Məhkəmə qərarları › İş №1(001)-130/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-130/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-130/2022 17.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 63, ev 287 ünvanında qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,410 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 1,972 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək daşımaqla saxlamış, 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, M.Ə.Rəsulzadə qəsəbəsi 72 ünvanında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189-da yerləşən 4-cü PŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,410 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 1,972 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 63, ev 287-də ailəsi ilə birlikdə yaşayır. Subaydır, orta təhsil almışdır.İşləmir və bir il olar ki, narkotik vasitə qəbul edir. İşləmədiyi üçün narkotik vasitəni əldə etmək üçün ailə üzvlərimdən pul alır. Lakin onlar onun həmin pulu narkotik maddələrə verdiyini bilmirlər. Növbəti dəfə bədənində ağrılar olduğu üçün 14.09.2021-ci il tarixdə saat 21 radəərində Nəsimi rayonu Papanin ərazisində adını bilmədiyi üzdən tanıdığı şəxsdən 100 manata heroin və psixotrop maddə metamfetamin alaraq şəxsi istifadəsi üçün əynindəki qara rəngli şalvarın cibinə qoyub özündə saxlamışdır. 15.09.2021-ci il tarixdə, saat 12 radələrində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospektində yerləşən Araz marketin yaxınlığında piyada olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrdən istifadəsi barədə məlumatları olduqlarını bildirərək onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmişdirlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra öz razılığı ilə vəkilin iştirakı olmadan video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibindəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində şübhəli olunması barəsində məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs müəyyən olunaraq ifşa olunması istiqamətində onun tərəfindən Binəqədi RPİ-nin rəhbərliyinə raportla məruzə edilərək, Binəqədi RPİ-nin 4-cü PŞ-də tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Binəqədi RPİ-nin 4-cü PŞnin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 və o bilavastə əməliyyat məlumatında göstərilən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən Araz marketin qarşısına gəlmişdirlər. 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən Araz marketin qarşısında dayanıb gözləyən zaman, xarici əlamətlərindən əməliyyat məlumatında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli göstərdiyini və göstərilən ünvanın yaxınlığında tək olaraq gəzdiyini görmüşdürlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun adı və soyadını soruşmuşdurlar. Həmin şəxs adının Sabir və soyadının isə Rüstəmov olmasını bildirəndə onu Binəqədi rayon polis idarəsinin 4-cü PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gəlmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Üzərində olan 02 ədəd bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf selofana bükülmüş bükülüyə baxdıqda 01 ədədinin spesifik iyə məxsus toz halında olan narkotik maddəyə bənzər kütlə və 01 ədədinin isə kristal formalı kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin 01 ədədinin narkotik vasitə heroin olduğunu, digərinin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı dəqiq xatırlamadığını bildirərək Şahid1 verdiyi ifadəyə uyğun məzmunda izahat vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklə ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-981/2021 saylı, 17.09.2021-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 15.09.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16.09.2021-ci il tarixli, 6/4076 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün №175” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s yazı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,410 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,972 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş” Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ), Metamfetamin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 24.11.2021-ci il tarixli 4662 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində 17.09.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15.09.2021-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablansın Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,90 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,360 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,922 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar