Məhkəmə qərarları › İş №1(001)-136/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-136/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-136/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Hacıqabul rayonunda anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03.11.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Dəmiryolu xəstəxanasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,835 qram heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Həmin tarixdə, saat 22:40-da Binəqədi RPİ-nin 40-cı PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən «Fərid» marketin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə, təmiz çəkisi 0,835 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. 03 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Dəmiryolu xəstəxanasının yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində narkotik vasitə heroin almışdır. Həmin günü yəni 03.11.2021-ci il tarixdə, saat 22:40-də evdə olan zaman həmin narkotik maddəni üzərində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq evdən çıxmışdır. İdarə etdiyi avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə müştəri gətirmişdir. Müştərini Sulutəpə qəsəbəsində «Fərid» marketin yaxınlığında düşürüb siqaret almaq üçün mağazaya getmişdir. Mağazadan qayıdan zaman tanımadığı iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik maddə gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə 40-cı PB-nə getməyini bildirmişlər. O, da heç bir narazılıq etmədən polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişdir. Orada xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə bildirilmişdir. O, da vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız bükümü, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən «KGTEL» markalı mobil telefonu və həmin gödəkcənin sol yan cibindən bir ədəd üzərində «SUPER+» yazısı olan alışqanı təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd gümüşü bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik maddəni 03.11.2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Dəmiryolu» xəstəxanasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədən səmimi peşman olmasını, cinayəti etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmaqla barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 03 noyabr 2021-ci il tarixdə raport əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid1la ilə birlikdə məlumat əsasında saat 03 noyabr 2021-ci il tarixdə, saat 22:40-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi «Fərid» marketin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxs özünü xx.xx.1969-cu təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onun Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət edilmişdir. Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Lakin şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmənin aparılmasına etirazı olmadığını bildirərək PB-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişlər. Həmin vaxt o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilmiş 01 ədəd gümüşü kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddə kakos adlanan nakotik vasitəni 03 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dəmiryolu” xəstəxanasının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi məqsədi ilə 10 manat müqabilində 1 bükümdə narkotik vasitə olan “Kokos” almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 04.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) “Şübhəli şəxsin tutulması haqqında” 03.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.22) 04.11.2021-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması barədə” protokoldan görünür ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız bükümü, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən «KGTEL» markalı mobil telefonu və həmin gödəkcənin sol yan cibindən bir ədəd üzərində «SUPER+» yazısı olan alışqanı təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd gümüşü bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v.35-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4899 saylı, 04.11.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN ” Zərflər üçün № 234” möhür əksi, “....Səmədov.Z ...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,835 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. (i.v.44-46) 05.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i. v.64-65) 05.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin X5 azad olunmuşdur. (i.v. 78-79) 05.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 80-81) 11.11.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız bükümü, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən «KGTEL» markalı mobil telefonu və həmin gödəkcənin sol yan cibindən bir ədəd üzərində «SUPER+» yazısı olan alışqanı təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd gümüşü bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v. 91-92) 12.11.2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.835 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsi zaman qeydə alınmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə 1 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,785 qram narkotik vasitə olan heroin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Binəqədi RPİ-nin MSK-na təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 93-94) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v.102-103) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin publik hüquqi şəxsin Ambulator X1 ekspert komissiyasının 13.11.2021-ci il tarixli, 4450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 105-106) AZE 11112299, AZE11112298 seriyalı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23.12.2014-cü il təvəllüdlü X3, X4 adlı iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28.06.2015ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, cəzasını ağırlaşdıran halların olmaması, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı 03.11.2021-ci il tarixdən 05.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində fərdi evdə yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin müvvəqəti saxlama kamerasına saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,785 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 50 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03.11.2021-ci il tarixdən 05.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0,785 qram narkotik maddə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar