətə qarşı onda inamsızlıq və etibarsızlıq hissləri formalaşmışdır. Məhkəmə istintaqı zamanı hal və hərəkətləri onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həyatda özünə yer tapa bilməmiş, özü üçün doğru yolu seçməkdə çətinlik çəkmiş, kimsəsiz həyat şəraitində üsyankar ruhda böyümüşdür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun valideynlərini erkən yaşda itirməsini, uşaqlıq və yeniyetməlik dövründə valideyn himayəsindən məhrum oması ilə əlaqədar ağır həyat və psixoloji şəraitdə yaşamasını, onun cəzasını yüngülləşdirlən halların mövcudluğunu, ağırlaşdırıcı halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli 2020-ci ildə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Sabunçu Raypon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 24 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd HP markalı yaddaş kartı sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 211,11 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2020-ci il tarixdən hesablansın. Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd HP markalı yaddaş kartı sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 211,11 (iki yüz on bir manat, on bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar