Məhkəmə qərarları › İş №1(001)-128/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-128/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-128/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 11 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 14 iyun 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanın qarşısında xx.xx.2009-cu il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya məxsus “Optoma” markalı, 26 ölçülü qırmızı və qara rənglərdən ibarət olan 330 (üç yüz otuz) manat dəyərində velosipedi sürmək adı ilə istəyərkən, Zərərçəkmiş şəxs velosipedi verməkdən imtina etdikdə o, velosipedi sonuncunun əlindən alıb sürüb həmin yerdən uzaqlaşmaqla özgə əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 14 iyun 2021-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanı ərazisində bir nəfər tanımadığı azyaşlı oğlanın velosiped sürdüyünü görüb ona yaxınlaşmışdır. Həmin oğlandan velosipedi sürmək adı ilə istəmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs velosipedi istəyərkən özündə olan plastik kartı maaş kartı adı ilə ona saxlamaq adı ilə verməyi təklif etmişdir. Lakin Hüseyn ondan həmin kartı götürməmişdir. Həmin plastik kart isə ona məxsus olsa da əmək haqqı kartı deyil, bonus kartı olmuşdur. O, Hüseyni aldatmaq üçün belə hərəkət etmişdir. Sonra Hüseyn velosipedi sürmək üçün ona verə bilməyəcəyini yenidən dedikdə, o, velosipedi sonuncunun əlindən alıb sürüb həmin yerdən uzaqlaşıb getmişdir. Həmin gün velosipedi Dərnəgül qəsəbəsində «qaçqınların» bazarı kimi adlan yerdə tanımadağı şəxsə 80 (səksən) manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda vurulmuş ziyanı ödəmiş və zərərçəkmiş tərəflə barışıq əldə etdiyindən ona qarşı heç bir şikayət tələb yoxdur. Törətdiyi cinyət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 247 nömrəli məktəbin 7-ci sinifində təhsil alır. Təxminən 3 il bundan öncə atası Qanuni nümayəndə ona «Optoma» markalı, 26 ölçülü qırmızı və qara rənglərdən ibarət olan velosiped almışdır. 14 iyun 2021-ci il tarixdə günorta saatlarında yaşadıqları evin yaxınlığında özünə məxsus velosipedi sürən zaman bir nəfər tanımadığı cavan oğlan ona yaxınlaşıb, velosipedi sürmək üçün ona verməsini xahiş etmişdir. O, həmin şəxsi tanımadığı üçün velosipedi ona verə bilməyəcəyini bildirmişdir. Həmin şəxs ona plasik kart göstərib, özünə məxsus maaş kartı olduğunu bildirmişdir. Həmin şəxs velosipedin müqabilində maaş kartını ona girov kimi verəcəyini, velosipedi sürüb qaytarandan sonra kartı ondan geri alacağını bildirmişdir. O isə həmin karta baxanda kartın mağazalarda alış-veriş etmək üçün olan plastik kart olduğunu görmüş və ona bir daha velosipedi verə bilməyəcəyini bildirmişdir. Həmin vaxt tanımadığı şəxs ona məxsus velosipedi onun əlindən almış və sürərək dayandıqları yerdən çıxıb getmişdir. O, həmin şəxsin arxasınca bir qədər qaçsa da, çata bilmədiyi üçün dayanmış və bəlkə velosipedi qaytarar deyə bir qədər gözləmişdir. Lakin həmin şəxsin qayıdıb gəlmədiyini görəndə baş vermiş hadisə barəsində atasına məlumat vermiş, hadisənin səhəri günü isə atası baş vermiş hadisə ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Velosipedini qaçıran şəxs ona xəsarət yetirməmiş, sadəcə ona velosipedi vermədiyi zaman velosipedi onun əlindən alıb sürüb getmişdir. Həmin velosipedi atasının deməsindən yadında qalmışdır ki, 330 (üç yüz otuz) manata almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər və vurulmuş ziyan ödənilmişdir. ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15.07.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 15.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 14 iyun 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ünvan 3 ünvanı ərazisinə baxış keçirilmişdir. 15.08.2021-ci il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmişdir. 02.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. 03.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, soyğunçuluq cinayət hadisəsini törətmiş şəxsin həqiqətən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs olmasını müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə və ondan başqa 3 nəfər şəxs tanınması üçün Zərərçəkmiş şəxs Binəqədi RPİ-nin MSY-nin dindirmə otağında təqdim edilmiş və sonuncu təqdim edilmiş 4 nəfər şəxslərə baxaraq nəzərdən keçirdikdən sonra 4-cü sırada dayanmış şəxsi, yəni Təqsirləndirilən şəxs göstərərək 14 iyun 2021-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında ona məxsus velosipedi onun əlindən alaraq həmin yerdən çıxıb gedən şəxsin göstərdiyi şəxs olduğunu bildirmişdir. 03.10.2021-ci il tarixli protokoldan və əlavə edilmiş diskə köçürülmüş ünvan 6 ünvanının yaxınlığında yerləşən müşahidə kamerasınının qeydə aldığı görüntülərdən Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 14 radələrində velosipedi idarə dərək görüntülərdən itməsi müəyyən edilmişdir. 04.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 4(001)-1052/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti 02 oktyabr 2021-ci il traixdən hesablanmışdır. 27.10.2021-ci il tarixli Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, onunla barışmış, vurulmuş ziyan tam ödənilmişdir. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri olmayacaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2021-ci il tarixli, 4(001)-1148/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 30.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 03.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 10.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs velosipedi sürməsinin görüntüləri əks olunan bir ədəd disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə baxışı zamanı təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, dəymiş ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbləri yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 11 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 4(001)-1052/2021 nömrəli qərarı ilə barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti 02 oktyabr 2021-ci il traixdən hesablanmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2021-ci il tarixli, 4(001)-1148/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və həmin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək, yəni 28 (iyirmi səkkiz) gün müddətində həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 02 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin mteriallarında saxılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 65 (altmış beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 (altmış beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 11 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin mteriallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar