Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-133/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham Aktı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. Məhkəmə hazırlıq iclasında müdafiəçi “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili X3 cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verərək bildirmişdir ki, cinayət işinin yekununa dair tərtib edilmiş ittiham aktında AR CPMin 289.3.2-ci maddəsinə əsasən ümumi məlumat kimi cinayət işinin hansı əsasla, kim tərəfindən, kimin barəsində başlanması qeyd edilsə də, cinayət işinin hansı tarixdə başlanması qeyd edilməmişdir. Bundan əlavə ittiham aktının tərtib edilməsi formasında AR CPM-in 289.3.6-cı maddəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların qeyd edilməli olduğu göstərilsə də, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Bahadur Əhmədovun barəsində yüngülləşdirici hal kimi əvvəllər məhkum olunmaması və ilk dəfə cinayət törətməsi barədə müvafiq sənədlər olmasına baxmayaraq bu barədə ittiham aktında qeydlər etməmişdir. Həmçinin təqsirləndirilən şəxs heç bir ifadəsində özünü təqsirli bildiyini qeyd etmədiyi halda ittiham aktının bir neçə yerində Əhmədov Bahadurun özünü təqsiri bilməsi əsassız qeyd edilmişdir. Həmçinin ittiham kifayət qədər sübut edilmədiyi halda ittihamın tam sübut edildiyi qeyd edilmişdir ki, tam sübut məhkəmənin qəbul etdiyi qərarla mümkündür. Cinayət işinin 1-ci səhifəsində cinayət faktının 06 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində aşkar edilməsinə baxmayaraq 07 oktyabr 2021-ci il tarixdə müstəntiq Nahid Məmmədov tərəfindən cinayət işinin başlanması barədə qərar qəbul edilmişdir. Bu isə öz növbəsində prosessual pozuntu hesab edilir. Belə ki, CPM-in 209.2.2-ci maddəsinə əsasən tanınmamış insan meyiti aşkar edildikdə dərhal cinayət işi başlanmalıdır. Meyit xx.xx.2021-ci il tarixində saat 18:00-da aşkar edildiyi halda müstəntiqin 6 saat müddətində, yəni gün sonuna qədər bu cinayət işini başlamayaraq, işin əvvəlində prosessual pozuntuya yol vermişdir.Cinayət işinin 7-ci səhifəsində göstərilən hadisə yerinə baxış protokolunda bir sıra prosessual qanunvericiliyin pozuntusu halları aşkar edilmişdir. Belə ki, AR CPM-in 236.6.1-ci maddəsində göstərildiyi kimi baxış protokolunda vaxt qeyd edilməmiş, həmçinin hal şahidləri barədə məlumatlar tam doldurulmamış, protokolun yekununda isə hər hansısa şəxs tərəfindən ərizə və ya şikayətin olması barədə qeyd edilməmişdir. AR CPM-in 236.6.6-cı maddəsinə əsasən baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd edilməsi barədə heç nə göstərilməmiş, hadisə yerində 1 ədəd kamera aşkar edilməsi barədə qeyd olunsa da, onunla bağlı əlavə baxış protokolu yoxdur. Bundan əlavə AR CPM-in 51.3-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əl ilə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Lakin, baxış protokolunun 1-ci və 2-ci səhifələrində xeyli boş yerlər mövcuddur. Həmçinin sözügedən protokolda 1 ədəd naməlum imza mövcuddur. Bundan əlavə qeyd edilən protokolda hadisənin qırırq-qırıq üfiqi xətt üzərində baş verməsi və hadisə yerində 22 metr tormoz izinin olması qeyd edilməmişdir. Hadisə yerinin sxemin tərtib olunması isə səthi həyata keçirilmiş və ümumiyyətlə hansı hadisənin təsvir olunduğu, istiqamətlər, hərəkət nişanlarının mövcud olması, hansı işarənin hansı avtomobili təmsil etdiyi və 22 metr tormoz izinin olması göstərilməmişdir. Təqsirləndirilən şəxsin ilkin olaraq şahid kimi ifadəsinin alınması isə xx.xx.2021-ci il tarixində saat 11:20-dən 11:50-yə qədər aparılması qeyd edilsə də, şəxsin xəstəxana sənədlərindən görünür ki, həmin zaman vəziyyəti ağır stabildir. Lakin, ifadənin alınması barədə şəxsin yararlı olması barədə həkim arayışı yoxdur. Cinayət işinin 35-ci səhifəsində göstərilən “avtomobillərə baxış protokolunda” da yuxarıda göstərilən “hadisə yerinə baxış” protokolunda göstərilən nöqsanlar aşkar edilmişdir. Belə ki, baxış protokolunda saatlar qeyd edilməmiş həmçinin bir sıra boş yerlər mövcuddur. Cinayət işinin 46-cı səhifəsində “zərərçəkmiş şəxsin hüquqi varisi” qismində qardaşı Mikayıl Abbaslı tanınması protokolunda X4 cinayət işinin bitməsinə 1 ildən çox müddət qalmasına baxmayaraq AR CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. Lakin bundan sonra 3 dəfə müstəntiq AR CM-in 53.1.1-ci maddəsi ilə təqsirləndirilən şəxsi müəyyən edə bilməməsi səbəbindən cinayət işini dayandırmışdır. Həmçinin cinayət işi üzrə icraatı dayandırılması haqqında AR CPM-in 53.1.1-ci maddəsi ilə ilk dəfə qərarı müstəntiq 07 noyabr 2021 -ci il tarixində, yəni cinayət işinin başlanmasından 1 ay müddət keçdikdən sonra dayandırmışdır. Lakin AR CPM-in 53.3.1-ci maddəsinə əsasən bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda bir ay, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə dayandırıla bilər. Cinayət işinin 55-ci səhifəsində qeyd edilmiş AR Səhiyyə Nazirliyinin Ekspertiza və Pataloji Anatomiya Publik şəxsinin rəyindən əvvəl xx.xx.2021-ci il tarixli təliqəsi işin içinə tikilməmişdir. Həmçinin cinayət işinin başlanması xx.xx.2021-ci il tarixində olmaqla yanaşı təliqə də həmin tarixə tərtib olunmalı idi. Cinayət işinin 81-ci səhifəsində göstərilən “məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin etmək haqqında” qərarın təsviri hissəsində, həmçinin ekspertin cinayət işinin 88-ci səhifəsində göstərilən rəyində hadisə yeri ilə bağlı ölçülərin nəyin əsasında yazılması qeyd edilməmişdir. Əhmədov Bahadurun latın əlifbasını bilməməsinə baxmayaraq onun ifadələri 2 yerdə latın əlifbası ilə alınmışdır. Cinayət işinin 168-ci səhifəsində təqsirləndirilən Bahadur Əhmədovun dəftərxanada qeydiyyata alınmamış ərizəsi əsasında AR CPM-in 53.1.4-cü maddəsi ilə cinayət işinin dayandırılması barədə qərar qəbul edilmişdir. Halbuki, AR CPM-in 53.3.4-cü maddəsinə əsasən 53.1.4-cü maddədə nəzərdə tutulmuş halda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi əsasında dayandırılır. Təsvir olunanlara əsasən vəsatətin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini təklif etmişdir. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş aşağıdakı kobud pozuntuya görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham Aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumatda cinayət işinin nə vaxt başlandığı, habelə Təqsirləndirilən şəxs kim tərəfindən ittihamın irəli sürüldüyü göstərilməmişdir (i.v. 211-212). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.2.3-cü maddəsinə görə barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) ittiham aktının giriş hissəsində göstərilməlidir. Göründüyü kimi, İttiham Aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumatda cinayət işinin nə vaxt başlandığı və kim tərəfindən ittihamın irəli sürüldüyü göstərilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3 və 303.3.6-cı maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilir və bu pozuntu - cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməsi və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə məhkəmənin mövqeyi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilir. Eyni Məcəllənin 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması zamanı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, müdafiəçi “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili X2 vəsatətində göstərilmiş digər hallar cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas kimi çıxış etmir, qanunda həmin hallara görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması nəzərdə tutulmamışdır. Cinayət işinin materiallarından həmçinin görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 299-300 və 303-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. SƏDRLİK EDƏN ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №1(001)-133/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-133/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver