Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-128/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1972-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Ərəbbəsərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yeni yaşayış massivində nömrəsiz evdə yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai isitintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yeni yaşayış massivində yaşadığı evin qarşısında aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs vuraraq ona sol bazunun distal ucunun yerdəyişməmiş qapalı sınığı kimi bədən xəsarətləri yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş ifadəsində göstərmişdir ki, Şahid2 baldızı qızı, Şahid3 isə onun əridir. Kifayət və Nurlan iyul ayının əvvəllərində yaşadığı evə gəlmiş və gəldikləri gündən də orada qalmışdılar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvanda olarkən həyət qapısının açıldığını və Qiymətin Kifayəti çağırdığını görmüşdür. Həmin vaxt o, Qiyməti və qızı Nigarı evə dəvət etsə də onlar evə gəlməmişlər. Daha o, onlara bir söz deməyərək evə keçmişdir. Təxminən 2-3 dəqiqədən sonra küçədə Qiymət və Kifayətin səsini eşitdikdə o, evdən həyətə düşmüş və həyətdən əlinə taxta parçası götürərək küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda Qiymətlə Kifayətin mübahisə etdiklərini, Qiymətin Kifayətdən pul istədiyini görmüşdür. O, həmin vaxt Qiymətə pulu onun evində vermədiyini deyib Kifayəti həyətə salmaq istədikdə Qiymət Kifayəti tutaraq özünə tərəf çəkmişdir. Həmin vaxt o, əsəbi olduğundan əlində olan taxta parçası ilə Qiymətin qolundan vurmuşdur. Sonradan evdən səsə oğlu Tahir gələrək onu və Kifayəti küçədən həyətə salmışdır. Bundan sonra Qiymət və qızı Nigar orada bir qədər qalmış və çağırılmış təcili tibbi yardım maşını gələrək onları aparmışdır. Təqsirləndirilən şəxs son sözündə Qiyməti yaşadığı evə çağırmadığını,Qiymətin qızı Nigar ilə birlikdə onun yaşadığı evə gəldiyini, Qiymətlə baldızı qızı arasında mübahisə yarandığını görüb bayıra çıxdığını, məhkəmədən onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 qızı X3 ilə dörd ildir ki tanışdır. 02 fevral 2023-cü il tarixdə Şahid2 həyat yoldaşı Şahid3 ilə birlikdə yaşadığı ünvana gələrək ondan 1000 manat məbləğində borc pul istəmişlər, pulu digər şəxsə borclu olduğunu, həmin şəxsin onu sıxdığını, bu səbəbdən ona pul vəsaitinin lazım olduğunu demişdir. Bir qədər söhbət etdikdən sonra isə Bərdə rayonunda onun torpaq sahəsinin olmasını, onu satmaq istədiyini, lakin sənədlərinin qaydasında olmamasını, 1 ay müddətində torpağı satıb pulu qaytaracağını, ona bir miqdar pulun lazım olmasını bildirmişdir. O, Nurlandan torpağı hansı qiymətə satdığını soruşduqda sonuncu torpağı 10000 manata satdığını deyib ona 9000 manata sata biləcəyini demişdir. Bundan sonra o, Nurlanla razılaşmış və Kifayətlə Nurlana qeyd olunan tarixdə 02 fevral 2023-cü il tarixdə yaşadığı ünvanda 6400 manat məbləğində pul vermişdir. Təxminən 2 həftə sonra, 2023-cü ilin fevral ayının 16-da Kifayət ona zəng edərək lotoreyaya qoşulmaq üçün pul lazım olduğunu deyərək torpağın yerdə qalan 2600 manatını istəmişdir. O, evdən 2000 manat pul götürüb qızı Nigarın işlədiyi Moskva univermağına gələrək pulu qızına verib getmişdir. Ondan sonra qızı Nigar da 2000 manat pulun üstünə 600 manat da qoyub Kifayətə vermişdir. Beləliklə o, Nurlan və Kifayətə ümumilikdə 9000 manat pul vermişdir. Aralarındakı razılığa əsasən Nurlan Bərdə rayonunda yerləşən torpağın sənədləri düzəldikdən sonra ona verməli idi. Lakin keçən günlər ərzində Nurlanın ona satacağı torpağın sənədləri alınmadığı üçün o, Nurlandan verdiyi 9000 manat pulu istəmişdir. Həmin puldan xatırlamadığı tarixdə Nurlan 300 manat, Yevlax rayonunda isə Nurlanın anası Yeganə 1700 manat qaytarmışdır. Həmin puldan sonra onların ümumilikdə 7000 manat məbləğində borcu qalmışdır. Bir müddət onlarla danışdıqda, həmçinin Bərdə rayonunda yerləşən evlərinə getdikdə onlar müxtəlif bəhanələr uyduraraq pulu verməkdən yayınmışlar. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Nurlanla əlaqə saxlayan zaman Nurlan lotoreya pulunu götürdüyünü sabah borclu olduğu pulu ödəyəcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qızı Nigarla birlikdə Kifayətin dayısının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom yaşayış massivi”, fərdi yaşayış evinə gedərək evin giriş qapısından Kifayəti çağırmışdır. Bu zaman evdən Kifayət çıxaraq onları evə dəvət etmişdir. O, Kifayətə küçədə gözlədiklərini pulu gətirməsini xahiş etmişdir. Bundan sonra Kifayət evə getmiş və təxminən 2 dəqiqə sonra Kifayət, dayısının həyat yoldaşı Nəzakət və Nəzakətin oğlu qəflətən evdən küçəyə çıxmışdırlar. Həmin vaxt Nəzakətin oğlu Tahir hansı səbəbdən gəldiklərini və nə istədiklərini soruşmuşdur. O, Kifayətin çağırdığını, onlara olan borcunu qaytaracağını bildirmişlər. Həmin vaxt Nəzakətin oğlu qızı Nigarın üstünə gedərək onun baş nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt o, Nigarı qorumaq istəyən zaman Kifayət onun saç nahiyyəsindən tutaraq özünə tərəf çəkmişdir. Həmin an Nəzakət darvazanın yanından taxta parçası götürərək sol qolundan vurmuşdur. Qolundan kəskin ağrı hiss etdiyi üçün qışqırmağa başlamış, həmin vaxt Kifayət də onu qarın nahiyyəsindən təpiklə vurmuşdur. Bundan sonra Kifayət, Nəzakət və oğlu evlərinə getmişdirlər. Qolunda olan xəsarət ciddi olduğu üçün qızı Nigar təcili tibbi yardım çağırmış və onu Mərkəzi Kliniki xəstəxanaya aparmışlar. Həmin an qızı Nigar həm də DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün Nəzakət onunla telefonla danışmış, pulun hazır olduğunu bildirdiyi üçün o Nurlanla Kifayətin qaldığı Nəzakətin yaşadığı ünvana getmək qərarına gəlmişdir. Oraya gedən zaman ilk olaraq Kifayət onun qızını vurmuşdur, səsə çıxan Nəzakət isə qapının arxasından çıxartdığı taxta parçası ilə onu vurmuşdur. Hazırki vaxta qədər cinayət işi üzrə təqsirləndirilən şəxs onunla barışmağa cəhd etməmişdir. Onun qolu sındığından uzun müddət müalicə almışdır. Bütün bu göstərilənlərin nəzərə alınmasını, təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş edirəm. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid2 4 ildir ki tanıyır, belə ki, birlikdə “Tango” adlı mağazada işləmişlər. 02 fevral 2023-cü il tarixdə Şahid2 həyat yoldaşı Şahid3 ilə birlikdə yaşadıqları ünvana gələrək anası Qiymətdən 1000 manat məbləğində borc pul istəmişdir. Bir qədər söhbət etdikdən sonra Nurlan Bərdə rayonunda onun torpaq sahəsinin olmasını, onu satmaq istədiyini, lakin sənədlərinin qaydasında olmamasını, 1 ay müddətində torpağı satıb pulu qaytaracağını, ona bir miqdar pulun lazım olmasını anasına bildirmişdir. X6 torpağı hansı qiymətə satdığını soruşduqda sonuncu torpağı 10000 manata satdığını deyib onlara 9000 manata sata biləcəyini demişdir. Bundan sonra anası onunla razılaşmış və Kifayətlə Nurlana qeyd olunan tarixdə 02 fevral 2023-cü il tarixdə yaşadıqları ünvanda 6400 manat məbləğində pul vermişdir. Təxminən 2 həftə sonra, 2023-cü ilin fevral ayının 16-da anası zəng edərək Kifayətin yerdə qalan 2600 manat pulu istədiyini, 2000 manat gətirib verəcəyini, 600 manatda özünün həmin pulun üstünə qoyub Kifayətə verməyini bildirdikdə o, anası ilə razılaşmışdır. Həmin günü saat təxminən 14 radələrində anası iş yerinə gələrək 2000 manat pul vermişdir. O, həmin pulun üstünə 600 manat pul qoyaraq Memar Əcəmi metrostansiyasınm yaxınlığında Kifayətə vermişdir. Lakin keçən günlər ərzində Nurlanın satacağı torpağın sənədləri alınmadığı üçün anası ondan verdiyi 9000 manat pulu istəmişdir. Həmin puldan xatırlamadığı tarixdə Nurlan anasına 300 manat, Yevlax rayonunda isə Nurlanın anası Yeganə 1700 manat qaytarmışdır. Bir müddət onlarla danışdıqda, həmçinin Bərdə rayonunda yerləşən evlərinə anası getdikdə onlar müxtəlif bəhanələr uyduraraq pulu verməkdən boyun qaçırmışdırlar. xx.xx.2023-cü il tarixdə axşam saatlarında anası Nurlanla əlaqə saxlayan zaman Nurlan ona lotoreya pulunu götürdüyünü sabah borclu olduğu pulu ödəyəcəyini demişdir. Hətta Kifayət özü də anasına zəng edərək gəlib pulu götürməyi bildirdiyi üçün xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, anası ilə birlikdə Kifayətin dayısının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom yaşayış massivi”, fərdi yaşayış evinə gedərək evin qapısından Kifayəti çağırmışlar. Bu zaman evdən Kifayət çıxmış və o, bizi evə dəvət etmişdir. Onlar küçədə gözlədiklərini pulu gətirməsini Kifayətdən xahiş etmişlər. Bundan sonra Kifayət evə getmiş və təxminən 2 dəqiqə sonra Kifayət, dayısının həyat yoldaşı Nəzakət və Nəzakətin oğlu qəflətən evdən küçəyə çıxmışlar. Həmin vaxt Nəzakətin adını bilmədiyi oğlu hansı səbəbdən gəldiklərini və nə istədiklərini soruşmuşdur. Anası Qiymət ona Kifayətin çağırdığını, onlara olan borcunu qaytaracağını bildirmişlər. Həmin vaxt Nəzakətin oğlu onun üstünə gələrək baş nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt anası onu qorumaq istəyən zaman Kifayət onun saç nahiyyəsindən tutaraq onu özünə tərəf çəkmiş, həmin an Nəzakət darvazanın yanından taxta parçası götürərək ilk olaraq onun sifət nahiyyəsindən, daha sonra isə anasının sol qolundan vurmuşdur. Nəzakət anasının qolundan vurduğu üçün kəskin ağrı hiss etdiyindən qışqırmağa başlamışdır. Bundan sonra Kifayət, Nəzakət və oğlu evlərinə getmişlər. Anası Qiymətin qolunda olan xəsarət ciddi olduğu üçün o, təcili tibbi yardım çağırmış və anasını Mərkəzi Kliniki xəstəxanaya aparmışdır. Həmin an həmdə o, DİN-102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 5- 10 dəqiqə davam etmiş və həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası, Şahid2 bibisi qızı, Şahid3 isə Kifayətin əridir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvanda yatan zaman Kifayətin qızı Yeganə onu yuxudan oyadaraq küçədə dava dalaşın olmasını demişdir. O, dərhal yuxudan oyanıb evdən çölə çıxanda anası Nəzakətin və bibisi qızı Kifayətin küçədə 2 nəfər şəxslə sözlə mübahisə etməsini görmüşdür. O, dərhal anası ilə Kifayəti küçədən həyətə salaraq qapını bağlamışdır. Təxminən 10-15 dəqiqə sonra o, evdən küçəyə çıxıb işə gedən zaman sonradan adlarını bildiyi Qiymət və qızı Nigar küçədə olmuşlar. Həmin vaxt Nigar ona qarşı nalayiq ifadələr işlədib qaçdığını bildirdikdə o, Nigara söyüş söyməməyini və işə getdiyini bildirirək oradan uzaqlaşıb getmişdir. O küçəyə çıxdıqda anasının əlində taxta parçası olsa da onun Qiyməti və Nigarı vurduğunu, həmçinin Kifayətin təpiklə Qiyməti vurduğunu görməmiş, özü isə yumruqla Nigarın baş nahiyyəsindən vurmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X2 təxminən 4 ildir ki, tanıyır, onunla birlikdə “Tango” geyim mağazasında işləmişdir. Zərərçəkmiş şəxs isə Nigarın anası kimi tanımışdır. 2023-cü ilin fevral ayında Nigar zəng edərək, sələmə pul verdiyini, əlində 1000 ABŞ dollarının olmasını, ona adam tapmaqda köməklik göstərməyini xahiş etmişdir. O, Nigara özünün probleminin olmasını və pula ehtiyacının olduğunu deyib ona faizə pul verməsini bildirmişdir. Beləliklə 2023-cü ilin fevral ayından aprel ayına qədər hissə-hissə olaraq o, və əri Nurlan Qiymətdən ümumilikdə 6400 manat faizə pul almışlar. Daha sonra hissə-hissə olmaqla Qiymətə aldıqları pulun həm faizini, həm də əsas məbləğindən ödədikdən sonra Qiymətə 3910 manat borcları qalmışdır. Dəfələrlə Qiymət və Nigar yaşadığı ünvana gələrək pulu tələb etdikdə o, halhazırda pulunun olmadığını, olan kimi verəcəklərini bildirmişdir. O, Qiymətlə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə danışdıqda lotoreya oynamağının alınmayacağını, hal hazırda pulunun olmadığını, dayısının həyat yoldaşı Nəzakətin kredit götürüb ona borclu olduğu 3910 manat pulu ödəyəcəyini dedikdə Qiymət ona 6000 manat borclu olduğunu deyərək yanma gələcəyini bildirmişdir. Təxminən yarım sonra dayısıgilin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yaşayış massivi, fərdi yaşayış evində olarkən Qiymət və Nigar həmin ünvana gəlib onu çağırmışdır. İlk olaraq o, çölə çıxmış və həmin vaxt Qiymət qolundan tutaraq onu aparacağını, yoxsa pulu verməyini bildirdikdə səsə dayısı arvadı Nəzakət çölə çıxmışdır. Nəzakət küçəyə əlində taxta parçası ilə çıxmış, həmin vaxt Nəzakət onu küçədən həyətə saldığı üçün kimin kimi vurduğunu görməmiş, mübahisə təxminən 7-10 dəqiqə müddətə davam etsə də ətrafda kənar şəxslər olmamışdır. Həmin vaxt Nəzakət Qiymətə səs salmamağı, pulu onun evində vermədiyini bildirərərk onu küçədən həyətə salmışdır. Daha sonra səsə evdən dayısı oğlu Tahir gəlmişdir. Tahir gələrək anasını küçədən həyətə salaraq qapını bağlamışdır. Həmin an Nigar hasara çıxaraq evə daşlar atmağa başlayaraq evi video görüntüyə çəkmişdir. Daha sonra ora təcili tibbi yardımın işçiləri gəlib Nigar və Qiyməti aparmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X2 arvadı Kifayətə görə tanımışdır, belə ki, onlar bir yerdə işləmişlər. 2023-cü ilin fevral ayından aprel ayına qədər hissə-hissə olaraq o, və Kifayət Qiymətdən ümumilikdə 6400 manat faizə pul almış, daha sonra hissə-hissə olmaqla Qiymətə aldıqları pulun həm faizini, həm də əsas məbləğindən ödəyərək Qiymətə 3910 manat borcu qalmışdır. Qiymət dəfələrlə borcunu istədikdə ona borcunu qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, işdə olan zaman Qiymət və qızı Nigar yoldaşının dayısı evinə gələrək borc pulu istədikdə Qiymət, Nigar, Kifayət və Nəzakət arasında mübahisə baş vermiş, lakin o, özü orada olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4» X7 xx.xx.2023-cü il tarixli, 1260 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol yanağın selikli qişasının sıyrığı, qarının ön divarının göbək ətrafının qançırları, sol bazunun distal ucunun yerdəyişməmiş qapalı sınığı və sol baldırın orta-yuxarı 1/3-nin ön səthinin qançır bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 09 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən sol bazu nahiyəsinə ağacla, qeyd olunan digər nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sol bazunun distal ucunun yerdəyişməmiş qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Şahid2 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini Şahid1 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertiza rəyi işin faktiki hallara uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxsnun təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs qadın olmasını, evli olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxsnun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsnun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnun üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-128/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-128/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver