Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-137/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 22 sentyabr 2021-ci il tarixdə saat 11:00 radələrində kirayəşin yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən nömrəsiz evin həyətində olan otağa gələrək orada digər kirayəşin Zərərçəkmiş şəxs otaqda olmamasından istifadə edib sonuncuya məxsus pul kisəsindən 1630 (min altı yüz) manat nağd pulu gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 21 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsinə gəlib gündəlik qalması üçün özünə ev axtarmışdır. Xocasən qəsəbəsində ev axtaran zaman gündəlik 2 (iki) manata olan bir otaqlı ev tapmışdır. Həmin evin sahibi öz həyətində bir otağı ona göstərib otaqda ondan başqa iki nəfər şəxsin qaldığını bildirmişdir. Sonra o, ev sahibi ilə danışıb, otağın pulunu verib bir az dincəldikdən sonra işə getmişdir. O, həmin günü gecə səhərə qədər yəni, 22 sentyabr 2021-ci il saat 10:00 qədər işləmiş və bundan sonra Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsinə gəlmiş və kirayəşin tutduğu otağa daxil olmuş, təxminən bir saat dincəldikdən sonra görmüşdür ki, yataq otağında olan qara rəngli çantanın içərisində bir ədəd qara rəngli, dəri materialdan olan pul qabı vardır. O, həmin pul qabını götürmüş və içərisinə baxan zaman orada 800 (səkkiz yüz) manat pulunolduğunu görüb gizlicə cibinə qoymuşdur. Pul qabını isə otaqda olan stolun altına atmış və bir qədər gözlədikdən sonra otaqdan çıxıb yaşadığı Ucar rayonunda yerləşən evinə getmişdir. 09 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı Ucar rayonunda öz evində olan zaman əməkdaşları gəlib onu Bakı şəhəri Binəqədi RPİ-nin 40cı Polis Bölməsinə gətirmişlər. Bölmədə sorğu zamanı etdiyi oğurluq əməlini etiraf edib kirayəşin qaldığı evdən 800 (səkkiz yüz) manat pul oğurladığını bildirmişdir. Həmin pul qabında 800 (səkkiz yüz) manatdan artıq pul olmamışdır. O, pulu oğurlayan zaman pul qabı otaqda olan stolun alt hissəsində olmuş, onun yanında heç kim olmamış və bunu heç kim görməmişdir. Həmin pulun bir hissəsini xəstə anasının müalicəsinə xərcləmiş, puldan qalan 100 (yüz) manatı isə istintaqa təqdim etmişdir. Ona görə də, qeyd olunanların nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünü dolandırmaq məqsədi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində satıcı işləyir. 21 sentyabr 2021-ci il tarixdə təxminən saat 19 radələrində o, kirayəşin qaldığı evin həyətində olan otaqa gəldiyi zaman görmüşdür ki, tanımadığı bir nəfər cavan oğlan da həmin otaqda yatır. Adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yuxudan ayılandan sonra onlar bir qədər söhbət etmiş və Eldar ona otaqda birlikdə kirayəşin olduğunu, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzində Meyvəli bazarında araba sürərək fəhləlik etdiyini bildirmişdir. Həmin gün saat 20 rədələrində Eldar evdən işə getdiyini deyib çıxmışdır. Həmin gün onun cibindəki qara rəngli, dəri materialdan olan pul qabının içərisinə 1630 (min altı yüz otuz) manat pul olmuşdur. Bundan sonra o həmin pul qabını da otaqda olan şkafın alt hissəsinə qoymuşdur ki, işə gedən zaman üzərində saxlamasın. 22 sentyabr 2021-ci il tarixdə təxminən səhər saatlarında kirayəşin qaldığı otaqdan çıxaraq, işlədiyi “Sədərək” ticarət mərkəzinə getmiş və həmin günü axşam saatlarında yenidən kirayəşin qaldığı evə gəlmişdir. Evə gəldiyi zaman Təqsirləndirilən şəxs həmin günü birgə qaldıqları otaqda olmamışdır. 23 sentyabr 2021-ci il tarixdə səhər saat 08 radələrində yenidən evdən çıxaraq, işlədiyi “Sədərək” ticarət mərkəzinə getmiş və həmin günü axşam qaldığı otağa qayıtmışdır. O, otaqda olan pul qabının içərisinə baxan zaman görmüşdür ki, pul qabının içərisində özünə məxsus olan 1630 (min altı yüz otuz) manat pulu yerində yoxdur. O, dərhal bu barədə həmin evin sahibi Bilal adlı şəxsə məlumat vermiş və Bilal onun qaldığı otağa gəlmişdir. Onların hər ikisi otağı yenidən axtarsalar da, pulu tapa bilməmişlər. Bundan sonra Güman etmişlər ki, pulu otaqda birlikdə qaldıqları Eldar adlı şəxs oğurlamışdır. 23 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində o baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermiş və bundan sonra Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları onun kirayəşin qaldığı otağa gələrək baxış keçirmişlər. Ona məxsus pul qabının içərisində 1630 (min altı yüz otuz) manat pulu olmuşdur və həmin pul qabını da o, otaqda olan şkafın alt hissəsinə qoymuş və həmin pulun hamısı oğurlanmışdır. Puldan başqa isə he bir əşyası oğurlanmamışdır. Həmin 1630 (min altı yüz otuz) manat puldan ona 100 (yüz) manatı qaytarılmışdır. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs az müddət olar ki tanımışdır. Təxminən 3 ildir ki ünvan 1 ünvanda yerləşən evini günlük kirayə verib gəlir əldə edir. Bir həyətdə 3 yaşayış evi vardır. Onlardan birində o və ailəsi digər ikisində kirayə qalmağa gələnlər qalır. Təxminən 3 ay əvvəl Kamran onunla əlaqə saxlayıb evində kirayə qalmaq istədiyini bildirmişdir. Həmin vaxt Valeh onun evində kirayə qalırdı. Onlar ümumilikdə aylıq 140 manat kirayə pul verib eyni otaqda qalmışlar. 21.09.2021-ci il tarixdə səhər saatlarında Eldar onunla əlaqə saxlayaraq evində kirayə qalmaq istədiyini bildirmişdir. Bundan sonra Eldara evi göstərmək üçün onu evə dəvət etmişdir. Saat təxminən 17 radələrində Eldar evinə gəlib baxıb bəyənmiş və o Eldara Kamran və Valeh ilə eyni otaqda qalacaqlarını, aylıq 70 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra Eldar onunla razılaşmışdır. Daha sonra Kamran ilə söhbət edən zaman o Kamrana otağa yeni bir nəfər kirəçi gəldiyini bildirmişdir. Kamran da ona gördüyünü demişdir. Bundan sonra 23.09.2021-ci il tarixdə saat 18 radələrində nəvəsini məktəbdən götürüb evə gətirməyə getmişdir. Məktəbin həyətində nəvəsini gözləyən zaman həyat yoldaşı Qalya ona zəng edərək Kamran adlı kirəçinin pulunun oğurlamasını bildirmişdir. O nəvəsini götürdükdən sonra təxminən evə çatmış və dərhal gedib Kamrandan nə baş verdiyini soruşmuş, bu zaman Kamran ona otaqda olan şkafın alt hissəsinə qoyduğu pul qabında saxladığı 1630 (min altı yüz otuz) manat pulun oğurlandığını bildirmişdir. Onlar otağı axtardıqdan sonra Kamran ona məxsus pulun eldar tərəfindən oğurlandığından şübhələndiyini deyib polisə zəng vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs az müddət tanımışdır. Təxminən 8-9 ay bundan əvvəl kirayə ev axtaran zaman Bilal ilə tanış olmuşdur. Bilal ona ünvan 1-da yerləşən evini göstərmiş və ona aylıq 70 manat pul verməli olduğunu demişdir. Qeyd etmişdir ki, bir həyətdə 3 yaşayış evi olmuşdur, o onların birində qalmışdır. O da Bilal ilə razılaşmış və həmin gün ona şəxsiyyət vəsiqəsinin kserosurətini vermişdir. Bundan sonra təxminən 2 ay əvvəl Kamran onun kirayədə qaldığı evə yeni kirəçi kimi gəlmişdir. Onlar birlikdə eyni otaqda qalmışdırlar. Bundan sonra onunla Kamran arasında yaxşı münasibətlər yaranmışdır. 23.09.2021-ci il tarixdə saat təxminən 19:35 tadələrində işdən evə gəlmişdir. Evə girən zaman Kamranın ağladığını görmüşdür. Ondan nə baş verdiyini soruşduqdan sonra Kamran ona dünən evə gələn Eldar adlı şəxsin onun şkafın alt hissəsinə qoyduğu pul qabında saxladığı 1630 (min altı yüz otuz) manat pulunu oğurladığını bildirmişdir. Həmin vaxt orada ev sahibi Bilal da olmuşdur. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır və həmin gün də onu görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 23.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 22 sentyabr 2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. 09.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 09.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı Zərərçəkmiş şəxs oğurladığı puldan qalmış 100 (yüz) mnatı istintaqa təqdim etmişdir. 11.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 11.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 15.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan olunmuşdur. 23.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(001)-46/2015 nömrəli hökmü ilə CM-in 185.2.4, 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib, qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında 06.05.2016-cı il tarixli qanun tətbiq edilərək Təqsirləndirilən şəxs hökmlə təqsirli bilindiyi CM-in 185.2.4-cü maddəsi CM-in 185.1-ci maddəsinə tövsif edilərək üzərində 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və sonuncu 19.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 07.12.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə tutularaq saxlanılma yerinə təhvil verilmişdir. 09.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı istintaqa verdiyi ifadəni təsdiq edərək hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 09.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 13.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 100 (yüz) manat məbləğində pul əskinası maddi sübut kimi tanınmışdır. İş üzrə Zərərçəkmiş şəxs alınmış qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübt kimi tanımış bir ədəd 100 (yüz) manatlıq əskinası Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulovdan təhvil almışdır. 01.03.2021-ci il tarixli Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(001)-46/2015 nömrəli hökmü ilə məhkum olunduğu 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaasının müddəti onun əsas cəzadan azad edildiyi tarixdən hesablanmağa başlanmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğurladığı puldan 100 (yüz) manatını istintaqa təqdim etməsini CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(001)-46/2015 nömrəli hökmü ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hazırkı vaxtadək nəqliyyat vasitələrini idar etmək hüququndan məhrum etmə cəzasını çəkib qurtarmadığından sonuncunun məhkumluğu ödənilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkumluq götürülməmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu əməllər böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan olan az ağır cinayətlər kateqoriyasına aid olduğudan sonuncunun əməlində cinayətlərin residinin olması nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran hallarn olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 oktyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən 07 dekabr 2021-ci il tarixdə tutulmuş və 09 dekabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 4 (dörd) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, 09 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixədək və 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək tutulduğu cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə CM-in 67.1-ci maddəsinə əsasən hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(001)-46/2015 nömrəli hökmü ilə məhkum edildiyi 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 11 (on bir) günü hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 100 (yüz) manatlıq pul əskinasının sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alnmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixədək və 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək tutulduğu cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən VBkı şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(001)-46/2015 nömrəli hökmü ilə məhkum edildiyi 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 11 (on bir) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 11 (on bir) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası və 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 17 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 100 (yüz) manatlıq pul əskinasının sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-137/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-137/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver