Məhkəmə qərarları › İş №1(001)-127/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-127/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-127/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1990-cı il tarixdə Azərbaycan Respublikasının Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talamaq məqsədi ilə 04 avqust 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki pəncərənin üzərindəki qoruyucu toru çıxarıb kənara qoymaqla pəncrədən evin yataq otağına qanunsuz daxil olaraq oradakı dolabın üzərindən ev sahibinə aid bir ədəd dəyəri 370(üç yüz yetmiş) manat olan “Redmi S2” markalı mobil telefon cihazını üzərindəki 5(beş) manatlıq sim-kartla birlikdə açıq talayıb qaçmaq istəyərkən ev sahibi Zərərçəkmiş şəxs tərəfindən tutularaq saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib soyğunçuluğa cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda – 0,723 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroini» satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanında, əmlakını açıq talamağa cəhd etdiyi Zərərçəkmiş şəxs məxsus evdə saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindəki «Prima Deluxe» markalı siqaret qutusundan içərisində 0,723 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs nə CM-in 234.1-ci nə də CM-nin 29, 180.2.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, artıq təxminən iki ilə yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur, özü narkotik aludəçisidir. 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmadığını, özü üçün aldığı narkotik vasitəni polislər tərəfindən saxlanılmazdan əvvəl artıq istifadə edib qurtardığını, sadəcə olaraq qəbul etdiyi narkotik vasitənin təsiri altında olarkən küçədə olan isti havadan qorunmaq üçün yolun kənarında yerləşən evin açıq pəncərəsindən içəri daxil olmasını, həmin evə tamah niyyəti ilə deyil, yaşayış olmadığını zənn edərək istidən qorunmaq üçün daxil olduğunu, ev sahibi Zərərçəkmiş şəxs da onun oğurluğa girməsini etimal edərək tutub saxlayaraq polis əməkdaşlarına təhvil verməsini bildirmişdir. Qeyd edilənlərə əsasən barəsində bəraətverici əsaslarla hökm çıxarımasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29, 180.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə işdən istirahət günü olduğu üçün evdə olub, ünvan 5 ünvanında yerləşən iki mərtəbələli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə istirahət edərkən arxadakı yataq otağından səs eşidib, səsə həmin otağa keçdikdə görüb ki, adının Təqsirləndirilən şəxs olması sonradan araşdırma zamanı ona məlum olan əvvəllər tanımadığı bir nəfər cavan oğlan yataq otağının ortasında ayaq üstə dayanıb ətrafa boylanır, o, tez həmin şəxsin qolundan tutub saxlamış, əlindən çıxa bilməyəcəyini görən həmin şəxs özünü sərxoşluğa vurmağa çalışaraq suallarına cavab verməkdən yayınmağa başlamış, həmin şəxsin qolundan dartaraq həyətə çıxarmaq üçün pilləkənlə birinci mərtəbəyə qaldırarkən onun əynindəki şalvarının arxa cibindən ucu görünən mobil telefon cihazını görüb öz telefonuna bənzətmiş, dəqiqləşdirmək üçün aşağı boylanaraq həmin şəxsi yaxaladığı otağa baxdıqda görmüş ki, çarpayının kənarındakı şkafın üzərinə qoyduğu telefonu yerində yoxdur, şübhələnmiş ki, Şükürün cibindən görünən telefon özününkidir, əl atıb həmin telefonu zorla Şükürün cibindən çıxarmış və dəqiq görmüş ki, özünündür. Məlum olmuşdur ki, həmin vaxt saxladığı Təqsirləndirilən şəxs onun evinin mənfi birinci mərtəbəsindəki açıq pəncərənin küçə tərəfdən olan üzərindəki parça qoruyucunu çıxarıb kənara qoyaraq açıq pəncərədən evin yataq otağına keçmiş və oradakı şkafın üzərindən ona məxsus, dəyəri 370 (üç yüz yetmiş) manat olan 01 ədəd “Redmi S2” markalı mobil telefon cihazını üzərindəki beş manatlıq sim-kartla birlikdə talamışdır. Bundan sonra o, Şükürü həyətə çıxarmış və səsküyə toplaşan qonşulardan xahiş etmişdir ki, zəng vurub polis çağırsınlar. Bir qədər sonra 43-cü Polis Bölməsinin əməkaşları gəlib Şükürü aparmışlar. Sonradan eşitmişdir ki, Şükür narkomandır, Polis Bölməsində üzərinə keçirilmiş baxış zamanı üzərindən narkotik vasitə aşkar olunub. Həmçinin o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Həmin vaxt evdə olarkən o, deyilənləri də öz əməlinin mahiyyətini də tam şəkildə dərk edirdi. Təqsirləndirilən şəxs saxladığı zaman onun narkotik vasitənin təsirindən sərxoş halda olduğu halını hiss etmədiyini qeyd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bölməyə Bakı şəhəri ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, mənzil oğurluqları və soyğunçuluqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 və onu özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Təsadüfdən elə olmuşdur ki, elə həmin gün, yəni 04.08.201-ci il tarixdə saat 18 radələrində barəsində əməliyyat tədqiqi apardığı Gözəl Şükürov cinayət başında, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq mobil telefonunu günün işıqlı vaxtı heç nədən çəkinmədən aşkar surətdə talayıb qaçmaq istəyərkən elə ev sahibinin özü tərəfindən də yaxalanmışdır. Bu barədə məlumat alan kimi əməliyyat qrupu ilə birlikdə həmin ünvana yollanmışlar və məlumatda göstərilən X7 həmin ünvanda müəyyən etmişlər, həmin şəxsi xidməti avtomobilə əyləşdirərək yaxınlıqdakı Binəqədi RPİ-nin 43-cü PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Fuad Alıyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist Nəsimi İsmayılov dəvət olunmuşlar, sonuncuların və onların iştirakları ilə, saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki boz rəngli şalvarın qabaq sağ yan cibindən bir ədəd göy rəngli “Prima Delux” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin siqaret qutusundan bir ədəd içərisində tünd qəhvəyi rəngli kütlə olan şəffaf sellofan büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin “kakos” adlanan narkotik vasitə “heroinin” olmasını, həmin narkotik vasitəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən həmin gün saat 14 radələrində öz istifadəsi üçün 30(otuz) manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında oğurluq, soyğunçuluq, narkotik vasitələrin istifadəsi ilə məşğul olması qeyd olunsa da, onların satışı ilə məşğul olması və narkotik vasitələri əldə etdiyi mənbələri barədə qeyd olunmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən üzərindən taladığı mobil telefon aşkar olunmamışdır, ona görə ki, onlar hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs tutub saxlayan ev sahibi Zərərçəkmiş şəxs artıq onun əlindən özünə məxsus “Redmi” markalı mobil telefon cihazını tutub almışdır. Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğunu narkotik vasitənin təsiri altında olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 üzürlü səbəbdən məhkəmə iclasına gəlməmiş və onun Şahid1 ilə oxşar məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 19:20 dəqiqədə vəkilin iştirakı təmin edilməklə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:20-da Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Binəqədi rayon məhkəməsinin hakimi Mahirə Kərimovanın eyni tarixli qərarı ilə 03 ay müddətinə, xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materialalrına əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə xidməti otaqda şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon cihazını, şalvarın sağ yan cibindən isə bir ədəd üzərində “Prima deluxe” yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusunun içərsindən 07 ədəd siqaret dənəsi və içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 243 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə xidməti iş otağında süni işıqlandırma şəraitində aparılmışdır. Həmçinin video görüntüdəki şəxsin-yəni Təqsirləndirilən şəxs hərəkətlərindən görünür ki, o ayıq haldadır və onda vizual olaraq sərxoşluq halı müəyyən edilmir, reaksiyaları düzgündür və özünü sərbəst şəkildə idarə edə bilir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikaı CPM-nin 49.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi barəsində Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə cinayət işi Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsindən 29,180.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və istintaqı ********* sayı altında bir icraatda davam etdirilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin xx.xx.2021-ci il tarixli qərarı ilə əlavə olaraq 02 ay müddətinə, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3310 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,723 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir, «heroin» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatlarından sonra 0,673 qram çəkidə qalıq qalan narkotik vasitə «heroin» xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3916 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, müalicənin əks göstəricisi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8435 saylı rəyindən görünür ki, eksperiza tədqiqatlarına təqdim edilmiş 01 ədəd «Redmi» markalı «M1803E6G (S2)» modelli mobil telefon cihazının satış üçün komplektləşdiriməsinə daxil edilən aksesuarlarının olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 120(bir yüz iyirmi) manat müəyyən edilir. Ekspertiza tədqiqatlarından sonra istintaq orqanına geri qaytarılmış, bir ədəd “Redmi S2” markalı **********19415 imei-kodlu, 32 QB yaddaş həcmli, “MİUİ Global 12.0.2 İ” dayanaqlı versiyalı, “Android 9PKQ1.181203.001” tipli, “X8. LTD” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal olunmuş M1803E6G modelli mobil telefon cihazı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi təbdbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı əldə edilmiş AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X9 Müəssisəsinin xx.xx.2022-ci il tarixli 17/42-638 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi təbdbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cıil tarixli qərarı ilə çəkilməmiş qalan cəızasını çəkmək üçün xx.xx.2017-ci il tarixdə 5 saylı Cəzaçəkmə Müəssisəsindən 2 saylı X9 Müəssisəsinə keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığına görə azad olunmuş və müəssisənin qeydiyyatından çıxarılmışdır. Məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 ildən artıq bir müddət keçmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3 və 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyini qeyd etsə də, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-in 29,180.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, hadisənin törədildiyi zaman Zərərçəkmiş şəxs tərəfindən cinayət əməlinin aşkar edildiyi vaxt Təqsirləndirilən şəxs əvvəlcə özünü sərxoş kimi göstərməyə çalışmış daha sonra isə aradan çıxmağa çalışmış, lakin zərərçəkmiş şəxs tez onun əlindən tutaraq buna imkan verməmişdir. Daha sonra özünə məxsus telefonun Şükür Gözəıovun cibində olduğunun fərqinə varmış və cibindən çıxarmaq istədikdə Təqsirləndirilən şəxs əvəl vermək istəməmiş zərərçəkmiş zorla telefonu cibindən çıxartmışdır., Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərərkən təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmiş, bununla da, cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsinə tövsif edilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29, 180.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), əməlindən səmimi peşman olmaraq etiraf etməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29, 180.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə 3 il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,673 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, “Redmi S2” markalı mobil telefonu qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 164 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.3 və 234.1-ci maddələri ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – “Redmi S2” markalı **********19415 imei-kodlu, 32 GB yaddaş həcmli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 0,673 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar