Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-14/2022 07.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Cəlilabad RPŞ-nin İB-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 24 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,501 qram çəkidə psixotrop maddə olan metamfetamini 50 manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 12:10 radələrində Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən parkda saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi rayon polis idarəsinə gətirilib üzərinə axtarış aparılarkən əynindəki tünd qara rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi – 1,501 qram olan, ağ rəngli, kristallik formada psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik maddələrdən istifadə edir və narkotik vasitələrin aludəçisidir. 24.09.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində olarkən orada anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən, bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 01 büküm “şüşə” kimi tanınan psixotrop maddə metamfetamini 50 manata almışdır. Həmin tarixdə və həmin küçədə yerləşən parkda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin inzibati binasına dəvət etmiş və o da razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunaraq şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və bu zaman polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan şalvarın cibindən psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. O, polis əməkdaşlarına psixotrop maddə olan metamfetamini 24 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata aldığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili işləmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də, ondan və Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Vüsal ilə birlikdə məlumat əsasında 24 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən parkın yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Bundan sonra Xəqanidən üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün sonuncunu Binəqədi RPİ-nə dəvət etmişlər. Xəqani də heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman Xəqaniyə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə sonuncu əynindəki şalvarın cibindən 01 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Xəqanidən həmin bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 24 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Sonra Xəqaninin üzərinə keçirilmiş baxış zamanı əlavə olaraq sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçılarının iştirakları ilə Xəqaninin üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və sonuncu tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 24.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, satması və istifadə etməsi barədə Binəqədi RPİ-nin CAŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 24.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 24.09.2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd qara rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan kəsiyinə bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 25.09.2020-ci il tarixli, 6/1974 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-172” dairəvi möhür əksi, sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1,501 qram olan ağ rəngli kristallik formada maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetamin təmiz çəkisi – 1,501 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,451 qram. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli, 5(001)-923/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 24.09.2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. 26.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 26.09.2020-ci il tarixli Binəqədi rayon prokuroru Nazim İmanovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin müstəntiqi Ramil Qabulov tərəfindən verilmiş vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 26.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 29.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yer üzrə müsbət xarakterizə olunmuşdur. AZE 18407297 və AZE 18407292 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01.01.2012-ci il təvəllüdlü X4 və 15.07.2015-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. 30.09.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və 14.09.2021-ci il tarixli Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. 19.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin CAŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki tünd qara rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan kəsiyinə bükülmüş maddəni təqdim edib, həmin bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 04.11.2020-ci il tarixli, 3097 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 03.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,501 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra metamfetaminin 1,451 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. 09.11.2021-ci il tarixdə Cəlilabad rayon prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad RPŞ-nin İB-də ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış və həmin cinayət işi üzrə sonuncu barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və sonuncu barəsində olan cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməyərək o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,451 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,451 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-14/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-14/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver