Məhkəmə qərarları › İş №1(001)-139/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-139/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-139/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Atatürk prospekti 237, bina 8, mənzil 38-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1032/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talayaraq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 10 ünvanında yerləşən binanın arxa tərəfi ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq, onun boynundan üzərində 200 manat dəyərində armud formasında qızıl kulonu olan 500 manat dəyərində qızıl boyunbağısını sol əli ilə dartaraq qırdığı zaman, sonuncuya boyun nahiyəsinin sıyrığı kimi sağlamılığa zərər vurmayan xəsarət yetirməklə özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir ki, heç bir yerdə işləmir.Eyni zamanda. «Top.az» mərc oyunlarına qurşandığı üçün maddi vəziyyəti pisləşmiş, evin kirayə pulunu verə bilməmişdir.Bu səbəbdən də oğurluq və ya soyğunçuluq yolu ilə pul əldə etmək qərarına gəlmişdir.Ona görə də, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxmış, piyada Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə getmişdir.Həmin qəsəbədə Azadlıq prospektində yerləşən aptekin qarşısında pilləkəndə oturub soyğunçuluq cinayətini törətmək üçün münasib adam axtarmışdır.Həmin gün təxminən saat 09.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 10 ünvanında yerləşən binanın arxa tərəfi ilə bir nəfər əvvəllər tanımadığı təxminən 50-55 yaşında qadının gəldiyni görmüşdür.Bundan sonra oturduğu yerdən qalxıb, həmin qadın tərəfə getmiş və qadının boynunda boyunbağı olduğunu görüb, qabaq tərəfdən qadına yaxınlaşıraq, sol əli ilə qadının boynundan boyunbağısını dartıb qırmış və həmin yerdən qaçaraq uzaqlaşmışdır.Daha sonra cinayət yolu ilə əldə etdiyi boyunbağını həmin gün aparıb Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən lombardda yoxlatmış, həmin boyunbağının 583 əyyarlı, 5,3 qram olduğu müəyyən olunmuşdur.Cinayət yolu ilə əldə etdiyi boyunbağını lombarda 260 manat müqabilində şəxsiyyət vəsiqəsinin surəti ilə təhvil vermişdir.Əldə etdiyi pulun 200 manatını evə görə kirayə pulu vermiş, qalan 60 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində 1(bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazara getmişdir.Həmin gün təxminən saat 09.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 10 ünvanında yerləşən binanın arxa tərəfi ilə piyada hərəkətdə olduğu zaman, qarşısında 10-15 metr məsafədə bir nəfər əvvəllər tanımadığı 35-40 yaş arasında şəxsin dayandığını görmüşdür.Həmin şəxs teztez dönüb arxaya baxırmış, sonuncuya yaxınlaşan zaman, həmin şəxs anidən sol əli ilə onun boynundan asılmış üzərində armud formasında qızıl kulon olan qızıl boyunbağısını dartıb qıraraq, Aydınbəyov küçəsi istiqamətinə doğru qaçmağa başlamışdır.Həmin anda o, şok yaşadığından nə baş verdiyni ilk öncə anlamamış, lakin, əlini sinəsinə çəkən zaman, boynunda kulonla qızıl boyunbağının olmadığını aşkar etmişdir.Bundan sonra, o, dərhal oğlu Emilə mobil telefon vasitəsi ilə zəng vuraraq, bu barədə məlumat vermişdir.Oğlu da öz növbəsində DİN-nin 102 zəng xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir.O, bildirmişdir ki, ona məxsus 583 əyyarlı kulonun çəkisi təxminən 3 qramdan artıq idi, dəyəri isə 200 manat təşkil edirmiş, 583 əyarlı boyunbağının çəkisi 5 qramdan artıq olarmış, dəyəri isə 500 manat təşkil edirdi.Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayətçi olmadığını və gələcəkdə də olmayacağını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 09.00 radalərində işdə olduğu zaman, anası Zərərçəkmiş şəxs ona zəng vuraraq, ona qarşı soyğunçuluq cinayəti törədildiyini, bir nəfər əvvəllər tanımadığı şəxsin boynundan qızıl kulon və boyunbağısını qırıb qaçdığını ona bildirmişdir.Bundan sonra, o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, bu barədə məlumat vermişdir.Daha sonra isə taksiyə əyləşib, anasının yanına getmiş, həmin yerə, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 10 ünvanın yaxınlığına gəldiyi zaman görmüşdür ki, artıq polis əməkdaşları hadisə yerini müayinə edirlər.Anasından hadisənin necə baş verməsini soruşduqda, sonuncu ona yaşadıqları evdən çıxıb, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazara getdiyini, həmin gün təxminən saat 09 radələrində M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 10 ünvanında yerləşən binanın arxa tərəfi ilə piyada hərəkətdə olduğu zaman, qarşısında 10-15 metr məsafədə bir nəfər əvvəllər tanımadığı 35-40 yaş arasında şəxsin dayandığını bildirmişdir.Həmin şəxs tez-tez dönüb arxaya baxırmış, anası həmin şəxsə yaxınlaşan zaman, sonuncu anidən sol əli ilə anasının boynundan asılmış üzərində armud formasında qızıl kulon olan qızıl boyunbağısını dartıb qıraraq, Aydınbəyov küçəsi istiqamətinə doğru qaçmağa başlamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində anasına ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid2 Nihad qızının elan olunmuş ifadəsinə əsasən məlum olur ki, bir neçə il olar ki, o, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən lombardda satıcı işləyir.Onun vəzifəsi lombarda gətirilən qızıl-zinət əşyalarını yoxlayıb qiymət çıxardıb qəbul etməkdən ibarətdir.xx.xx.2022-ci il il tarixdə təxminən saat 10-11 radələrində işdə olduğu zaman, dükana bir nəfər əvvəllər tanımadığı 35-40 yaşında bir cavan oğlan daxil olmuşdur.Həmin şəxs ona qızıl boyunbağısını satmaq istədiyini bildirmişdir.O, müştərinin təqdim etdiyi boyunbağıya baxdıqdan sonra, boyunbağının qızıl olduğuna əmin olmuş, həmin qızıl boyunbağı 583 əyarlı, çəkisi isə 5,3 qram təşkil edirdi.Bundan sonra müştəri öz şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və vəsiqədən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir.Daha sonra vəsiqədə olan məlumatları «qızılın alışının akt kitabı»-na qeydlər aparıb, qızılın müqabilində müştəriyə 260 manat verə biləcəyini bildirmişdir.Həmçinin, müştəri lombarda qızılı girov qoymaq istəmədiyini, boyunbağını ümumiyyətlə satmaq istədiyni bildirib, səbəbini isə girov pulunu vaxtı-vaxtında ödəyə bilməyəcəyi ilə izah etmişdir.Boyunbağının açılıb bağlanan yerində qırığı olduğundan, müştəridən boyunbağının kimə məxsus olduğunu soruşmuş, müştəri də qızılın ailəsinə məxsus olduğunu və ehtiyacı olduğu üçünü satmaq istədiyini bildirmişdir. O, müştəri Təqsirləndirilən şəxs inanaraq qızılı təhvil alıb əvəzində isə sonuncuya 260 manat məbləğində pul vermişdir.Həmin qızılın cinayət yolu ilə əldə olunmasından onun xəbəri olmamışdır.Lombard tərəfindən lom vəziyyətində alınmış bütün qızıl-zinət əşyaları əridilməsi səbəbindən, həmin qızıl boyunbağını polis əməkdaşlarına təhvil verə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Emin Musayev tərəfindən qəbul edilmiş 09 sentyabr 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1032/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən məlum olur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 180.2.4-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların isə olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, CM-nin 180.2.4-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılmasını əsas götürərək, təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu və 27 sentyabr 2022-ci il tarixdən 10 aprel 2023-cü il tarixədək «ev dustaqlığında» olduğu cəmi 7 (yeddi) ay 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən halların məcmusu və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılması əsas götürələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Bundan başqa, iş üzrə maddi subut – Şahid2 Nihad qızından götürülmüş «qızılın alışının akt kitabı» 01 ədəd A-4 formatlı qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə müki iddia, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək həbsdə və 27 sentyabr 2022-ci il tarixdən 10 aprel 2023-cü il tarixədək «ev dustaqlığında» olduğu, cəmi 7 (yeddi) ay 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. İş üzrə maddi subut – Şahid2 Nihad qızından götürülmüş «qızılın alışının akt kitabı» 01 ədəd A-4 formatlı qəbz cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ******************** .S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar