Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-133/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus ünvan ünvanda yerləşən təmir olunan evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub, əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin həyətindən, 6.000 (altı min) manat dəyərində 200 kv.m aqlay, 500 (beş yüz) manat dəyərində oymaq işi aqlayı, hər birinin qiyməti 08 (səkkiz) manat olan 40 ədəd 320 (üç yüz iyirmi) manat dəyərində pilləkən üçün balyastırı, 1.000 (bir min) manat dəyərində karniz üçün 200 (iki yüz) panometr aqlayı, hər birinin qiyməti 38 (otuz səkkiz) manat olan 46 ədəd 1.748 (bir min yeddi yüz qırx səkkiz) manat dəyərində 18 ölçülü dikti, 01 ədəd 01 ton həcmli 195 (yüz doxsan beş) manat dəyərində və 01 ədəd 0,5 ton həcmli 140 (yüz qırx) manat dəyərində plastik materialdan olan su çənlərini, təmir olunan evin nəfəslikdən qanunsuz daxil olaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, qonaq otağından 1.600 (bir min altı yüz) manat dəyərində Ukrayna istehsalı olan 02 ton armaturu, 7.000 (yeddi min) manat dəyərində olan 250 kv.m İran istehsalı olan mərməri, vahid niyyətlə əhatə olunan qəsdlə, evin zirzəmisindən 570 (beş yüz yetmiş) manat dəyərində 02 m3dik 5 və 10-luq taxtanı, 32 ədəd (iki bağlama) 16 ölçülü konpazit boru; 04 ədəd kisədə aksesuarlar, 100 ədəd 400 metr boru, iki kisə 100,45 dərəcəli dirsəklər, iki kisə 90 dərəcəli, trap, istilik sistemi boruları və izolyasiyalı borulardan ibarət 2.000 (iki min) manat dəyərində santexnika materiallarını, iki bağlama elektrik naqilləri, 50 ədəd elektrik qutusu, 04 bağlama 400 metr qat-qat büzməli borular, 10 ədəd avtomatlar, 02 ədəd mərkəzləşdirilmiş elektrik qutusu, 02 bağlamada mis materialdan olan, mərkəzi elektrik xəttinin çəkilməsi üçün nəzərdə tutulmuş naqillərdən ibarət 1.500 (bir min beş yüz) manat dəyərində elektrik materiallarını, hər birinin qiyməti 160 (yüz altmış) manat olan 16 ədəd 2.560 (iki min beş yüz altmış) manat dəyərində «Veber» markalı izolyasiya materiallarını, hər birinin qiyməti 30 (otuz) manat 240 (iki yüz qırx) manat dəyərində 08 ədəd tolu, hər birinin qiyməti 06 (altı) manat olan 06 ədəd 36 (otuz altı) manat dəyərində mastikanı, hər birinin qiyməti 33 (otuz üç) manat olan 30 ədəd vedrədə 990 (doqquz yüz doxsan) manat dəyərində (tarsovka üzlükastar olmaqla) emusiyaları, 01 ədəd 600 (altı yüz) manat dəyərində pəncərəni və hər birinin qiyməti 50 (əlli) manat olan 03 ədəd 150 (yüz əlli) manat dəyərində pəncərəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 27.149 (iyirmi yeddi min yüz qırx doqquz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 iyul 2021-ci il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan ünvanda yerləşən yaşayış evinə nəfəslikdən qanunsuz daxil olaraq, evin tavanından hər birinin qiyməti 35 (otuz beş) manat olan 15-lik, 06 metr ölçülü 385 manat (üç yüz səksən beş) dəyərində 11 ədəd tavan millərini yerindən söküb evin döşəməsinə yığıb gizli talamaq istəmiş, lakin həmin vaxtı ev sahibi Zərərçəkmiş şəxs evə gəlib hadisə barədə polisə məlumat verdikdən sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə, cinayətə yönədilmiş əməlini başa çatdıra bilməyərək təkrarən oğurluğa cəhd etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinin pozulması hallarının aradan qaldırılması və Təqsirləndirilən şəxs1 müdafiə hüququnun, eləcə də müvafiq istintaq hərəkətlərinın yerinə yetirilməsinin tam təmin edilməsi məqsədilə cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rasim Məmmədov və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 barəsində xüsusi qərar çıxarılması, habelə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasının gedişində əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs1 müdafiə və cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Bununla bağlı cinayət işinin materialları nəzərdə keçirilərkən müəyyən edilmişdir ki, 29.11.2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə və 01.12.2021-ci il tarixli cinayət işinin materialları ilə tanış etmə protokollarında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 imzaları vardır. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Binəqədi rayon məhkəməsinə daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 29.11.2021-ci il tarixdə və 01.12.2021-ci il tarixlərdə Binəqədi RPİnin MSY-nə köçürülməmiş və həmin tarixlərdə Bakı istintaq təcridxanasında Binəqədi RPİnin İŞ-nin müstəntiqi Rasim Məmmədov tərəfindən istintaq hərərkətlərinin aparılmasında vəkil Müdafiəçi2 ilə birlikdə iştirak etməmişdir. Qeyd olunan hallardan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 faktiki olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaqın qurtarması, cinayət işinin materialları ilə tanış olmasını təmin etməyərək onun hüquqlarını pozmuşdur. Belə ki, CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 91.5.22-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin ibtidai istintaqın qurtarması barədə məlumatlandırılması və cinayət işinin materialları ilə tanış olması onun hüquqları olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə Təqsirləndirilən şəxs1 ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokollar tərtib edib iş üzrə istintaqı yekunlaşdırmışdır. Halbuki sorğu verilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktublarından Təqsirləndirilən şəxs1 29.11.2021-ci il tarixdə və 01.12.2021-ci il tarixdə Binəqədi RPİ-nin MSY-nə köçürülməməsi və həmin tarixlərdə Bakı istintaq təcridxanasında Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Rasim Məmmədov tərəfindən istintaq hərərkətlərinin aparılmasında vəkil Müdafiəçi2 ilə birlikdə iştirak etməməsi müəyyən edilmişdir. Göstərilən həmin hal 29.11.2021-ci il tarixli “ibtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxs və onun hüquqlarının müdafiəçisinə elan edilməsi haqqında”, eləcə də 01.12.2021-ci il tarixli “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolların formal olaraq tərtib olunmasını və həmin tarixlərdə müstəntiq və müdafiəçinin Bakı istintaq təcridxanasında olmayaraq göstərilən istintaq hərəkətlərinin aparılamamasına dəlalət edir. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 tərəfindən Cinayət-Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün);... 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... Beləliklə, məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284—286-cı maddələrinin tələbləri pozulduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 (bir) ay, yəni 19 fevral 2022-ci il tarixədək uzadılmalı, digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 (bir) ay, yəni 19 fevral 2022-ci il tarixədək uzadılsın.
3. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin.
Hakim: Vüsal Tağıyev