Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-131/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Adıgözəlov Füzuli Qəşəm oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Adıgözəlov Füzuli Qəşəm oğlunun müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Adıgözəlov Füzuli Qəşəm oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Adıgözəlov Füzuli Qəşəm oğlunun barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə doğulmuşdur. Hazırda 12 saylı X2 direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2012-ci il tarixli 2038 saylı sərəncamı ilə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Cənab Prezidentin xx.xx.2015-ci il tarixli 1037 saylı sərəncamı ilə isə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinə layiq görülmüşdür. Tabeçiliyindən 100 nəfərdən çox əməkdaş çalışır. İşlədiyi kollektivin və onu tanıyan şəxslərin dərin hörmətini qazanmışdır. Son zamanlar mətbuata “iş adamı” kimi özünü təqdim edən xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasında doğulan, Azərbaycan Respublikası vətəndaşı, Nərimanov rayonu F.X.Xoyski ev 111 m 16 ünvanda yaşayan Adıgözəlov Fizuli Qəşəm oğlu onun yaxın qohumunun da təmsil olunduğu şirkətlə bağlı idarəçilikdə etdiyi çoxsaylı qanun pozuntularından yaxa qurtarmaq üçün onu şantaj edərək guya ki, həmin şirkəti ondan hədə qorxu gələrək zorla almışdır, məhkəmə və hüquq mühafizə orqanlarına təsirlər edərək qərarlar qəbul edilməsinə nail olmuşdur. Bu dırnaqarası “iş adamı'’ Fizuli Adıgözəlov tək ona yox Azərbaycan Respublikasının Məhkəmə Hakimiyyətini nüfuzdan salmağa yönəlmiş addımlar atmaqla güya ki, cənab prezidentə mətbuat vasitəsi ilə müraciət edərək ondan kömək istəyir. Ancaq bu cür şəxslərin məqsədi dünyada və ölkəmizdə cərəyan edən geopolitik hadisələrdə dövlətimizin apardığı məqsədyönlü siyasətə qarşı çıxaraq dövlətimizi, onun ədalət məhkəməsini nüfuzdan salmağa hesablanmışdır. Ancaq son zamanlar Füzuli Adıgözəlovun cəzasızlıqdan sui istifadə etməsi onu məhkəməyə müraciət etmək məcburiyyətində buraxmışdır. O, mətbuata verdiyi bütün müsahibələrdə onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək ona böhtan atır. Belə ki, o tezadlar.az internet xəbər saytına verdiyi xx.xx.2019-cu il tarixli müsahibəsində qeyd edir: “Şahin Eyyubov təsis etdiyim şirkətin təsis payını ələ keçirmək üçün məni təsis payımı onlara satmağa məcbur etmişdir. Mən razı olmadıqda bunu qanunsuz yollarla etməyə cəhd etdi, məni hədələtdirdi və s. iş o yerə çatdı ki, məni Baş Prokuror yanında X4 Baş idarəsinə, eləcə də DİN-nin MCQMİ-nə çağırıb dindirdilər. Xatırladıram ki, bu zaman mənə təsis payımı satmadığım halda, bizneslə məşğul olmağa, işləməyə imkan verməyəcəkləri, maneçilik törədiləcəyi barədə hədələr artmağa bağladı. Türkiyədən, Rusiyadan və digər ölkələrdən mənə mal gətirən yük maşınlarımın gömrük məntəqələrində qanunsuz olaraq saxlanılması adi hal aldı. Lakin o, səbrlə susub dillənmirdi. Bütün bu bezdirici hərəkətlərdən sonra Şahin Əyyubov mənə açıq formada bildirdi ki, ya məni şirkətə 25 faizlə şərik edirsən, ya da Azərbaycanda fəaliyyətinə nöqtə qoyulacaq. Təsəvvür edin ki, mənə təzyiq vasitəsi kimi o, təkcə 2015-ci ildə şirkətimə əsassız olaraq 500 min manat vergi cəriməsi yazdırdı.” Görsəndiyi kimi Fizuli Adıgözlov bu məqaləsində onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə ona hədə qorxu gəlməkdə ittiham edərək böhtan almışdır. Həmin maddə isə Azərbacan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Bundan başqa Fizuli Adıgözəlov onu öz qulluq mövqeyindən istifadə edərək məhkəmə orqanlarına müdaxilədə ittiham edir. Belə ki, o 1Xəbər.az internet televiziyasına xx.xx.2020-ci il tarixdə verdiyi müsahibəsində güya onun həyat yoldaşına məxsus olan torpaq sahəsini qanunsuz olaraq ələ keçirtmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək məhkəməyə təziqlər edir. Bundan başqa Fizuli Adıgözəlov kanal 24.az internet televiziyasına verdiyi müsahibəsində onun güya Gəncədə yerləşən restoranını, evini və digər əmlaklarını, eyni zamanda müəssisədə onun 25% təsis payını zorla, hədə qorxu gələrək əlindən almağından danışır. Eyni məzmunlu müsahibə ilə Xural TV internet televiziyasına da müsahibə verərək onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək onun dəyəri külli miqdar təşkil edən əmlaklarını zorla, hədə qorxu gələrək əlindən aldığını qeyd edir. Tək yuxanda qeyd etdiyi məqalə və müsahibələr deyil, Fizuli Adıgözəlovun bu tipli ittihamları və böhtanları ona qarşı sosial mediada həddindən çoxdur. Fizuli Adıgözəlovun məqsədi onun yaxın qohumunun da iştirak etdiyi firmada, etdiyi çoxsaylı qanunsuzluqlarla bağlı məhkəmə və hüquq mühafizə orqanlarında aparılan araşdırmanın dayandırılmasına, onun və hüquq mühafizə orqanlarının şantaj edilərək özünə haqq qazandırmağa hesablanmışdır. Müstəqillik illərindən sonra Azərbaycan Respublikası inzibati-amirlik sistemindən demokratik prinsiplər əsasında qurulan və azad bazar münasibətlərinə söykənən yeni iqtisadi sistemə keçməyə başlamışdır. Sərbəst bazar iqtisadiyyatının təşəkkülü sahibkarlığın inkişafı üçün geniş zəmin yaradır. İnsanların bazar iqtisadiyyatına xas olan müstəqil və sərbəst iqtisadi fəallığı yalnız sahibkarlıq fəaliyyəti sahəsində üzə çıxır. Belə ki, bazar iqtisadiyyatı şəraitində müxtəlif mülkiyyət formalarının yaranması insanların mülkiyyətə münasibətini dəyişdirir, sahibkarlıq hissini gücləndirir və məhsul bolluğu yaratmağa olan marağı artırır. Dövlətimiz tərəfindən yaradılmış bu münbit şəraitdən hər kəs qanunla müəyyən edilmiş qaydada istifadə edərək sahibkarlıq fəaliyyəti göstərə bilər. Bu hüquqdan onun yaxın qohumlarının da istifadə etməsi onların təbii hüququ və haqqıdır. Belə bir hüququn o hər hansı rəhbər vəzifədə çalışır deyə məhdudlaşdırılması qanunsuzdur və əsassızdır. Hesab edir ki, Fizuli Adıgözəlov irəli sürdüyü ittihamları sübut etməlidir. Hesab edir ki, Fizuli Adıgözəlovun bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin təsiri altına düşür və ona bu maddə ilə cəza verilməlidir. Çünki o dövlətimizin hümanizim siyasəti nəticəsində cəzasız qalmaqdan istifadə edərək ona qarşı böhtanlarını davam etdirir. Qeyd etmişdir ki, o xusüsi ittiham qaydasında şikayətlə ilk əvvəl Bakı şəhər Nərimanov rayon Məhkəməyə müraciət edərək Adıgözəlov Füzuli Qəşəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-262/2020 saylı qərarına əsasən iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmiş və iş aidiyyəti üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-228/2020 saylı qərarına əsasən şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-915/2020 saylı qərarına əsasən şikayət üzrə material Bakı şəhər Nərimanov rayon Məhkəməsinə qaytarılmaqla “Xural TV”-nin hüquqi ünvanı qanunauyğun şəkildə müəyyən edildikdən sonra məhkəmə aidiyyəti qaydalarının mümkün olması qeyd edilmişdir. Buna görə də Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-262/2020 saylı qərarına əsasən xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunmasından imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Bundan sonra www.xural.com saytının qeydiyyatdan keçdiyi hüquqi ünvanı barədə məlumat təqdim edilməsi ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə sorğu verilmişdir. Sorğuya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətinin xx.xx.2020-ci il tarixli ETX-01/221-20 saylı məktubu ilə cavab verilmiş və göstərilmişdir ki, www.xural.com domen adının qeydiyyat məlumatları “GoDaddy” şirkəti tərəfindən məxfi saxlanılır. Göründüyü kimi, www.xural.com saytının hüquqi ünvanının tərəflərindən müəyyən edilməsi mümkün olmamışdır. Lakin mətbuatda da işıqlandırılan çoxsaylı məhkəmə işlərindən görünür ki. “Xural TV” ilə bağlı olan işlərə Binəqədi rayon Məhkəməsində baxılmışdır. Buna görə də hesab edirlər ki, hazırki şikayəti Binəqədi rayon Məhkəməsinə verməkdə haqlıdırlar. Fizuli Adıgözəlov etdiyi çoxsaylı qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilmişdir və hazırda 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində X1 xx xxxxxx 1948-ci il tarixli Ümumdünya İnsan-Hüquqları Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında“ Beynəlxalq Paktda, “insan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Göstərilənlərə əsasən xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasında doğulan, ünvan 2 mən 16 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, Adıgözəlov Fizuli Qəşəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 müdafiəçisi Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs Adıgözəlov Füzuli Qəşəm oğlunun təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Adıgözəlov Füzuli Qəşəm oğlu barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Adıgözəlov Füzuli Qəşəm oğlunun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayətlə razılaşmayaraq məhkəməyə etiraz təqdim etmişdir. Etizazı onunla əsaslandırmışdır ki, Əziz Qəmbərov tərəfindən təqdim edilmiş şikayətdə, Fizuli Adıgözəlovun Şahin Eyyubova AR CM-nin 182.3.2 və 286.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi barədə böhtan atdığı qeyd olunur. Lakin şikayətin məzmununa baxdıqda, təsvir olunan hərəkətin (obyektiv cəhət) həmin maddələrin dispozisiyasına uyğun gəlmədiyi aydın olur. CM-nin 182.1-ci maddəsinə əsasən, hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə hesab olunur. Həmin məcəllənin 286.1-ci maddəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə, 286.2-ci maddəsində işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə cinayətlərinin təsviri verilmişdir. Lakin, Fizuli Adıgözəlova istinad olunan məqalələrin heç birində yuxarıdakı maddələrin dispozisiyasında göstərilən əməllərin Şahin Eyyubov tərəfindən törədildiyi iddia olumamışdır. Beləliklə, Füzuli Adıgözəlova istinad olunan cinayət qanunununda nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi əsaslandırılmamış, onun tərəfindən verilmiş müsahibələrdə şikayətçiyə CM-nin ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan hər hansı maddəsi ilə təsbit olunmuş əməlin Şahin Eyyubov tərəfindən törədilməsinə dair böhtan atdığı, ehtimal olunan böhtanda Şahin Eyyubov tərəfindən hansı cinayətlərin törədilməsinin F.Adıgözəlov tərəfindən göstərildiyi şərh olunmamış, əsaslandırılmamışdır. Şikayətin məzmununa baxdıqda, təsvir olunan hərəkətin (obyektiv cəhət) AR CM-nin nəinki ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan, ümumiyyətlə hər hansı maddəsinin dispozisiyasına uyğun gəlmədiyi aydın olur. Həmçinin bildirmişdir ki, Əziz Qəmbərov tərəfindən Şahin Eyyubovun adından eyni məzmunlu şikayətlə Nərimanov Rayon Məhkəməsinə müracitə olunmuş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 1(005)- 262/2020 saylı qərarı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. (sədrlik edən Tofiq Paşayev). Həmin qərar hazırki şikayətlə tamamilə eyni məzmunlu şikayət üzrə çıxarıldığından, hazırki şikayətə münasibətdə preyudisial xarakter daşıyır. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Adıgözəlov Füzuli Qəşəm oğlunun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Müdafiəçi1 ilə eyni məzmunlu izahat verib Adıgözəlov Füzuli Qəşəm oğlu barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 147.2-ci maddəsinin dispozisiyasında isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-262/2020 saylı qərarından görünür ki, Adıgözəlov Füzuli Qəşəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 293.3.6, 88.4 və 88.4.1-ci maddələrində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayət forma və məzmuna dair tələblərə riayət edilmədən verildiyindən, yəni internet televiziyalarının, xüsusən “Xural TV”-nin hüquqi ünvanı barədə sübutlar təqdim edilmədiyi üçün xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmadığından və məhz Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən, verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsin əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən hazırki şikayətdə şikayətin verildiyi tarix və yer göstərilməli olduğu halda şikayətdə onun tərtib olunduğu yer göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsin əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərarının qüvvədə olması hazırki işin məhkəmədə baxılmasına və yeni qərar qəbul edilməsinə yol vermir. Belə ki, həmin qərarda göstərilmişdir ki, «Xural TV»-in hüquqi ünvanı barədə sübutlar təqdim edilmədiyi üçün xüsusi ittiham qaydasında şikayətin məhkəmə adiyyətinin müəyyən etmək mümkün olmadığından xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında göstərilən nöqsanları aradan qaldırmadan yenidən Binəqədi rayon məhkəməsinə müraciət etmişdir və bunu onunla əsaslandırmışdır ki, «mətbuatda işıqlandırılan çoxsaylı məhkəmə işlərindən görünür ki, «Xural TV» ilə bağlı olan işlərə Binəqədi rayon məhkəməsində bağılmışdır». Məhkəmə adiyyət məsələsini bu cür əsaslandıraraq Binəqədi rayon məhkəməsinə müraciət olunmasını Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 12-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirir. Belə ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Ali Məhkəmənin Plenum Qərarının hüquqi mövqeyindən müəyyən olunur ki, böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayyətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmələrin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə adiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Adıgözəlov Füzuli Qəşəm oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-131/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-131/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver