Məhkəmə qərarları › İş №1(001)-13/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-13/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-13/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3 iştirakı ilə Xususi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xususi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-210/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarına əsasən iş üzrə məhkəmə linqivistik ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır. 16.11.2020-ci tarixdə iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/794 saylı, 30 oktyabr 2020-ci il tarixli rəylə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 05 iyul 2021-ci il tarixə, saat 11.30-a təyin olunmuşdur.Bundan sonra, məhkəmə iclası 26 iyul 2021-ci il tarixə saat 17.00-a təxirə salınmışdır. Xüsusi ittihamçı, onun nümayəndə və vəkili və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq xüsusi ittihamçı və onun nümayəndə və vəkili məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs isə məhkəməyə teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayəti və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şərəf- şəxsin cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə verilən ictimai qiymətdir. Ləyaqət-şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan-dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymada ifadə olunur. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, internet saytları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üc hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü i tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtivatıdedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Sözü gedən Qərarın 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası CPM-nin 37-ci maddəsinə əsasən cinayət təqibinin növlərindən birini də xüsusi ittiham təşkil edir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1 maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 45.4 maddəsində göstərilir ki, xüsusi ittiham qaydasmda cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. "Şərəf və X5 Qanunvericiliyin Məhkəmələr Tərəfindən X6 Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və X5 işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Adı çəkilən qərarın 5-ci bəndində məhkəmələrin diqqətinə o, da çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlaməti olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi həmçinin bu Məcəllənin 88.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir. CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. CPM-nin 315.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. CPM-nin 315.4-cü maddəsinə əsasən xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. CPM-nin 315.5-cü maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı və onun nümayəndə və vəkili heç bir üzürlü səbəb olmadan məhkəmə iclsına gəlmədiyindən və məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən bu hal xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayətdən imtina etməsinə bərabər tutulmalı və CPM-nin 315-ci maddəsinin tələbinə əsasən xususi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Xususi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məşhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar