Məhkəmə qərarları › İş №1(001)-126/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-126/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-126/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 151-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1,243 qram çəkidə ağ kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd bükümdə əldə edib əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamışdır. 17 sentyabr 2021-ci il tarixdə, saat 01.35-də Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilərək, üzərində aparılan axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü bükülüdə təmiz çəkisi 1,243 qram ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə və psixotrop maddə qəbul etdiyindən onda bu maddələrə asılılıq yaranmışdır. 16 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerdə psixotrop maddə metamfetamindən istifadə almaq üçün əvvəllər tanımadığı, haqqında heç bir məlumatlara sahib olmadığı şəxslə görüşüb, 20 manat pul verərək sonuncudan istifadə məqsədi ilə “şüşə” adlanan, psixotrop maddə hesab edilən metamfetamin əldə etmişdir. Psixotrop maddə əldə etdiiyi həmin şəxslə əvvəllər heç bir telefon əlaqəsi olmamış, həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildiyi üçün 16 sentyabr 2021-ci il tarixdə sonuncu ilə ilk qarşılaşdığı anda psixotrop maddə ilə bağlı müraciət etmişdir. Əldə etdiyi həmin psixotrop maddəni həmin vaxt əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli kağıza bükülmüş halda saxlamışdır. 17 sentyabr 2021-ci il tarixdə, saat 01:35-də Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan 02 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşlarını olduqlarını bildirib, haqqında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olduğunu ona bildirmiş və narkotik vasitə və eləcə də psixotrop maddə saxlanılmasında şübhəli bilindiyini qeyd etməklə onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və müdafiəçi ilə konfidiensal görüşünə şərait yaradılmışdır. Bundan sonra Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərində onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında axtarış aparılarkən əvvəlcədən əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd gümüşü kağıza bükülmüş halda saxladığı, içərisində psixotrop maddə olan metamfetamin, sol yan cibindən isə ona məxsus “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Üzərində olan mobil telefon işlək vəziyyətdə olmamış, yəni telefonun içərisində heç bir GSM kartı olmamışdır. Psixotrop maddənin alışı prosesində üzərindən aşkar edilən mobil telefonla heç kəslə əlaqə yaratmamış, sadəcə olaraq telefonu üzərində gələcəkdə GSM nömrəsi alacağı təqdirdə istifadə edə bilmək üçün saxlamışdır. Aşkar olunmuş metamfetamin adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılıb, möhürlənmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, 16 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerdə psixotrop maddə metamfetamini 2-3 dəfəlik istifadə üçün nəzərdə tutulmuş çəkidə əldə etmiş, həmin maddənin ekspertiza rəyində göstərilən çəkidə, yəni 1,243 qram olması mümkün deyildir. Məhkəmədən təqsirini səmimi etiraf etməsini, cinayət əməlindən peşman olmasını nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, hazırda Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsinhdə çalışır. 17 sentyabr 2021-ci il tarixdə narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən “Əzməmməd” adlı şəxsin müəyyən edilərək yaxalanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak edən şəxslərdən biri olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Əzməmməd” adlı şəxsin müəyyən edilərək yaxalanması ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin, 40-cı Polis bölməsinin rəhbərliyinə məlumat verməklə müvafiq icazə alındıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş, müvafiq qərar əsasında həmkarı 40-cı Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə 17 sentyabr 2021-ci il tarixdə, saat 01:35-də Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Əzməmməd” adlı, yəni Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində şəxsi axtarış hərəkətləri aparılması üçün Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilməsindən sonra sonuncunun yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ilkin sənədlər Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarova təqdim edilmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə onun və əməliyyat tədbirinin digər iştirakçısı Şahid1 iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs qanunsuz və qadağan olunmuş əşya, maddə olduğu halda təqdim edilməsi tələb edilmiş, sonuncu əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və sonra açıq göy rəngli şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitəni bir gün qabaq, yəni, 16 sentyabr 2021-ci il tarixdə, yaşadığı “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat ödəyərək öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən bir ədəd gümüşü kağıza bükülmüş bükümdə ağ kristallik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan X3 tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 234 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən sonuncuya fiziki və ya psixoloji təsir göstərilməmişdir. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü kağıza bükülmüş bükümdə olan ağ kristallik maddənin çəkisi barədə dəqiq məlumat verə bilməz, belə ki, çəki ekspert rəyi ilə müəyyən olunur. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında Şahid2 verdiyi ifadəni təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.09.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) 17.09.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22-23) 17.09.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsində Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağızda olan bükümü təhqiqatçıya təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. (i.v.34-36) Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli 6/4101 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 234” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 1,243 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. (i.v.42-45) 18.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.57-58) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədə qeyd olunmuşdur ki, o, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Tribunalının 12 sentyabr 1994-cü il tarixdə hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 21-1-ci maddəsinə əsasən hökmün icrası 2 il təxirə salımışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 23 iyul 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 29 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,08.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cəzadan azad olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına ilə məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v.85-87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 27 oktyabr 2021-ci il tarixli 4175 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.92-93) 07.12.2021 və 08.12.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş tədqiqatdan sonrakı çəkisi 1,193 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, psixotrop maddə metamfetamin saxlanmasından ötrü Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd “CD” formatlı disk maddi sübut əhəmiyyətinə malik olduğundan ********* nömrəli cinayət üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılır. (i.v.99-101, 118-128) Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 07.12.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur.(i.v. 102) 08.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsində Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağızda olan bükümü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. (i.v. 112-113) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddənin ekspertiza rəyində göstərilən çəkidə, yəni 1,243 qram olmaması ilə bağlı verdiyi ifadəsi iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 17.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-985/2021 saylı, 18.09.2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.76-78) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1317/2021 saylı, 16.12.2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün uzadılmışdır. (i.v.164-166) Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki 17.09.2021-ci il tarixdə, saat 01.35-də məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 18.09.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17.09.2021-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,193 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 17.09.2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,193 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE**********000 ******* saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar