Məhkəmə qərarları › İş №1(001)-142/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-142/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-142/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1994-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, İkinci Udullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində özünə məxsus **-CU-*** qeydiyyat nişanlı yarımqoşqu furqon refrejeratoru Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsi ilə idarə edərkən piyada keçidinin qarşısında saxladıqdan sonra , piyada X14 yolu sağ tərəfdən sola doğru keçən zaman o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidə daxil olduqda sürücü nəqliyyat vasitəsini dayandıraraq piyadaya yol verməli olduğu halda həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək piyada keçidinin üzərində Günay Qurbanovanı avtomobilin qabaq hissəsi ilə vurub kəllə qapağı, əsası və üz skeleti sümüklərinin çoxqəlpəli, yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması, başın tüklü hissəsinin və alın nahiyəsinin yumşaq toxumalarının geniş ölçülü əzilmişcırılmış yaraları, döş qəfəsinin qapalı küt travması, döş sümüyünün cisminin, sağ İ və sol İİ-İX qabırğaların çoxsaylı azyerdəyişmiş sınıqları, sol ayaq pəncəsinin İİ barmağının açıq qəlpəli yerdəyişmiş sınığı, İV və V barmaqların əsas falanqalarının arxa və İ-İİİ barmaqların ayaqaltı səthlərinin əzilmiş-cırılmış yaraları, kəskin xarici qanaxma, başın, gövdənin və ətrafların geniş ölçülü sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək, zərər çəkmiş şəxs X6 aldığı kəllə qapağı, əsası və üz skeleti sümüklərinin çoxqəlpəli, yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması nəticəsində ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, “DAF” markalı 99-CU -724 qeydiyyat nişanlı qoşqulu yük avtomobili özünə məxsusdur, sürücülük vəsiqəsi olmaqla həmin avtomobili idarə edir. Həmin avtomobillə müxtəlif çeşidli yükləri daşıyıb ünvanlara çatdırmaqla çörək pulu qazanır. «Veysəloğlu» şirkəti tərəfindən sifariş olunmuş konfetləri həmin şirkətə gətirməli olduğundan 07 sentyabr 2022-ci il tarixdə o idarə etdiyi avtomobilin qoşqusunun içərisində konfet olan qoşqunu «Veysəloğlu» şirkətində qoymuş və qoşqusuz avtomobili idarə edərək şirkətdən çıxmışdır. Həmin gün saat 19:30 radələrində həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi tərəfdən 1-ci mədən küçəsi ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət etmişdir. Salonda tək olmuş, hava qaranlıq olduğundan avtomobilin fara işıqlarını yandırmışdır. İkitərəfli olan yolun hərəkət hissəsinin ikinci zolağı ilə hərəkət etmişdir. Binəqədi rayonu, 1-ci mədən küçəsində marketin qarşısında piyada zolağı olduğundan həmin zolağın qarşısında avtomobili saxlamışdır. Belə ki, ondan sol tərəfdəki marketin qarşısından yolu keçən piyadanı buraxmışdır. Ondan sağ tərəfdə avtobus dayanacağı olmuş və dayanacaqda avtobus durmuşdur. Soldan sağa keçən piyadanı buraxdıqdan sonra avtomobili hərəkətə gətirmişdir. Avtomobilin sürəti təxminən 5-10 km/saat olmuş və bu zaman hiss etmişdir ki, avtomobilin altında nəsə maneə vardır, belə ki, təkərin nəyinsə üstündən keçdiyini bilmişdir. Dərhal avtomobili saxlamış və yerə düşmüş, bu zaman avtomobilin altında qadın olduğunu görmüşdür. Dərhal 103 xidmətinə zəng vurmuş, eyni zamanda da ətrafdakılar avtomobilə yaxınlaşmışlar ki, avtomobilin altında qalan qadını köməkləşib çıxarsınlar. Meyiti avtomobilin altından çıxarmaq çətin olduğu üçün kimsə FHN- nə zəng vurmuş, ilk öncə hadisə yerinə də FHN-nin əməkdaşları, sonra isə polislər, sonda isə təcili yardım avtomobili gəlmişdir. Təcili yardım avtomobili qadının öldüyünü görüb getmişdir. FHN əməkdaşlarını köməyi ilə meyidi avtomobilin altından çıxarmışlar. Daha sonra isə meyit ekspertizaya aparılmışdır. İdarə etdiyi avtomobilin kabinəsi hündür olduğundan piyadanın piyada zolağının üstündən, yolun sağ tərəfindən sol tərəfinə keçdiyini görməmişdir. Avtomobili idarə edərkən fikrini idarəetmədən yayındıran hər hansı amil olmamışdır. Diqqətsizlik edərək yolu keçən piyadanı görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının, evli və iki azyaşlı övladı olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş mərhum Günay Qurbanova onun qızı olmuşdur. Günay Qurbanovanın birinci həyat yoldaşı X15 olmuş, onunla qeyri rəsmi nikahdan X8 və X16 dünyaya gəlmişdir. X16 evlidir. Mərhum qızının ikinci həyat yoldaşı X9 olmuşdur. Günay Qurbanova onunla da qeyri-rəsmi nikahda olmuş və həmin nikahdan Qurbanzadə Sevil adlı qızları olmuşdur. 07 sentyabr 2022-ci il tarixdə ona məlumat verilmişdir ki, qızı Qurbanova Günay yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Mərhum qızı hadisədən təxminən yarım saat əvvəl onunla mobil telefonla danışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, eyni zamanda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin ünvan 2 ünvanında avtomobil yolu olması, yolun örtüyünün eninin 8 metr, hərəkət zolağının sayının 2 olması, yolun asfalt örtüklü və quru olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X13” X27 17 nömrəli meyitin ekspertizası ekspert rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir-kəllə qapağı, əsası və üz skeleti sümüklərinin çoxqəlpəli, yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması, başın tüklü hissəsinin və alm nahiyəsinin yumşaq toxumalarının geniş ölçülü əzilmişcırılmış yaraları, döş qəfəsinin qapalı küt travması, döş sümüyünün cisminin, sağ İ və sol İİ-İX qabırğaların çoxsaylı az yerdəyişmiş sınıqları, sol ayaq pəncəsinin İİ barmağının açıq qəlpəli yerdəyişmiş sınığı, İV və V barmaqların əsas falanqalarının arxa və İ-İİİ barmaqların ayaqaltı səthlərinin əzilmiş-cırılmış yaraları, kəskin xarici qanaxma, başın, gövdənin və ətrafların geniş ölçülü sıyrıqları. Göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla 07 sentyabr 2022-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan yük avtomobili ilə urulması və sonrakı etapda təkərin baş nahiyəsi üzərindən hərəkətdə olan yük avtomobili ilə vurulması və sonrakı etapda təkərin baş nahiyəsi üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdir. X6 ölümünə səbəb kəllə qapağı, əsası və üz skeleti sümüklərinin çoxqəlpəli, yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası ilə müşayiət olunan açıq küt kəllə-beyin travması olmuşdur. X1 meyitindən götürülüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qruppu), fenoitaizin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/30068 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “DAF” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər hansı zədə və ya ləkə aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə qadın piyada yolu keçərək yolun orta hissəsinə çatdıqda yük avtomobilinin sürücüsü avtomobili hərəkətə gətirir və avtomobilin orta hissəsi ilə piyadanı vurur. xx.xx.2022-ci il tarixli “ifadələrin yerində yoxlanılmasına” dair protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X14 zərərçəkmiş şəxs qismində tanınmış, iş üzrə X5 zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (etibarlılıq müddəti xx.xx.2032-ci il) BD 507778 nömrəli “BCE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixli, 685/2022 MTBŞ nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X29 rəyindən görünür ki, X6 AB0 sistemi üzrə qan qrupu AB/İV-dür. Ekspertizaya təqdim edilmiş X10 məxsus şalvar və gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar edilməmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “B” antgenləri alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə AB/İV qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilər. xx.xx.2022-ci il tarixli, 8/2972 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “DAF” markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X18 arasında xx.xx.2019-cu ildə Hacıqabul rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X2 Mirzağa Məzahir oğlunun övladlarıdır. X5 tərəfindən Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********011 nömrəli notarial təsdiqli ərizədən görünür ki, onun yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs qarşı heç bir maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra dərhal zərərçəkmiş şəxsə kömək göstərməsini, evli və iki azyaşlı övladı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı ** CU *** dövlət qeydiyyat nişanlı yarımqoşqu furqon refrejerator, mərhum X10 məxsus şalvar, gödəkçə və yol nəqliyyat hadisəsini özündə əks etdirən mağazadan götürülmüş disk maddi sübut hesab edilmiş, “DAF” minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış və videogörüntünün yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “DAF” minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “DAF” minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar